Logo
news content
User
Kateqoriyalar

Analitika

“Üç günlük müharibə”nin üç illik faciəsi - Ukrayna üçün yeni ssenari
Qərbin qərarsızlığı, Moskvanın səhvləri və Kiyevin müqaviməti – savaşın sonu görünürmü?

Üç il əvvəl Rusiya heç bir səbəb olmadan genişmiqyaslı müharibəyə başlayaraq bütün sərhəd boyunca, dənizdən və həmçinin qonşu Belarus ərazisindən Ukraynaya hücum etdi. Bu müharibə, İkinci Dünya müharibəsindən bəri Avropada ən qanlı müharibə sayılır. Tərəflər böyük itkilər verib və bu itkilərin sayı hər gün artmaqda davam edir.

Təbii ki, bu tarix yenidən əsas suallar üzərində düşünməyə vadar edir. Rusiya prezidenti Putin hansı səbəbdən qonşu dövlətin ərazisini zorla ələ keçirmək cəhdinə qərar verdi? Qərbin üç il əvvəl bu genişmiqyaslı hücumun qarşısını almaq üçün hansısa imkanları vardımı? Və bu gün hansı şərtləri daxilində atəşkəs müzakirə olunur?

Tanınmış hərbi analitik, 2004-2015-ci illərdə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı olmuş İvan Stupak bununla bağlı fikirlərini Pressklub.az ilə bölüşüb

Onun sözlərinə görə, Putini hücuma vadar edən səbəblərdən biri “zəiflik aqressiya doğurur” prinsip ola bilər.

Çox güman, tam sağlam düşüncə ilə olmasa da, diktator Putin belə nəticəyə gəlib ki, Ukrayna zəif dövlətdir, ona zəif liderlər və ya zəif rəhbərlik edir. O, həmçinin hesab edirdi ki, Qərbin yardımı və dəstəyi yalnız sözlər və ritorika ilə məhdudlaşacaq və bundan artıq heç nə olmayacaq. Rusiya ordusunun gücü isə Ukrayna ordusundan dəfələrlə üstündür. Və çox güman, bütün bu fikirlərin, baxışların, fərziyyələrin qarışığı onu belə düşüncəsiz qərar qəbul etməyə sövq etdi.

Həqiqətən də, Rusiya Federasiyasının, Kremlin planında Ukraynanı tez bir zamanda – “üç günə müharibə” ilə ələ keçirmək, hakimiyyəti dərhal dəyişmək var idi. Hətta bu məqsədlə məhkəmə sistemindən istifadə etməyi planlaşdırırdılar. Belə ki, Rusiya tankları Ukraynaya daxil olduqdan sonra müəyyən məhkəmə instansiyalarının qərar çıxararaq 2014-cü ildən etibarən Ukrayna hakimiyyət orqanlarının qəbul etdiyi bütün qərarları ləğv etməsi və Viktor Yanukoviçi yenidən Ukraynanın prezidenti kimi tanıması nəzərdə tutulurdu. Yəni, tarixi geriyə çevirmək istəyirdilər.

Mən hətta başqa bir şeyi də deyim – Viktor Yanukoviç və onun yaxın ətrafı mart ayının təxminən yarısını Kiyev vilayətində, o zaman Rusiya Federasiyasının nəzarətində olan ərazidə keçirmişdilər. Onlar xüsusi malikanədə yaşayırdılar və tankların üstündə, süngülərlə Kiyevə qayıdacaqları anı gözləyirdilər. Amma plan baş tutmadı, alınmadı. Nəticədə onları geri qaytardılar, təxliyə etdilər. Həmin malikanə isə tamamilə yandırıldı – üzərinə böyük miqdarda benzin və yandırıcı qarışıqlar tökərək, külə çevirdilər. Yəni heç bir iz buraxmadılar, heç nə qalmadı.

Bütün bu hadisələrin nəticəsi isə odur ki, ümumilikdə 11 illik müharibə ərzində Rusiya Federasiyası Ukrayna ərazisinin cəmi 20%-dən azını ələ keçirməyə müvəffəq olub. Yəni, Rusiya bu müharibədə həddən artıq böyük qiyməti ödəyib.

Qərbin bu müharibənin qarşısını almaq imkanı var idimi? Məncə, var idi. Amma qərarsızlıq Qərb liderlərinin, o cümlədən ABŞ, Almaniya və Fransa rəhbərliyinin xarakterik xüsusiyyətidir. Onlar yalnız son bir ildə bu qərarsızlıqdan qurtulmağa başladılar, amma bu da çox çətin və ağrılı proses oldu. Mənim qənaətim budur ki, qərarsızlıq əsas problemdir. Putinlə daha sərt müzakirələr aparmaq, onunla görüşlərdə mümkün nəticələri açıq şəkildə bildirmək olardı. Ukraynaya müharibə ərəfəsində və müharibə zamanı daha çox kömək edilə bilərdilər. Amma təəssüf ki, əlimizdə olan budur”, – deyə hərbi analitik bildirib.

Atəşkəs üçün mümkün şərtlərə gəlincə, o, ilk olaraq nadir metallarla bağlı sazişin bağlanacağını deyir.

Bu saziş hazırda demək olar ki, son mərhələdədir, müzakirələr gedir. Ukrayna öz suverenliyini itirmir, biz ABŞ şirkətlərinə və biznesinə Ukraynada nadir metalların hasilatı üçün investisiya yatırmaq imkanı veririk. Bu, sürətli bir proses deyil, kömür kimi açıq üsulla qazmaq olmur. Nadir metalların çıxarılması illərlə davam edən layihələr, elmi araşdırmalar və milyardlarla dollar sərmayə tələb edir. Mütəxəssislərin dediyinə görə, bu, Ukraynada yeni iş yerləri yaradacaq, sənaye müəssisələrinin fəaliyyətini dəstəkləyəcək. Xarici kömək olmadan biz yeraltı ehtiyatlarımızdan bu nadir metalların hasilatını həyata keçirə bilməzdik.

Yəniilk olaraq nadir metallar üzrə müqavilə imzalanacaq, sonra atəşkəs haqqında razılıq əldə olunacaqHazırda müzakirələr gedir: növbəti addım seçkilər olacaq, yoxsa sülh müqaviləsi? Ukrayna təkid edir kiilk olaraq nadir metallar üzrə müqavilə, sonra atəşkəs, daha sonra sülh müqaviləsinin imzalanması, yalnız bundan sonra seçkilər keçirilməsi olmalıdırRusiya isə son iki bəndin yerini dəyişmək istəyir. Çünki onlara müqavilə imzalanan zaman öz namizədlərinin olması lazımdır.

Biz çox ümid edirik ki, növbəti 3-6 ay ərzində döyüşlər dayandırılacaq. Və əgər dolaşan şayiələrə inansaq, oktyabr ayında keçirilə bilər  ən azı prezident seçkiləri”, – deyə Stupak yekunlaşdırıb.

Rauf Orucov