Logo
news content
User
Kateqoriyalar

Analitika

Vəkil: “Eldar Həsənovun səhhətində ciddi problemlər var”

“Həbsdə olan keçmiş səfir və sabiq baş prokuror Eldar Həsənovun səhhətində ciddi problemlər var”. Bunu “Press Klub”a onun vəkili Adil İsmayılov deyib.

Avqustun 13-dən həbsdə olan E.Həsənovun cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərinin işindən ayrılıb, Baş Prokurorluğa göndərilsə də, özü DTX-nın təcridxanasında saxlanılır.

“Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq, o, DTX-nın istintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı heç bir narazılığı yoxdur”, - deyə vəkili söyləyib.

Müdafiəçinin sözlərinə görə, E.Həsənovun səhhətindəki problemlər hər an kritikləşə bilər:

“Xüsusən də, son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib, daim həkim nəzarətində olub. Təcrid olunmuş vəziyyətdə saxlanması onun səhhətinə ciddi şəkildə mənfi təsir edir. Gündəlik çoxlu sayda, müxtəlif dərmanlar qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək, xəstəliklərlə bağlı məlumatları şərh etmək istəmirəm. Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər”.

A.İsmayılov müvəkkilinin girov müqabilində həbsdən buraxılması üçün məhkəməyə vəsatət vermək niyyətindədir. Vəkilin sözlərinə görə, E.Həsənovun ittiham olunduğu maddələr az ağır cinayətlər kateqoriyasına aiddir. Qanun da bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir:

“Eldar Həsənov elan edilmiş ittihamlarda özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir. Onun şəxsiyyətini xarakterizə edən halları, 65 yaşının olmasını, səhhətindəki problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq, barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət etmək niyyətindəyik. Fürsətkən dövlət başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə də müraciət edərək, öz səlahiyyətləri çərçivəsində vəsatətimizin qanunauyğun həll edilməsində yardımçı olmalarını xahiş edirik. Ümidvarıq ki, vəsatətimiz qanuni həllini tapacaq”.

E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur. “Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya-Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib”, - deyə DTX-nın E.Həsənovun saxlanması barədə açıqlamasında bildirilir. CM-in 308.2 maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə, 308-1.1 maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gülər