
200 manatlıq sual: Bakı metrosunda fantastik cərimə artımının səbəbi nədir?
Bakı Metrosunda cərimələrin kəskin artırılmasının səbəbləri və təsirləri geniş müzakirə doğurur
24 Yanvar 2025
Bir neçə gün öncə Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələr fantastik məbləğdə artırılıb.
İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərilərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir. Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.
Bəzi digər qayda pozuntuları üzrə cərimələr dəyişməz qalıb. Məsələn, eskalatordan istifadə zamanı sürahinin üzərinə əşya qoymağa görə cərimə 20 manatdır.
Eskalatorun sürahisini çıxarmaq, “Stop” düyməsindən zərurət olmadan istifadə etmək, siqaret çəkmək, qatar hərəkətdə olarkən vaqonun qapılarını açmaq, qatarın hərəkətini gecikdirmək, özbaşına dəmir yoluna düşmək və ya tunellərə, xidmət otaqlarına daxil olmaq kimi hallara görə isə cərimə 50 manat təşkil edir. Həmçinin, Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov jurnalistlərə açıqlamasında bildirib ki, ötən il qayda pozuntuları ilə bağlı ümumilikdə 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun sözlərinə görə, təhlükəsizlik tələblərinə əməl olunmaması sərnişinlərin həyatını təhlükəyə ata bilər.
“Keçən il qatar stansiyaya daxil olarkən üç dəfə sərnişinlərin relslərə düşməsi halları qeydə alınıb. Təəssüf ki, bu hadisələrdən ikisi ölümlə nəticələnib. Bundan savayı, 2 dəfə də sərnişinin ehtiyatsızlığı və ya məsuliyyətsizliyi xüsusi təhlükəli vəziyyət yaradıb”, - deyə V. Aslanov vurğulayıb.
Sözsüz ki, cərimələrin məbləğində artımın olması normaldır. Amma bu cür fantastik artımın olması nə qədər normaldır? Görəsən, həmin məsələlərlə bağlı ötən il neçə hadisə baş verib ki, rəhbərlik təngə gəlib cərimələri anidən bu dərəcədə artırdı? Axı uzun zamandır heç mediada bu hadisələrlə bağlı xəbərlər də gözə dəyməyib. Dəyənlər də elə V. Aslanovun dedikləridir ki, bu rəqəmlər də insanı təngə gətirəcək həddə deyil. Yəni, bu rəqəmlərə görə birdən-birə cəriməni 30 manatdan 200 manata qaldırmaq yerinə, 50, maksimum 100 manata qalxmaq daha adekvat olmazdımı? Bundan əlavə, həmin qaydaların pozulması nə dərəcədə təhlükəlidir? Məsələn, "sərnişin-maşinist" rabitəsi hansı təhlükəni yaradır ki cəriməsi 200 manata qalxıb?
Suallara cavab tapmaq üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə müraciət etdik. Metropolitenin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov “WhatsApp” vasitəsilə ünvanladığımız sualları oxudu, amma cavab vermədi.

Amma iqtisadçı ekspert, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli Pressklub.az-ın mövzu ilə bağlı suallarını cavablandırmağa razılaşıb: “Açığı, cərimələrin niyə bu qədər artırıldığını bilmirəm. Düşünsə bilərik ki, cərimənin bu dərəcədə artması büdcənin artırılmasının bir yoludur. Amma yox. Çünki cərimələrin həcmi büdcə artımı üçün çox kiçikdir. Bu cərimələrlə büdcəni doldurmaq mümkün deyil. Ehtimal etmək olar ki, zaman-zaman kimlərsə zarafat etmək üçün hansısa formada maşınistlərin vaxtını alıb və ya yalan məlumat vermək üçün rabitədən istifadə ediblər. Həmçinin dəmir yoluna zibil atılması təhlükəli vəziyyət yarada bilər. Ona görə də bu halların qarşısını almaq üçün belə bir addım atılıb”.
Müsahibimiz hesab edir ki, cərimələrin anidən fantastik dərəcədə artması problemli deyil: “Çünki cərimələr çox aşağı idi. Və insanlar da buna məhəl qoymurdu. İndiki məbləğ isə daha məqbul hesab edilir. Qeyd edim ki, Sinqapurda yerə zibil atmaq 500 dollar cərimədir. Və yaxşı da effekt verir. Onunla müqayisədə bu cərimələrin məbləği başa düşüləndir”.
Təəssüf ki, bəzi məsələlərdə ekspertlə razılaşmamaq olmur. Həqiqətən də, insanlar, o cümlədən Azərbaycan vətəndaşları ancaq yüksək məbləğdə cərimə olunanda qadağanı başa düşürlər. Məsələn, bir müddət öncə avtobus zolağına daxil olmağın cəriməsi 40 manat idi və sürücülər tez-tez zolağa daxil olurdular. Cərimə məbləği 100 manata qaldırılandan sonra qayda pozuntusu kəskin şəkildə azalıb.
Amma ekspertin Sinqapuru misal çəkməsi bir qədər fərqlidir. Sinqapurda adambaşına düşən Ümumi Daxili Məhsul təxminən 85 min (!) dollardır. Azərbaycanda isə bu rəqəm cəmi... 7 min dollardan azacıq çoxdur.
İnsafınız olsun, Natiq müəllim.
Günay Elşən