Logo
news content
User
Kateqoriyalar

Analitika

Xaləddin İbrahimli: “İqtidar nə edəcəyini bilmir, planı yoxdur”

Türkiyədə yaşayan azərbaycanlı tarixçi, professor Xaləddin İbrahimli ilə regionda, ölkədə baş verən hadisələri dəyərləndirdik. Yaxın perspektivdə hansı proseslər cərəyan edə bilər, ölkəmizi, regionu nələr gözləyir? old.pressklub.az X.İbrahimli ilə müsahibəni təqdim edir:

- Azərbaycanda və regionda gedən prosesləri izləyirsiniz. Yaxın zamanlar üçün proqnozlarınız nədir, qarşıda bizi nələr gözləyir? Dünyada və Azərbaycanda yeni tendensiyalar nələr ola bilər?

- Pandemiya dönəmində dövlətlərin demək olar ki, hamısında avtoritarizmə meyl artdı. Dövlətin total kontrolu gücləndi, polis “vətəndaşı qorumaq üçün” bir cəzalandırıcı kimi davranmaga başladı. Siyasi hakimiyyətlər parlamentləri prosesdən kənarda tutaraq və daha çox güc strukturlarına istinad edərək qərarlar qəbul etdilər. Hətta ABŞ prezidenti hakimiyyətini “total güc” adlandırdı. Çin, İsrail, Rusiya və Cənubi Koreya vətəndaşların dijital izlənməsini və üz tanımalarını gerçəkləşdirdi. Türkiyədə bu, bələdiyyələrin prosesdən kənarda qalması istiqamətində xəfif təşəbbüslərdə özünü büruzə verdi.

- Azərbaycanda bəs necə?

- Azərbaycanda SMS-lə icazə almaq kimi ilginc bir yol tətbiq olundu. Belə misalları uzatmaq olar. Bütün bunlar təbii haldır. Çünki dərin böhranlar, müharibələr, təbii fəlakətlər və bənzər başqa hadisələr ortaya çıxanda dövlət bütün məsuliyyəti üzərinə götürməlidir, bu zaman da istər-istəməz avtoritarizm güclənəcək.

- Maraqlı olan sonrakı proseslərdir...

- Bəli. Əsas məsələ vətəndaşların yavaş-yavaş haqlarını geri alması və toplumda dəngənin bərqərar olmasıdır. Bu, asan olmayacaq. Çünki dövlətlər çox zaman mövqelərini əldən vermək istəmir. Bu məntiq onu deyir ki, irəlidə vətəndaşlar daha çox aktivlik göstərməli olacaq. Avtoritar toplumlarda isə bu iş daha böyük enerji sərfi tələb edəcək. Ümumiyyətlə, toplumlar da təbiət kimi avtorəqs qanunu ilə işləyir. Dövlət hər zaman daha çox səlahiyyət, vətəndaş isə daha çox haqq istəyir. Biri artanda, o biri azalır. Siyasi mübarizə də elə budur - yəni dəngə yaratmaq. İqtidarlar bu dəngənin bərqərar olmasına sərt dirəniş göstərəndə xalqlar hakimiyyətləri seçkisiz dəyişməli olur.

- Bu konteksdə Azərbaycanda vəziyyəti necə dəyərləndirmək olar?

- Ölkədə bütün sahələrdə problemlər yaranıb. Uzun illər ölkənin həyatı neft və təbii qaza bağlı olub, iqtisadiyyat, hətta aqrar sektor inkişafdan qalıb. İndi isə əsas xammal dünya bazarında kəskin şəkildə ucuzlaşıb, yaxın zamanlarda düzəlməsi də gözlənilmir. Manat ciddi böhran yaşayır. Bunlar qarşıdakı aylarda və yaxın illərdə gərgin situasiyaların yaranacağından xəbər verir. Görünən budur ki, vəziyyəti stabilləşdirmək üçün dövlətin planı yoxdur. Məncə, iqtidar nə edəcəyini dəqiq bilmir və qeyri-ritmik, qeyri-adekvat addımlar atır. İqtisadi, maliyyə, siyasi, mənəvi-psixoloji sahədə xaos artıb. İslahatlar adı altında nələrsə edilir, təşəbbüs göstərilir, lakin o da effekt vermir.

- O zaman real islahatlar nədir, onların effekt verməsi üçün nələr etmək lazımdır? İlk növbədə haradan başlamaq olar?

- Əlbəttə, islahatlara ciddi ehtiyac var. Çox zaman “aşağılar köhnə qaydada yaşamaq istəməyəndə, yuxarılar isə köhnə qaydada idarə edə bilməyəndə” islahata ehtiyac ortaya çıxır. Azərbaycan indi belə bir vəziyyətə gəlib çatıb. Ümumilikdə islahatlar necə aparılır? Siz tarixə baxsanız, görəcəksiniz ki, islahat aparan hakimiyyətlər öncə islahat konsepsiyası hazırlayır, sonra toplumda obyektivliyi ilə tanınan dürüst adamların da qatıldığı islahat komissiyası formalaşdırır. Daha sonra həmin komissiya islahat proqramı tərtib edir və bu proqramda hər şey detallarına qədər yazılır, xalqa elan edilir. Ən sonda icra başlayır.

- Bizdə bu prosesə yanaşma necədir?

- Təəssüf ki, bizdə məsələyə belə yanaşılmadı. Deməli, bu, islahat yox, islahat imitasiyasıdır. Yanlış olan da odur ki, bu imitasiyaya ehtiyac yox idi. Yuxarıda dediyimiz kimi, əgər heç nə əvvəlki kimi ola bilməyəcəksə, deməli, dəyişməli olan ən önəmli şey xalqla səmimi davranmağa başlamaqdır. Çünki bu vaxta qədər xalq hər addımda aldadılıb, aşağılanıb, təhqir edilib, şiddətə və haqsızlığa məruz qalıb. İslahat addımlarında məhz birinci vəzifə dürüst olmaq və xalqın inamını, etibarını qazanmaq idi. Ancaq bu, görünmədi. Yenə əvvəlki qaydalarla bir-iki addım atılır, sonra vətəndaşların inanmadıqları, toplumda etibarlarını itirmiş medianın və adamların vasitəsilə propaqanda başlayır. Bu məsələdə iqtidar yanılır.

- Sosial şəbəkələrin əsas informasiya qaynağına çevrildiyi şəraitdə yalan təbliğat qurmaq effektli deyil...

- Təbliğatları dağıdan fərqli fikir daşıyıcıları çoxalıb. İstər ölkə daxilində, istərsə də xaricdə bu daşıyıcılar mərkəz halına gəlib və sistemli fəaliyyət göstərməkdədirlər. Onlar yalana qarşı antiyalan kampaniyasını ugurla aparır və bu, effekt verir. Yəni kimliyindən asılı olmayaraq, iqtidarda olan qüvvə artıq xalqla səmimi olmağa məcburdur. İndi kimisə aldatmaq asan deyil və buna cəhd etmək də mənasız məşğuliyyətdir. Məncə, bu islahat məsələsində çatışmayan ən önəmli məsələ də elə budur. Bizim hakimiyyət hansı əsas istiqamətlərdə islahatlar aparacagı və nə üçün aparacagı ilə baglı xalqı məlumatlandırmalı, onunla səmimi və dürüst olmalı idi. Xalq nə gözlədiyini və gözləntilərinin özünü dogrultmasını bilməli, görməlidir. Xalqla belə rəftar, davranış yoxdursa, bu islahatın da faydası yoxdur, boşuna zaman itirmədir. Amma ölkədə islahat da qaçılmazdır, bu iqtidar etməsə, başqası edəcək.

- Bəs, islahatlar konkret hansı sahələri əhatə etməlidir?

- İslahat ilk növbədə hüquq sahəsini əhatə etməlidir. Məhkəmələri ayağa qaldırmaq lazımdır. Çünki bu, bütün sahələrdə nizam yaradan təməl sahədir. Sıra ilə gəlsək, Konstitusiyadan başlamaq lazımdır. Azərbaycana yeni Konstitusiya lazımdır, indiki köhnəlib və orada “Azərbaycan Milləti” kəlməsi belə yoxdur. Bizdə millət yoxdurmu? Yoxsa, biz xalqdan ibarətik? Bəlkə buna ehtiyac yoxdur? Bəlkə xalqla millətin fərqi yoxdur? Deyən tapılacaq ki, bu elə də əhəmiyyətli məsələ deyil. Qətiyyən razı deyiləm, millət olmaq istəməyən xalqlar bir müddət sonra xalq olmaq imkanını da itirirlər.

- Gələk, ikinci məsələyə...

- İkincisi, Konstitusiyada hakimiyyət bölgüsü dəqiqləşdirilməlidir. Diqqət yetirsəniz, Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsünün qeyri-müəyyən oldugunu görəcəksiniz. Bu zaman monarxiyaya bənzəyən avtoritarizm təbii ki, yaranacaq. Üçüncüsü, Azərbaycanda proporsional seçki sistemi bərpa olunmalıdır. Bunun ortadan qaldırılması tarixi yanlışlıq idi və uzun-uzadı izah etmədən qısaca deyim ki, bu addım siyasi partiyaların rəqabət, yarış və inkişaf imkanlarını məhdudlaşdırdı və bu gün gəlinən nəticə göz qabağındadır. Təəssüf ki, siyasi partiyalar da bu təhlükəni isti-isti görə bilmədi. İndinin özündə də çoxları bunun elə də ciddi əhəmiyyət kəsb etməsi qənaətində deyil. Bu gün müxalifətin durumu çox şeylər deyir. Dördüncüsü, MSK dəyişdirilməlidir. Seşki islahatları keçirilməlidir. Bundan sonra hər şey yavaş-yavaş yerini alacaq.

- Yeri gəlmişkən, hazırki müxalifət partiyalarının faaliyyəti, imkanları haqqında fikirləriniz maraqlıdır.

- Məni tanıyanlar səmimiyyətimə bələddir və heç bir ambisiyamın olmadıgını da bilirlər. Neçə illərdir iki böyük müxalifət partiyasının arasında gizli, bəzən də açığa çıxan “atışma” gedir. Təəssüf ki, bunlardan biri olan Müsavat Partiyası son zamanlar xeyli zəiflədi. AXCP də taqətdən salınıb. O, indi gücünü daha çox sədrindən alır. Müxalifətin əsas iki gücü bu partiyalardır. Bu gücün reallıga çevrilməsi üçün ikisinin bir partiyada birləşməsi gərəkdir. 2003-cü il hadisələrindən sonra Müsavat həm fiziki, həm də mənəvi-psixoloji zərbə almış və xeyli zəifləmişdi. O zaman birləşmə layihəsi hazırlamışdım. Sadə bir layihə idi. Müsavat AXCP ilə birləşirdi, partiyanın adı Müsavat, başqanı da Əli Kərimli olurdu. Aradan çox keçmədən İsa bəy başqanlıqdan özü getti. Deməli, ola bilərdi. Alınmadı. Niyəsinin də təfərrüatına varmaq istəmirəm. Zamanı deyil.

- Bunun üçün artıq gec deyilmi?

- İndi də gec deyil, xalqın mənafeyi naminə bu addımı ata bilərlər. Ən optimal model yenə də əvvəlkidir. Hər iki partiya da faydalanar, xalq da. Neçə illərdir məşəqqət çəkən mənlərlə fədəkar üzvlərin də canı bu çatışmalardan qurtular, ortada ara vuranların da əli-ayagı yığışmış olar. Əksini düşünənlər indiki durumlarına baxsınlar, əgər hallarından məmnundurlarsa, mən sözümü geri götürürəm.

- Bu günlərdə Qarabağ münaqişəsi kontekstində mühüm hadisələr oldu. Bu proseslərin gedişində Azərbaycanın milli maraqlarına hansı təhlükələri görürsünüz?

- Mən əminəm ki, bu iqtidar 100 il də qalsa, Qarabağ məsələsində dəyişiklik olmayacaq. İqtidarımızın hələ ki sərmayəsi var, gəlir qaynaqları azalsa da, qalır. Ancaq irəlidə vəziyyət kəskinliklə dəyişə bilər. Məsələn, İranda xaos yaranar, hakimiyyət dəyişə bilər; Putin iqtidarına son qoyula bilər – axı, heç nə əbədi deyil; Azərbaycanda dərin iqtisadi böhran, hətta aclıq başlaya bilər və s...

- Dedikləriniz hazırki reallıqlarda mümkündürmü?

- Əlbəttə, mümkündür. Bunlar mümkündürsə, bizim iqtidarın dəyişməsi də mümkündür. Hətta bu deyilənlərin heç biri olmasa belə, hakimiyyət dəyişikliyi ola bilər. Bunu iqtidar yaxşı bilir və heç şübhəsiz, bəzi hazırlıqları da yox deyil.

- Belə hazırlıqlar nə ola bilər?

- Soruşsanız, çoxları deyəcək ki, pulları var, təyyarələri var, harayasa daşınacaqlar. Məncə, ən böyük ümid getmək deyil, gətirməkdir. Son anda Avrasiya İttifaqına daxil olmaq və rus qoşunlarını sülhməramlı kimi dəvət edib, hakimiyyətdə qalmaq. Baxın, son zamanlar ruslaşdırma necə vüsət aldı, ermənilərlə bir arada yaşamağa sanki hazırlıq gedir. Xudafərin körpüsü məsələsi də əslində belə hazırlığın elementidir. Rusiyanın icazəsi olmadan belə layihələr gerçəkləşə bilməz. İrəlidə Rusiya Liviya və Suriyada aktivliyini azaldacaq, “arxa baxçası” adlandırdığı postsovet məkanında möhkəmlənmək istəyəcək. Qarabağ Rusiya üçün çox strateji yerdir. Şimali Qafqazdan güneyə 3 strateji keçid var - Suxumi, Vladiqafqaz, Dərbənd. Böyük Qafqazdan da Kiçik Qafqazın güneyinə Azərbaycandan iki strateji keçid var. Biri Mincivan, o biri İcevan və Gürcüstanın sərhəd-keçid məntəqələri. Bu məntəqələrin içində Qarabağ birinci strateji əhəmiyyətə sahibdir. Cünki Qarabaga hakim olmaqla Rusiya həm Azərbaycanı, həm Ermənistanı kontrolda saxlayır, həm də İran sərhədinə nəzarət edərək güneydən gələ biləcək təhlükələri birbaşa özü qarşılamış olur və İrana daha böyük təzyiq imkanları qazanır.

- Bu prosesə necə mane olmaq olar?

- Ruslaşdırma əndazəsini aşıb, ona dirəniş göstərmək lazımdır, Ermənilərlə bir arada yaşamaq təbliğatı insanlarımızı aldada bilər, buna ciddi müqavimət göstərmək lazımdır. Tariximizdə belə bir arada yaşamaqlar faciələrimizdən sonra çox oldu və sonunu gördük. Yenə rusların əli ilə eyni yola sürüklənirik. Buna imkan vermək olmaz. Bu gün bir arada yaşamağa başlasaq, 30-50 ildən sonra yenə haranısa itirəcəyik. Bir də ki, anlamaq bu qədərmi çətindir - ermənilər bizimlə bir arada yaşamaq istəmirlər. Onlar bizdən aldıqları torpaqların harasında yaşamağımıza imkan veriblər? Bircə yer göstərsinlər. Bu xalq təkcə bizimlə yox, heç kimlə bir arada yaşaya bilmir. Gürcülər xristiandırlar, onlarla yaşasınlar. Siz Ermənistanda bircə gürcü kəndi də tapa bilməzsiniz. Amma baxın, 150 min erməni yaşayır Gürcüstanda. Bunlar belə xalqdır. O üzdən Qarabağda da bir arada yaşamaq kimi bir xəyalı heç kəs qurmasın. Bu, imkansızdır. Qarabağ ya onların, ya bizim olacaq. İkimizin bir arada - heç vaxt!

- Belə bir təbliğat da aparılır ki, xalqımız savaşmaq istəmir, cəmiyyətimiz müharibəyə hazır deyil...

- Məncə, savaşmaq istəməyən iqtidardır. Savaşı dövlət təşkil edər, dövlət başlayar, dövlət aparar. Xalq da, toplum da  gərəkən dəstəyi verər. Bu da ermənilərin xeyrinə zərərli təbligatdır. Bizi mütiləşdirməyə yönəlib. Savaşmaq istəməyən kəsim toplumlarda hər zaman var, bunlar zənginlərdir. Dünyanın heç yerində zənginlər savaşmaq istəməyib. Savaş başlayanda da sərmayələrini götürüb, vətəni tərk ediblər.

Turqut