Logo
news content
User
Kateqoriyalar

Analitika

Xalqın ümidlərinin 9 fevral sınağı 

Müəllif: Şahin Cəfərli

Bazar günü “növbədənkənar” yeni parlamentimizi seçəcəyik. Seçki kampaniyası başa çatmaq üzrə olduğundan bəzi yekunları qeyd etmək mümkündür.  

Kampaniya boyunca bəzi suallara aydınlıq gətirilmədi. Məsələn, əvvəlki tərkibin niyə buraxıldığı və növbəti seçkiyə 1 ildən az müddət qalmasına baxmayaraq, qışda tələm-tələsik erkən seçki keçirməyin zərurəti xalqa ətraflı izah olunmadı. Sadəcə, deyildi ki, köhnə Milli Məclis aparılan islahatlarla ayaqlaşa bilmir. Halbuki islahatlara dair hansısa qanunvericilik təşəbbüsünün MM-də bloklandığına, yaxud gecikdirildiyinə dair fakt yoxdur. Əksinə, parlamentimiz gün ərzində 30-40 məsələyə baxıb, təqdim olunan bütün sənədləri təsdiqləməsi sosial media istifadəçilərinin ironiyasına səbəb olmuşdu. Şəbəkə fəalları yazırdılar ki, Bakının heç bir notariat kontoru bu qədər sürətlə işləmir. Yəni Prezident Administrasiyasından gələn layihələrin ən operativ qaydada qəbulunda problem yox idi. 

İctimaiyyətin məntiqi izahını tapmaqda çətinlik çəkdiyi digər fakt isə “bizi buraxın” çağırışı ilə prezidentə müraciət edən Milli Məclisin bir çox üzvünün təkrar - özü də hakim partiyanın rəsmi namizədi qismində seçkiyə qatılması məsələsidir. Prezidentə müraciətlərində “Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə” (sitat müraciətdəndir) ehtiyac olduğunu, başqa sözlə, özlərinin bu vəzifələrə və meyarlara uyğun gəlmədiyini vurğulayan şəxslərin yenidən deputatlığa iddiaçı kimi xaqın önünə çıxması sual və etiraz doğurdu.  

Əlbəttə, siyasi dairələr, şərhçilər, ümumən diqqətli müşahidəçilər bu sualların cavablarını az-çox bilir və ya təxmin edirlər. Problem budur ki, hakimiyyət öz qərarları barədə ictimaiyyətə lazımi dərəcədə izahat vermir, şablon təbliğat tezislərindən fərqlənən məlumatlandırma aparmır və beləliklə, müxtəlif şayiələrin, spekulyativ iddiaların ortaya çıxması üçün zəmin yaratmış olur.   

Kampaniya necə keçdi? 

Bəzi seçki dairələrində namizədlərin təbliğat-təşviqat işi nəticəsində seçici fəallığı hiss olunsa da, ümumilikdə ölkə miqyasında qaynar və gərgin seçki kampaniyasına şahid olmadıq. Parlament seçkiləri kimi vacib, ümummilli siyasi proses xeyli sönük təsir bağışladı. Burada müxtəlif amillərin təsiri var. 

Seçkinin vaxtından əvvəl, qəflətən elan olunması, təbliğat üçün qanunda az müddətin müəyyənləşdirilməsi (23 gün), televiziyaların namizədlərə, seçki debatlarına yer ayırmaması və ənənəvi mediada söz azadlığı ilə bağlı problemlərin qalması, ümumilikdə ölkədə hüquq və azadlıqların təminatı sahəsində vəziyyət, siyasi partiya institutunun zəif inkişaf etməsi, müxalif qüvvələrin resurslarının çox məhdud olması, aparıcı müxalifət partiyalarından birinin boykot qərarı öz neqativ təsirini göstərdi. Bütün bu səbəblər toplusu ona gətirib çıxardı ki, Azərbaycanın ciddi, köklü problemlərinin həllinə dair müzakirə və mübahisələr, siyasi partiyaların bu sahədəki proqram sənədləri, vədləri gözə dəymədi, eşidilmədi. Namizədlərə haqsızlıq etməyək: onlardan bəziləri istər sosial mediada, istərsə də seçicilərlə görüşlərində çox mövzulara toxundular, fikirlərini açıqladılar. Amma bu, lokal çərçivədə qaldı və ölkə gündəminə gəlmədi. Ümumiyyətlə, Azərbaycanda tətbiq olunan seçki sistemi də parlament seçkilərinin ölkə miqyaslı siyasi hadisəyə çevrilməsinə mane olan amillərdən biridir. Bizim kimi sosial problemlərin başdan aşdığı, seçkili yerli özünüidarəetmə sisteminin hələ inkişaf etmədiyi cəmiyyətlərdə majoritar sistem parlament seçkilərini bələdiyyə seçkilərinin səviyyəsinə yaxınlaşdırır – o baxımdan ki, seçicilər namizədlərin qarşısında daha çox həmin seçki dairəsinin ərazisində mövcud olan, gündəlik qarşılaşdıqları problemləri qaldırıb, həllini tələb edirlər. Düzdür, deputat öz statusundan, çəkisindən istifadə edərək məhəlli problemlərin həllinə töhfəsini verə və seçicilərin dərdlərini müxtəlif dövlət orqanlarının qarşısında qaldıra bilər. Amma parlamentin və onun üzvlərinin əsas vəzifəsi bu deyil. Parlament qanunverici orqan kimi bütövlükdə ölkənin idarə edilməsi, onun daxili və xarici siyasəti ilə əlaqəli çox geniş spektrli məsələlərə baxan, həll edən mühüm dövlət orqanıdır. Məsələn, Azərbaycanda barəsində çox danışılan, amma hələ ki hansı sahələri əhatə edəcəyini və hansı addımlardan ibarət olacağını bilmədiyimiz islahatların hüquqi-qanunvericilik bazası Milli Məclisin müzakirəsindən və təsdiqindən keçməlidir. Yaxud Qarabağ məsələsinin həllində qərar mərhələsinə gəlib çatdıqda parlament üzvləri xalqın nümayəndələri kimi öz sözlərini deməlidirlər... 

...“Xalqın nümayəndələri” ifadəsini yazanda dərhal ağlıma gələn bu oldu ki, 9 fevral seçkisindən sonra MSK-dan mandat alacaq şəxslər həqiqətən xalqın səs verdiyi insanlar olacaq, yoxsa bu parlament seçkiləri də ənənəvi qaydada keçəcək? Bu suala 10 fevralda alacağımız cavabın Azərbaycanda siyasi proseslərin sonrakı inkişafına və ümumən ölkəmizin, onun vətəndaşlarının taleyinə təsiri olacaq. Seçkilərin ATƏT-in standartlarına tam uyğun olmayacağını söyləyə bilərik, çünki prosesin demokratikliyi təkcə səsvermə günü baş verənlər əsasında ölçülmür. Bu səbəblə, beynəlxalq müşahidəşilərin seçkiqabağı durumla bağlı qiymətləndirmələrində tənqidlər var. Amma səslərin sayılması, protokollaşdırılması və MSK-da təsdiqi minimal demokratik standartlara uyğun olmalıdır ki, vətəndaşlar da, iştirakçılar da, obyektiv xarici müşahidəçilər də bu seçkini həqiqi mənada irəliyə doğru addım kimi qiymətləndirsinlər. Xalqın iradəsi diqqətə alınmalıdır: həm səsverməyə gələnlərin, həm də seçkiyə inamını itirmişlərin. Əgər vətəndaşların seçki institutuna öləzimiş inamına növbəti dəfə zərbə vurulacaqsa, onda hansı ciddi islahatdan söhbət gedir?..