Xəstələrin nəfəsini kəsən süni tənəffüs aparatları...
13 May 2020
Son günlər Rusiyanın 2 xəstəxanasında – Sergey Spasokukotskiy adına Moskva şəhər Klinik Xəstəxanası və Sankt-Peterburqdakı Müqəddəs Georgi Xəstənanasında yanğınlar baş verib. Koronavirus xəstələrinin müalicə olunduğu bu xəstəxanalarda mayın 9-da və 12-də baş vermiş yanğınlar nəticəsində 6 xəstə ölüb.
Hər iki yanğına süni tənəffüs aparatları səbəb olub. Yanğın məhz ağır koronavirus xəstələrinin qoşulduğu bu cihazlardan qaynaqlanıb. Söhbət Radioelektron Texnologiyaları Konserninə daxil olan Ural Cihazqayırma Zavodunun ustehsal etdiyi “Aventa-M” aparatlarından gedir. Koronavirus yayıldıqdan sonra bu aparatlara tələbat artıb. Martın sonunda Rusiya hökuməti tibb müəssisələrinin ehtiyacları üçün süni nəfəsalma aparatları təqdim edən yeganə tədarükçü kimi məhz Radioelektron Texnologiyaları Konsernini müəyyən edib. (Yenə inhisarçılıq bəlası...) Aprel ayında Konsern Rusiya xəstəxanalarına 8,7 min ədəd cihaz hazırlamaq üçün mərkəzi və regional hökumətlərlə müqavilə bağlayıb. Ural Cihazqayırma Zavodu sifarişləri yerinə yetirmək üçün öz istehsal gücünü 10 dəfə artırıb.
Lakin yanğınlardan sonra Rusiya xəstəxanaları bu aparatları qəbul etməkdən imtina etməyə başlayıblar. Səhiyyə sahəsinə nəzarət üzrə Federal Xidmət – “Roszdravnadzor” da “Aventa-M”lərdən istifadəni dayandırmaq barədə qərar qəbul edib.
Maraqlı detal budur ki, Rusiya bu aparatlardan bəzi ölkələrə , o cümlədən ABŞ-a da göndərib. Aprelin əvvəllərində Rusiya hölkuməti koronavirusdan əziyyət çəkən ABŞ-a humanitar yardım, o cümlədən fərdi müdafiə vasitələri və süni tənəffüs aparatları göndərildiyini gen-bol təbliğ edirdi. Lakin az sonra ABŞ Dövlət Departamenti bunun humanitar yardım olmadığını və adı çəkilən vasitələri pulla aldıqlarını açıqladı. Rusiya XİN faktı təsdiqlədi, eyni zamanda bildirdi ki, satış bazar qiymətlərindən aşağı qiymətə olub, pulun bir hissəsini isə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu ödəyib.
İndi məlumat yayılıb ki, ölüm saçan “Aventa-M” cihazlarının paylandığı ABŞ ştatları da Rusiyadakı yanğınlardan sonra bu cihazları geri qaytarmağa başlayıblar. ABŞ-ın Fövqəladə Hallar üzrə Agentliyi (FEMA) hələlik ölkənin heç bir xəstəxanasında bu aparatların işə salınmadığını açıqlayıb.
Yəqin ki, bundan sonra da işə salınmayacaq...
Press Klub