Logo
news content
User
Kateqoriyalar

Analitika

Yəhudilərin unutmayacağı gün
“O zaman zorakılıq və qan axıdılması qaçılmaz olur”

Ceremi Bouen Britaniya jurnalistikasının veteranı və 1995-ci ildən araşdırdığı Yaxın Şərq üzrə ekspertdir. Əvvəlcə BBC-nin Qüdsdə müxbiri, sonra isə region üzrə şərhçisi olub. BBC onun son hadisələr barədə məqaləsini paylaşıb. 

***

Bu istirahət günlərində İsraildə baş verənlər görünməmiş hadisələrdir. HƏMAS-ın Qəzza sektorunu İsraildən ayıran tikanlı məftilləri bir neçə yerdə yarıb keçməsi son onilliklər ərzində yəhudi dövlətinə ən ciddi hücumdur. 

İndiki basqın Misir və Suriyanın 1973-cü ilin oktyabrında İsrailə gözlənilməz hücumundan 50 il sonra həyata keçirilib. O, Yaxın Şərqin ən önəmli savaşlarından biri idi və indiki hücumu planlaşdıran HƏMAS rəhbərliyi bu tarixi yəqin ki, ağıllarında tutmuşdu.

Hər halda, İsrailin baş naziri Binyamin Netanyahu bunu yeni müharibə adlandırıb və İsrail düşmənlərinin ağır bədəl ödəyəcəklərini vəd edib. 

Sosial şəbəkələr ölü israillilərin, hərbçi və mülkilərin foto və videoları ilə doludur. 

Başqa görüntülərdə HƏMAS yaraqlıları əsir İsrail əsgərlərini və girov dinc sakinləri Qəzzaya aparırlar və bu video israilliləri xüsusilə qorxutdu. 

İsrail bu hücuma Qəzzaya endirilən hava zərbələri ilə dərhal cavab verdi və xeyli sayda fələstinli öldürüldü. Növbəti addım, çox güman, İsrail ordusunun (Tsahal) yerüstü əməliyyatı olacaq. Amma bu dəfə HƏMAS-ın əlində girovlar olduğundan Fələstin sektorunda əməliyyat İsrail hərbçiləri üçün xeyli çətin olacaq. 

İsrail və Fələstin hərbi qrupları arasında qarşıdurmada yeni eskalasiya riskinin artdığı xeyli müddətdir ki, aydın idi. Amma partlayışın harada və necə baş verməsi hamı üçün (HƏMAS rəhbərliyində təmsil olunanlardan başqa) sürpriz oldu. 

İsraillilərin və fələstinlilərin əsas diqqəti Qüdslə İordaniya sərhədi arasında yerləşən İordan çayının qərb sahilinə yönəlmişdi. İsrail həmin ərazini 1967-ci ildə işğal edib və bu il ərzində məhz burada az qala daimi konfrontasiya və zorakılıq halları müşahidə olunurdu.  Silahlı Fələstin dəstələri - xüsusən Cenin və Nablus şəhərlərindən – İsrail əsgərlərinə və yəhudi məskunlara hücum edirdilər. Cavab olaraq, Tsahal onlarla reyd keçirirdi. Bəzən məskunlar “məhkəməsiz ədalət” həyata keçirir, fələstinlilərin kəndlərini cəzalandırırdılar.

Netanyahu hökumətindəki dini ulltramillətçilər işğal olunmuş bütün torpaqların yəhudilərə məxsus olduğunu söyləyirlər. 

Kimsə HƏMAS-ın Qəzzadan belə mürəkkəb və koordinasiyalı əməliyyat keçirəcəyinə inanmırdı. 

Geniş informator və agent şəbəkəsinə, üstəlik, yüksək texnologiyalı izləmə sisteminə malik kəşfiyyat xidmətlərinin uğursuzluğuna görə İsraildə artıq günahkar axtarışına çıxılması təəccüblü deyil. 

İsraillilər dini bayramla üst-üstə düşən istirahət günlərində dincələrkən və ya ibadət edərkən kəşfiyyat HƏMAS-ın hücumunu gözdən qaçırdı. 

HƏMAS öz hərəkətini Qüds məscidlərinin təhlükədə olması ilə izah etdi. Ötən həftə bəzi yəhudilər Məkkə və Mədinədən sonra İslamın üçüncü müqəddəsatı olan əl-Aqsa məscidində ibadət ediblər. 

Məscidin yerləşdiyi kompleks yəhudilər üçün də müqəddəs sayılır: Bibliyada adı keçən yəhudi məbədi burada yerləşib. Yəhudinin Məbəd dağında ibadəti bəzilərinə adi görünə bilər, amma bu, İsraildə qadağan edilib və fələstinlilərin gözündə böyük təxribatdır. 

Amma həmişə milli və dini konfliktlərin barıt çəlləyi olan Qüdsdə belə bu, xüsusi gərginlik yaratmadı.

HƏMAS əməliyyatının mürəkkəbliyi onun çox aylar ərzində hazırlandığından xəbər verir. Bu, Qüdsdə bir həftə əvvəl baş verən hadisəyə fövri cavab deyildi. 

HƏMAS və İsrail arasından növbəti müharibənin səbəbləri daha dərindədir. Ümumiyyətlə, israillilər və fələstinlilər arasında konflikt qəzet başlıqlarında olmayan zaman belə dayanmayb. 

Bununla belə, indiyə qədər “iki xalq üçün iki dövlət” (yəni İsraillə yanaşı Fələstin dövlətinin də mövcudluğu) əsasında sülhə çağıran ölkələr bu faktı inkar ediblər. Bir zamanlar, 1990-cı illərdə Oslodakı sülh danışıqları zamanı iki dövlət yaranması perspektivi gerçək görünürdü. İndi isə heç bir məzmunu olmayan şüardır. 

Fələstin-İsrail konflikti Co Bayden administrasiyası üçün heç zaman prioritet olmayıb. ABŞ son illər Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək yolunu Ər-Riyadın Tel Əvivlə yaxınlaşmasında görürlər.

Amerikalılar Yaxın Şərq sülh prosesini işə salmağa sonuncu dəfə 10 il əvvəl, Barak Obamanın prezidentliyi dövründə cəhd ediblər.  

Problemin kökü – Aralıq dənizi ilə İordan çayı arasında yerləşən torpağa görə ərəblər və yəhudilər arasında bir əsrlik konfliktin həll olunmamasıdır. İndiki hadisələr bir daha göstərir ki, bu konflikti sadəcə idarə etmək olmaz. Onu yaddan çıxaranda irin toplanır. 

O zaman zorakılıq və qan axıdılması qaçılmaz olur. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/crg1056k614o