Logo
news content
User
Kateqoriyalar

Analitika

XİN-də mənimsənilən 2,5 milyonun nə qədəri geri qayıtdı? 

Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və bu idarənin tabeliyindəki Təsərrüfat şöbəsinə rəhbərlik etmiş Səlim Əlizadə 2 milyon 543 min manatlıq yeyintidə ittiham olunur. Adları çəkilən sabiq məmurlar ötən il iyulun 3-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının bu nazirlikdə keçirdiyi əməliyyat nəticəsində həbs olunsalar da, hazırda hər ikisi ev dustaqlığındadır. Daha dəqiqi, onlar təxminən 5 ay yarım həbsdə saxlandıqdan sonra – 2020-ci il dekabrın sonunda barələrində həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıblar.

XİN-in keçmiş vəzifəli şəxslərinin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Fərhad Mollazadə həm də nazirliyin Tender Komissiyasının sədri olub. Cinayət işinin materiallarından belə məlum olur ki, 2.5 milyonluq yeyinti də tender yoluyla həyata keçirilib. Nazirlikdə dəftərxana ləvazimatlarının, hədiyyələrin, suvenirlərin və s. alınması üçün tenderlər elan edilib. Bu tenderlərdə heç bir fəaliyyəti olmayan şirkətlər “qalib gəlib”. Ayrılmış vəsait şirkətlərin hesabına köçürülüb. Həmin vəsait nağdlaşdırılıb, şirkət rəhbəri və ya vasitəçiyə ümumi məbləğin 2-3 faizi qədər qazanc, həmçinin, vergi ödənişindən ötrü pul verilib. Qalan vəsait isə XİN-ə qayıdıb.

Fərhad Mollazadə və Səlim Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə)308.2 (vəzifə səlahiyyəyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Məhkəmədə onlar ittihamlara münasibət bildirərkən özlərini qismən təqsirli bildiklərini deyiblər. Hakim XİN-in keçmiş vəzifəlilərinə ifadə verməyi təklif etsə də, onlar indiki mərhələdə bundan imtina ediblər - deyiblər ki, ifadə verəcəklər, amma indi yox, nazirliyin nümayəndəsi və şahidlər dindiriləndən sonra...

XİN bu işdə zərərçəkmiş statusundadır. Nazirliyin nümayəndəsi iş üzrə hesablanmış 2 milyon 543 min 173 manatlıq ziyanın tam ödənilməsini tələb edib. Fərhad Mollazadənin vəkili Kamandar Nəsibov bildirib ki, bu məbləğin bir hissəsi ödənilib. Bu məsələ iş materiallarında da əksini tapıb. 

Vəkil məhkəmədə konkret rəqəmi açıqlamasa da, “Press Klub” nə qədər məbləğin ödənildiyi barədə məlumat əldə edib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən Fərhad Mollazadə istintaq dövründə dövlətə 2 milyon 300 min manat ödəyib.

Bu cinayət işində ən çox adı hallananlardan biri də “Muğanbank”ın əməkdaşı Rövşən Məmmədovdur. O, əvvəllər “Amrahbank”da işləyib, XİN-in tender əməliyyatlarının bir çoxu da orada həyata keçirilib. “Mən Səlim müəllimi tanıyıram. Bankda şirkətlərin hesabları vardı. Şirkətlərlə Səlim müəllimi tanış eləmişdim. O şirkətlər tenderdə iştirak edirdi, qalib gəlirdi, hesablarına pul köçürdü. Direktorlar pulları çıxarırdı. Səlim müəllim gəlib pulları götürürdü”, - deyə R.Məmmədov ifadəsində söyləyib. Prokuror soruşub ki, onun bu işdə marağı nə idi? Çünki azı 8-9 tender əməliyyatında vasitəçilikdə adı keçir. “Mənim qazancım bu idi ki, bankın dövriyyəsi çox olurdu”, - Rövşən Məmmədov suala belə cavab verib.

XİN-in tenderlərində qalib elan edilən şirkətlərdən birinin rəhbəri Rza Hümbətəliyev ifadəsində deyib ki, sənədləşmə onun adına olsa da, heç nədən xəbəri yoxdur: “Mənim bunlardan başım çıxmır. Hər şeyi Rövşən müəllim həll edirdi, pulu da o çıxarırdı. Mənə faiz verirdi. Mənim adıma şirkət açıldı, Rövşən müəllim işlətdi. Hər dəfə pul köçürüləndə mənə də 2 faiz verirdi. Məsələn, 100 min manat pul köçürülürdüsə, 2000 manat mənə verirdi, mən də xərcləyib dolanırdım. Başqa heç nə bilmirəm...”

XİN-in sabiq məmurlarının mühakiməsi davam edir.

Gülər