Logo
news content
User
Kateqoriyalar

Analitika

YAP əyləci basıb...
Seçici siyahısında yenə 1 milyon adam yoxdur

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq dövrünün təxminən 3 həftəsi geridə qalıb. Bu, kampaniyaya ayrılmış cəmi 2 aylıq müddət üçün əhəmiyyətli zaman itkisidir. Ona görə “itki” yazırıq ki, Mərkəzi Seçki Komissiyası texniki baxımdan öz işini görməyə çalışsa da, seçki prosesinin digər iştirakçıları qeyri-müəyyənlik, çaşqınlıq içərisindədirlər. Çünki hakim Yeni Azərbaycan Partiyası (YAP) hələ də namizədlər siyahsını elan etməyib. Bitərəf, başqa partiyaların namizədləri adətən iqtidar partiyasının hansı seçki dairələrinə önəm verəcəyini bilmək, daha sonra YAP üçün prinsipial olmayan seçki dairələrində şanslarını sınamağa çalışır. Hakim partiya da özünə olan fövqəladə ehtiyacı yaxşı qiymətləndirir və belə görünür, zamanı daha da daraltmaq üçün kritik müddətə qədər gözləmək niyyətindədir. 

Seçki təqiviminə görə, partiyalar və bitərəflər namizədlərini, imzalarını seçki elan olunduqdan sonrakı 1 ay müddətində MSK-ya və DSK-lara təqdim etməlidirlər. Beləliklə, təyin olunan son tarix avqustun 2-dir və hələ də namizədliyini irəli sürməyən şəxslər üçün iki həftədən bir qədər çox vaxt qalır. Məsələ burasındadır ki, gözləmə mövqeyində olanların əksəriyyəti VI çağırş Milli Məclisin bitərəf üzvlərdir, onların arasında tək-tük deputatlar sənədlərini DSK-ya təqdim edib. Belə görünür, onlar YAP-ın siyahısı ilə bərabər, həm də hökumətin xeyir-duasını almağı gözləyirlər. Bu da seçki prosesində aktivliyi aşağı salır. MSK-nın son məlumatına görə, indiyə qədər 431 nəfər namizəd olmaq üçün müraciət edib, onlardan cəmi 231-nin namizədliyi təsdiqlənib, 213 nəfərə imza vərəqələri verilib. Hələlik cəmi 9 nəfər imza vərəqələrini DSK-lara geri qaytarıb. 

Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış siyasi partiyaların, AXCP istisna olmaqla, əksəriyyəti seçkilərdə iştirak etməklə qərar verib və seçki dairələri üzrə namizədlərini açıqlayıb. Hələlik heç bir partiya bütün dairələr üzrə namizədlər irəli sürməyib, ən yaxşı halda, onların sayı 50-ni keçmir. Məlumdur ki, namizədlərin əksəriyyəti heç bir seçki hazırlığı, resursları olmayan, ictimaiyyətin tanımadığı şəxslərdir. Partiya sədrləri adətən görüntü yaratmaqla bərabər, özlərinin və və çox yaxın ətraflarında olan 1-2 nəfərin deputat olmasına çalışır. Əsas məsələ Milli Məclisə düşmək və büdcədən siyasi partiyalar üçün nəzərdə tutulmuş stabil maliyyə yardımını almaqla, “sistem partiyasına” çevrilməkdir. Bu da tamamilə seçki prosesinə hakim olan iqtidarın istəyindən və seçimindən asılıdr. Bunu bəzi partiya sədrləri (ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu və s.) mətbuata açıqlamalarında da etiraf ediblər.  

Seçki prosesi ilə bağlı bu günə qədər məlum olan problemlərdən biri də seçici siyahıları ilə bağlıdır. Belə ki, ötən həftə Prezidentin köməkçisi Zeynal Nağdəliyev ölkədə 6 milyon 334 min 444 min seçici olduğunu bildirib. Bu rəqəm 2020-ci il parlament seçkilərində açıqlanmış 5.4 milyona yaxın seçici sayı ilə müqayisədə 1 milyon nəfərə yaxın artıqdır. Amma yenə də əhalinin ümumi statistik sayı ilə müqayisə olunduqda, vətəndaşların əhəmiyyətli hissəsinin seçkidən kənarda qaldığı aydın olur. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il may ayının 1-nə Azərbaycanda 10 milyon 193 min 571 vətəndaş mövcuddur. Statistika qurumunun son məlumatlarına görə, ölkədə səsvermə hüququ olmayan 0-17 yaşlı uşaqların sayı 2 milyon 634 milyon, 17-18 yaş aralığında olan yeniyetmələrin sayı isə təqribən 100-110 min nəfərdir. Bu rəqəmləri ölkə əhalisinin ümumi sayından (10 milyon 193 min 571) çıxsaq, 1 milyon 124 min 556 min nəfərin adlarının seçici siyahısında olmadığı üzə çıxır. 

Mərkəzi Seçki Komissiyası bu barədə hər hansı açıqlama verməyib. 

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Pressklıub.az-a bildirib ki, bu problem uzun illərdir ki, var. "Problemin yaranmasının səbəbləri əhalinin siyahıya alınmasının düzgün aparılmamasıdır. Seçici siyahıları adətən kəndlərdə icra nümayəndlərindən, rayonlarda MİS-lərdən və digər komunal təsərrüfat birliklərindən götürülmüş sihayı üzrə tərtib edilir”, - o, əlavə edib. Süleymanlı onu da qeyd edir ki, statistika idarəsi ilə uyğunsuzluqların yaranmasının səbəbi bu siyahıyaalmanın düzgün aparılmaması ilə bağlıdır: “Əvvəllər seçicilərin sayı az idi, ötən seçkilərdə bu rəqəmin birdən-birə 1 milyon nəfər artdğı bildirildi. Bunu da karantin dövründə əhalinin xaricə çıxa bilməməsi ilə əlaqələndirdilər. Amma real siyahıyaalma aparılsa, ehtimal ki, həm əhalinin, həm də seçicilərin sayında azalma müşahidə ediləcək”.

Turqut