"AzerGold"un satış gəlirləri 18 faiz artıb
01 May 2026
"AzerGold" QSC-nin bu ilin birinci rübündə ümumi satış gəlirləri 18 faiz artıb. Şirkətin aprelin 30-da açıqladığı hesabatda bildirilir ki, yanvar-mart aylarında beynəlxalq və yerli bazarlarda 12 min 284 unsiya qızıl və 22 min 053 unsiya gümüş satılıb. Bu əməliyyatlar nəticəsində ölkə iqtisadiyyatına 102.4 milyon manat vəsait cəlb edilib.
Gəlirlərin 91.1 milyon manatı ixracın, 11.3 milyon manatı isə yerli bazardakı pərakəndə satışın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri 26 faiz, pərakəndə satış gəlirləri isə 102 faiz artıb.
Hesabatda vurğulanır ki, "AzerGold" QSC fəaliyyət dövrü ərzində ümumilikdə 572.3 min unsiya qızıl və 1.1 milyon unsiya gümüş sataraq ölkəyə cəmi 2.04 milyard manat qazandırıb.
Azərbaycan ixracının təxminən 85 faizini neft və qaz təşkil etsə də, qızıl qeyri-neft-qaz sektorunda strateji yer tutur. Cari ildə qızılın dünya bazarındakı qiymətində ciddi dalğalanmalar müşahidə olunub: illik müqayisədə 41 faiz bahalaşma qeydə alınsa da, son bir ayda 5 faiz dəyər itirib.
Qeyri-neft-qaz ixracında qızıl liderdir
Azərbaycan bu ilin birinci rübündə 95.3 milyon dollar dəyərində qızıl ixrac edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) məlumatına görə, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac edilən malların siyahısında qızıl birinci yerdə qərarlaşıb: "Bu siyahıda meşə fındığı (68.3 milyon ABŞ dolları) ikinci, mis filizləri isə (60.8 milyon ABŞ dolları) üçüncü pillədə qərarlaşıb".
Xatırlatma
2015-ci ilin fevralında yaradılan "AzerGold" QSC qiymətli metalların hasilatını, əsasən, 1997-ci ildə imzalanmış Hasilatın Pay Bölgüsü (PSA) müqaviləsi çərçivəsində həyata keçirir. Müqavilə Naxçıvan, Gədəbəy, Kəlbəcər və Zəngilan üzrə altı yatağın işlənməsini nəzərdə tutur. 30 illik münaqişə səbəbindən Kəlbəcər və Zəngilandakı yataqların istismarı yubansa da, 2023-cü ildə suverenliyin tam bərpası ilə bu ərazilərdə fəaliyyət imkanları yaranıb.
Müqavilədə Azərbaycan tərəfinin payı 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc". şirkətinin payı isə 49 faizdir. İlk hasilat 2009-cu ildə Gədəbəydə başlayıb.