
110 yaşlı “dünya ictimaiyyəti”
Birləşmiş Millətlər Təşkilatının “babası” niyə 27 yaşında süqut etdi?
01 İyul 2024
110 il əvvəl, 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans Ferdinand və arvadı hersoqinya Sofiya Sarayevoda qətlə yetirildilər. Bu, Birinci dünya müharibəsinin başlaması üçün qığılcım oldu. Müharibə Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlının daxil olduğu Mərkəz dövlətləri adlı koalisiyanın məğlubiyyəti ilə yekunlaşdı. Sarayevo qətlinin beşinci ildönümündə, 1919-cu il iyunun 28-də bu koalisiyasının aparıcı dövləti olan Almaniya ilə Versal sülh müqaviləsi imzalandı. Sənədin birinci hissəsi yeni beynəlxalq təşkilatın - Millətlər Cəmiyyətinin statutu haqqında idi.
Millətlər Liqasının Nizamnaməsi əvvəlcə 44 dövlət tərəfindən imzalanmışdı: onlardan 31-i savaşda Antanta tərəfindən iştirak edən, 13-ü isə bitərəf qalmış dövlətlər idi. ABŞ Nizamnaməni ratifikasiya etmədiyindən qurumun üzvü olmadı.
Nizamnamədə Millətlər Liqasının strukturu, funksiyaları və səlahiyyətləri əks olunurdu.
Qurumun əsas orqanları Assambleya (bütün üzv dövlətlərin nümayəndələrinin illik toplantısı) və mövcudluğu dövründə 107 dəfə toplanan Şura idi. Sonuncuda daimi üzvlər və Assambleya tərəfindən vaxtaşırı seçilən qeyri-daimi üzvlər təmsil olunurdu. Daimi üzvlər Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya idi. Almaniya və SSRİ də təşkilata qoşulduqda (müvafiq olaraq, 1926-cı il və 1934-cü il) Şuranın daimi üzvü oldular. Assambleya və Şura Cenevrədə toplanırdı. Baş katibin rəhbərlik etdiyi Millətlər Liqası katibliyi də burada işləyirdi.
Əsas orqanlardan əlavə, daimi və müvəqqəti komissiyalar kimi yardımçı orqanlar da vardı. Eləcə də muxtar orqanlar mövcud idi, məsələn, Beynəlxalq əmək təşkilatı, Beynəlxalq məhkəmənin daimi palatası və s.
Millətlər Liqasının rəsmi dili fransız və ingilis dilləri idi.
Qurumun ən çox üzvü 1934-cü il sentyabrın 28-dən (Ekvador üzv oldu) 1935-ci il 23 fevralına (Paraqvay çıxdı) qədər olub - 58.
Millətlər Liqası Nizamnaməsinin mühüm maddələri 8-ci, 10-17-ci və 22-ci maddələr idi. 8-ci maddədə silahlanmanın “millli təhlükəsizlik və ümumi iştirakdan doğan beynəlxalq öhdəliklərin icrasına uyğun dərəcədə” məhdudlaşdırılmasını bəyan edirdi. Belə tərif silahlanma üçün qeyri-məhdud imkanlar yaradırdı.
10-cu maddədə Millətlər Liqasına üzv ölkələrinin ərazi bütövlüyünə qarşılıqlı təminat prinsipi elan edilirdi. Qurumun nizamnaməsinin ratifikasiyasından imtina edən ABŞ senatında əsas etirazı məhz bu maddə doğurmuşdu.
İstənilən müharibə və ya müharibə ilə təhdid Millət Liqası tərəfindən “millətlərin sülhünü təsirli şəkildə qorumağa qadir” addımlara səbəb olmalı idi (maddə 11).
12-15-ci maddələr mübahisələrin arbitraj məhkəməsi, ya da Millətlər Liqasının Şurası tərəfindən araşdırılması yolu ilə həllini müəyyən edirdi. Prosedur çox qəliz idi və Şurada həmrəyliyə nail olunmadığı halda, üzv dövlət “lazım bildiyi kimi davranmaq” hüququnu özündə saxlayırdı.
14-cü maddə Şuraya Beynəlxalq məhkəmənin daimi palatasının layihəsini hazırlamağı tapşırırdı. Palata ona verilən beynəlxalq xarakterli mübahisələri həll etməli idi.
16-cı maddə təcavüz aktı həyata keçirən dövlətə qoyulacaq sanksiyalar haqda idi. Millətlər Liqasının bütün üzvləri həmin dövlətlə bütün ticari və maliyyə əlaqələrini kəsməli idilər. Şuranın 1921-ci ildə qəbul etdiyi qətnamədə təcavüzkara qarşı mübarizədə əsas vasitənin iqtisadi sanksiyalar olacağı deyilirdi.
17-ci maddə qurumun Millətlər Liqasına üzv olmayan dövlətlər arasındakı mübahisələrə müdaxiləsini nəzərdə tuturdu. Mübahisənin iştirakçısı olan qeyri-üzv dövlət Millətlər Liqası tərəfindən təklif olunan həll yollarının qəbulundan imtina edərsə və üzv dövlətlərdən birinə qarşı müharibəyə başlayarsa, ona qarşı 16-cı maddədə nəzərdə tutulan sanksiyalar tətbiq edilirdi.
22-ci maddə Almaniyanın və Osmanlı dövlətinin Ərəbistanda, Afrikada və Sakit okeandakı keçmiş ərazilərinin idarə olunmasının qaydalarını müəyyən edirdi.
***
Millətlər Liqası beynəlxalq iqtisadi siyasət və maliyyə tənzimlənməsi, beynəlxalq nəqliyyat və tranzit sistemi sferalarında, bir çox dünya ölkələrində səhiyyənin yaxşılaşdırılmasında, elmi əməkdaşlıqda, beynəlxalq hüququn kodifikasiyasında, silahsızlaşdırma üzrə konfransların təşkilində və digər sosial və humanitar sahələrdə müəyyən uğurlara nail oldu.
Tiryəkin yayılması və kölə ticarəti (əsasən qadın kölələr) üzərində nəzarət tətbiq olundu. Gənclərin hüquq və maraqlarının müdafiəsi ilə bağlı ciddi uğurlar qazanıldı.
Liqa 40-dan çox siyasi konflikti bu və ya digər dərəcədə uğurla həll etsə də, beynəlxalq təhlükəsizliyin təmin olunması yönündə təsirli tədbirlər görə bilmədi. Bu, Almaniya, İtaliya və Yaponiyanın İkinci dünya müharibəsinə hazırlaşmağa başlaması ilə daha aydın təzahür etdi.
Almaniya və Yaponiya 1933-cü ildə Millətlər Liqasından çıxdıqlarını elan etdilər (İtaliya eyni addımı 1937-ci ildə atdı). Bu, üzv dövlətlərin silahlı qüvvələrinin ixtisar olunması və özlərinin hərbi potensialı barədə informasiya mübadiləsi haqda Statutun önəmini, eləcə də silah istehsalı və ticarətinə nəzarət haqda müddəanı məhv etdi.
İtaliya 1935-ci ildə Efiopiyaya təcavüz edəndə Liqanın atdığı yeganə konkret addım Romanın xarici iqtisadi əlaqələrini məhdudlaşdırmaq qərarı oldu. Amma bu, ölkənin hərbi potensialına təsir etmədi. Yaponiyanın Mancuriyaya təcavüzünü (1931-1933) və Çinin içərilərinə irəliləməsini (1937-1939) Liqa yalnız sözlə qınadı. Qurum Almaniya və İtaliyanın 1936-1939-cu illərdə İspaniyada gedən vətəndaş müharibəsinə müdaxiləsinə də biganə qaldı.
Liqa Almaniyanın 1938-1939-cu illərdə Avstriya, Çexoslovakiya və Klaypeda vilayətini tutmasına və Polşaya hücum etməsinə, Albaniyanın İtaliya tərəfindən ilhaqına da reaksiya vermədi.
Liqanın üzvü ola-ola Finlandiyaya təcavüz edən SSRİ isə 1939-cu ilin dekabrında qurumdan xaric edildi.
Millətlər Liqasının hər bir üzvünün digər üzvlərin ərazi bütövlüyünü və siyasi müstəqilliyini müdafiə etməsi və bunun üçün üzv dövlətlərin milli hərbi kontingentlərindən birgə silahlı qüvvələrin yaradılması haqda Statutun müddəaları reallaşmamış qaldı.

1946-cı il aprelin 18-də Cenevrədə Millətlər Liqasının sonuncu Assambleyası toplandı. Nümayəndələr Liqanın səlahiyyət və funksiyalarının, eləcə də aktivlərinin (22 milyon dollar) Birləşmiş Millətlər Təşkilatına verilməsi haqda qərar qəbul edilər. Cenevrədəki Millətlər Sarayı da kitabxanası və arxivi ilə birlikdə BMT-nin oldu.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: https://ria.ru/20110418/364864854.html