Logo
news content
User
Kateqoriyalar

Analitika

Xaricdən Azərbaycana göndərilən pul baratları azaldı

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana daxil olan pul baratlarının miqdarı 372 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% azalma deməkdir. 2019-cu ilin ilk 6 ayında xarici ölkələrdə çalışan həmvətənlərimiz banklar vasitəsilə vətənə 495,4 milyon dollar göndərmişdi. Bu il onların ölkəyə (ailələrinə, yaxınlarına) göndərdikləri pulun miqdarında ciddi azalma var.

Azalmanın səbəbləri nədir və Azərbaycana, ölkə iqtisadiyyatına təsiri necə olacaq?

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bunun əsas səbəbi koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimləridir:

“Pullar Azərbaycana daha çox Rusiya, Ukrayna və Türkiyədən gəlir. Həmin ölkələrdə də bizimlə paralel olaraq, ciddi karantin rejimləri tətbiq olundu və azərbaycanlıların ən çox çalışdığı ictimai iaşə sahəsində, iri ticarət mərkəzlərində və bazarlarda qapanmalar baş verdi. Bu da həm dövriyyəni, həm də gəlirləri xeyli dərəcədə aşağı saldı. Nəticə etibarilə Azərbaycana göndərilən vəsaitin həcmində ciddi azalmalar oldu”.

Ekspertin sözlərinə görə, rəsmi rəqəmlərdən əlavə, qeyri-rəsmi səviyyədə azalmalar da var:

“Çünki sərhədlər açıq olanda heç bank vasitəsilə yox, cibdən-cibə, əldən-ələ də pul göndərənlər çox idi. Orada da ciddi azalmalar var, sərhədlər bağlıdır”.

N.Cəfərli qeyd etdi ki, xaricdən daxil olan vəsait Azərbaycan iqtisadiyyatının əsas donorlarından biri idi və ölkədəki ticarət dövriyyəsinə, alıcılıq qabiliyyətinə ciddi təsir göstərirdi:

“Həm də, bu vəsaitlər sosial gərginliyin azalmasında kifayət qədər ciddi rol oynayırdı, əsasən də regionlarda bu, özünü daha çox göstərirdi. Daxil olan pulların azalması ölkədə ticarət dövriyyəsinə, əsasən regionlarda yaşayan və Rusiya kimi ölkələrdən gələn vəsaitlər hesabına öz problemlərini həll edən əhalinin alıcılıq qabiliyyətinə, dolanışığına mənfi təsir göstərəcək”.

Ekspert güman edir ki, bu ilin sonuna qədər azalma tendesiyası davam edəcək:

“Çünki ölkələrin iqtisadiyyatında baş verən proseslər çarxların birdən-birə işə düşəcəyinə və qısa müddətdə əvvəlki vəziyyətə qayıdacağına işarə etmir. Buna zaman lazımdır. Ən azı ilin sonuna qədər bu azalma tendensiyasını izləyəcəyik”.

Ülviyyə Şahin