Türkiyə və Rusiya arasında nə baş verir?
25 May 2020
Koronavirus pandemiyası dövründə beynəlxalq miqyasda baş verən bəzi hadisələr kölgədə qaldı. Onlardan biri də Liviyada davam edən döyüşlərdə beynəlxalq legitimliyi olan Milli Razılıq Hökumətinin xeyrinə dönüş yaranması və bu fonda Türkiyə-Rusiya münasibətlərində növbəti maraq toqquşmalarının nəzərə çarpmasıdır.
Ölkənin şərqindəki Tobruk şəhərində qərarlaşmış Liviya Nümayəndələr Palatasına bağlı olan, 76 yaşlı marşal Xəlifə Haftar tərəfindən komandanlıq edilən Liviya Milli Ordusu 2019-сi ilin aprelində paytaxt Tripoli şəhərini ələ keçirmək üçün hücum əməliyyatlarına başlamış və ilin sonuna bu hədəfə çox yaxınlaşmışdı. Faiz Sərracın rəhbərlik etdiyi Milli Razılıq Hökuməti BMT tərəfindən Liviyanın qanuni hökuməti kimi tanınsa da, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı, İran və Fransa Xəlifə Haftarı dəstəkləyir. Rusiyanın özəl hərb şirkəti “Vaqner qrupu”na bağlı muzdlular Haftarın tərəfində döyüşür. Ukrayna, Suriya və bəzi Afrika ölkələrində də fəaliyyət göstərən bu qrupun Rusiya Silahlı Qüvvələri Baş İdarəsinin (keçmiş QRU) xüsusi təyinatlı 2-ci briqadasının 700-cü əlahiddə dəstəsinin keçmiş komandiri, podpolkovnik Dmitri Utkin tərəfindən yaradıldığı və “Putinin aşpazı” kimi məşhurlaşmış iş adamı Yevgeni Priqojin tərəfindən maliyyələşdirildiyi məlumdur. “Vaqner” D.Utkinin təxəllüsüdür. O, Putin tərəfindən “Mərdlik” ordeni ilə təltif olunub.
Tripolidəki hökumət isə Fransa xaricindəki Avropa Birliyi və NATO üzvləri, o cümlədən ABŞ tərəfindən siyasi səviyyədə dəstəklənsə də, real hərbi köməyi Türkiyədən alır. Bu il yanvarın əvvəli Türkiyə Böyük Millət Məclisi Liviyaya hərbi qüvvə göndərmək üçün hökumətə rəsmi icazə verdikdən sonra Ankara hərbi əməliyyatların gedişinə müdaxilə etdi. Türkiyə Liviyaya böyük hərbi qüvvə, məsələn, hücum qruplaşması yeritmədi, amma onun göndərdiyi zərbə dronları, eləcə də türk hərbi təlimatçılarının Sərrac qüvvələrinə peşəkar dəstəyi vəziyyəti dəyişmək üçün yetərli oldu. (Türkiyənin keçmiş “Azad Suriya Ordusu”, hazırkı “Suriya Milli Ordusu”na bağlı bəzi qrupları Liviyaya göndərdiyi haqda da məlumatlar var.)
Milli Razılıq Hökumətinin qüvvələri son həftələrdə uğurlu əməliyyatlar keçirərək Haftar qüvvələrini paytaxtdan uzaqlaşdıra biliblər. Tripolidən qərbdə yerləşən və Haftarın paytaxta hücum üçün əsas platsdarm kimi yararlandığı Vatiyyə aviabazası, Tripolidən 50 km cənubda yerləşən kiçik Asaba şəhəri azad edilib. Sərrac qüvvələri şimal-qərbdə Tunis sərhədi boyunca da irəliləyib. Türkiyənin “Anka” və “Bayraktar” zərbə dronları İdlibdən sonra Liviyada da özlərini çox yaxşı göstərirlər. Məhz onların qəfil və dəqiq zərbələri Haftar qüvvələrinin dezorientasiyasına səbəb olub və onları demoralizə edib. Türk dronları xüsusən “Pantsir” ovçusu kimi ad çıxarıb. Döyüşlərdə Rusiya istehsalı olan və BƏƏ tərəfindən Haftara göndərilmiş 10-dan çox “Pantsir” sistemi sıradan çıxarılıb, 1-i isə saz vəziyyətdə ələ keçirilib. İndi Milli Razılıq Hökumətinin əsas hədəfi paytaxtın cənub-şərqindəki Tarhuna şəhəridir. Bu məntəqə Haftarın Tripoli ətrafındakı son müqavimət mərkəzidir. Tarhuna da geri alınsa, onda Haftarın paytaxta hücumunun tam iflasla nəticələndiyini söyləmək olar. Bu səbəbdən Moskva prosesə həm siyasi, həm də hərbi müstəvidə müdaxilə etməyə qərar verib. Sərrac hökumətindən verilən açıqlamaya əsasən Rusiya Suriyadan Liviyaya 8 hərbi təyyarə (6 ədəd MiQ-29 və 2 ədəd Su-24) göndərib, bundan sonra xarici işlər nazirləri Lavrov və Çavuşoğlu arasındakı telefon danışığında hərbi əməliyyatların dərhal dayandırılması və BMT himayəsində siyasi təmasların bərpası barədə razılıq əldə edilib. Bölgədən gələn xəbərlərə görə, döyüşlər hələ ki davam edir, lakin “Vaqner qrupu”nun mayın 23-də Tarhunadan çıxması Ankara ilə Moskva arasında hansısa razılaşmanın olduğuna işarədir. (Belə məlumatlar da var ki, Moskva ümumiyyətlə, “Vaqner”çiləri Liviyadan çıxarmağa hazırlaşır.)
Yəni faktiki olaraq, Türkiyə və Rusiyanın Liviyadakı vəkalət (proxy) savaşında Ankara üstünlük qazanıb. Rusiya muzdluları arasında ölənlər var. Türk dronlarının “Pantsir”ləri məhv etməsi isə həm bu sistemin, həm də ümumilikdə Rusiyanın hava hücumundan müdafiə silahlarının nüfuzuna zərbədir. Rusiya son dövrlər dünya silah bazarında yeni silah sistemlərini ciddi reklam edir və satmağa çalışır, ABŞ isə potensial alıcıları sanksiya ilə hədələyir. İndi “Bayraktar” və Anka”ların uğurlu əməliyyatları Rusiyanın potensial müştərilərini bəlkə də ABŞ sankisiyaları qədər çəkindirəcək. (Paradoks budur ki, Türkiyənin özü 2,5 milyard dollarlıq S-400 alış-verişi ilə Moskvanın önəmli müştəriləri arasında yerini alıb.)
Bütün bunlar son illər enişli-yoxuşlu qrafik cızan Rusiya-Türkiyə münasibətlərindəki növbəti soyuqlaşma, yaxud uzaqlaşma mərhələsi fonunda baş verir. Rəsmi səviyyədə etiraf olunmasa da, fevral ayında İdlibdəki döyüşlərdə Rusiya aviasiyasının bombardmanları nəticəsində xeyli türk əsgəri həlak olmuşdu. Türkiyə isə bölgəyə əlavə hərbi qüvvələr göndərərək İdlibdə irəliləyən Bəşər Əsədə ultimatum vermişdi ki, öz qüvvələrini 2018-ci ilin sentyabrında imzalanmış Soçi razılaşmasında nəzərdə tutulan mövqelərə geri çəksin, əks halda, türk ordusu hərəkətə keçəcək. Əsəd bu ultimatumu yerinə yetirmədi, Rusiyanın siyasi və hərbi müdaxiləsi isə bu ultimatumu türk ordusunun reallaşdırmasını əngəllədi. Rusiya Putin-Ərdoğan görüşündən əvvəl İdlibdəki strateji əhəmiyyətli Serakib məntəqəsinə öz hərbi polisini yeritdi və masada əlini gücləndirdi. Martın 5-də Moskvada keçirilən görüşdə Ərdoğan Türkiyənin tələblərini əks etdirməyən – Əsəd qüvvələrinin geri çəkilməsini nəzərdə tutmayan - atəşkəs razılaşmasına imza atmaq məcburiyyətində qaldı. Baş verənlər iki ölkə münasibətlərinin atmosferinə və Türkiyə ictimaiyyətində yerli avrasiyaçı çevrələrin də ciddi səyləri ilə yaradılan Rusiya simpatiyasına öz mənfi təsirini göstərdi.
Türkiyədən Rusiya və İrana “qaz hücumu”
Türkiyə ABŞ-ın bütün etirazlarını və sanksiya hədələrini gözə alaraq Rusiyadan satın aldığı S-400 zenit-raket komplekslərini bu ilin aprelində aktivləşdirəcəkdi. Bu barədə istər prezident Ərdoğan, istərsə də müdafiə naziri Hulusi Akar dəfələrlə açıqlama vermişdilər. Lakin bu plan qeyri-müəyyən müddətə təxirə salındı. Ankara bunu koronavirusla əlaqələndirsə də, aydındır ki, səbəb tibbi-epidemioloji yox, siyasidir. İqtisadi sahədə də önəmli gəlişmələr var. Türkiyə Rusiya təbii qazının idxalını kəskin azaldır. Bu ilin mart ayının yekunlarına əsasən ilk rübdə Rusiya qazının Türkiyəyə satışı 1 il əvvəlki dövrlə müqayisədə 7 dəfə azalaraq 1,418 milyard kubmetrdən 210 milyon kubmetrə düşüb. 2018-ci ilin rəqəmləri ilə müqayisədə isə inanılmaz – düz 14 dəfə azalma var: həmin ilin ilk rübündə Türkiyə Rusiyadan 8,8 milyard kubmetr qaz almışdı. (Ayda ortalama 2,93 milyard.)
Hazırda Türkiyə “Qazprom”un müştəriləri arasında ikinci onluğa düşüb və kiçik Litvadan daha az, az qala cırtdan Ermənistan qədər qaz alır. Halbuki son illərə qədər Türkiyə Almaniyadan sonra “Qazprom”un ən “yağlı” müştərisi idi. 2019-cu ildə “Qazprom”ın Türkiyə bazarına çıxardığı qazın miqdarında 35% azalma (cəmi 15 milyard kubmetr) qeydə alınıb ki, bu da son 10 ilin minimumudur. Rusiyadan Türkiyəyə uzanan iki qaz kəməri – “Mavi axın” və “Türk axını” ilə ümumilikdə 35 milyard kubmetr qaz nəql etmək mümkündür. Bu ilin martına kəmərlərin gücünün 10 faizindən də azı istifadə edilib.
Şübhəsiz ki, bu azalmada Türkiyədəki iqtisadi böhranın və əlavə olaraq bu il isti qış və koronavirusla əlaqədar təbii qaza tələbatın kəskin aşağı düşməsinin də rolu var. Amma siyasi səbəblər də rol oynayır.
Məsələn, 2019-cu ildə Türkiyə sıxılmış maye qaz (LNG) idxalını 13% artırıb və Əlcəzair, Qatar, Nigeriya ilə yanaşı, ABŞ-dan da LNG alıb: ümumilikdə 9,1 milyon ton. Dövlət şirkəti BOTAŞ-ın ötən ilin dekabr ayında 2020-ci ilin martına qədər 30 partiya LNG, noyabr ayında isə 2020-2023-cü illər üçün 70 partiya LNG idxalına dair tender keçirməsi göstərir ki, bu siyasət məqsədyönlüdür və Rusiyadan, eləcə də İrandan enerji asılılığını azaltma niyyəti açıq-aşkardır. Sıxılmış qazın qiyməti hazırda Rusiya boru kəməri qazından daha aşağıdır ki, bu da iqtisadi cəhətdən bu məhsulu xeyli cəlbedici edir. Məsələn, 1 milyon BTU (Britaniya İstilik Vahidi - British Thermal Unit) miqdarında Rusiya qazı Türkiyəyə 6,5 dollara başa gəldiyi halda, eyni miqdarda LNG 1,5-2 dollardır. Halbuki Rusiya rəsmiləri və onlara yaxın ekspertlər son vaxtlara qədər inamla bəyan edirdilər ki, sıxılmış qaz, xüsusən də Amerikanın qazı Avropada hələ uzun müddət Rusiya boru kəməri qazı ilə rəqabət apara bilməyəcək, çünki maya dəyəri xeyli yüksəkdir.
Sıxılmış qaz istehsalçıları, o cümlədən ABŞ Türkiyə bazarından Rusiya ilə yanaşı, İranı da sıxışdırmağa başlayıb. Son aylar Türkiyə ABŞ və İrandan təxminən eyni miqdarda qaz alıb. 2020-ci il martın 31-də İran-Türkiyə qaz boru xəttində baş verən partlayışdan sonra bu kəmər hələ də işə salınmayıb. “Fars News” bildirib ki, Türkiyə qəsdən borunun təmirini yubadır ki, İrandan qaz almasın. (1996-cı ildə imzalanmış 25 illik müqaviləyə əsasən Türkiyə bu ölkədən ildə 10 milyon kubmetr civarında qaz almalıdır.) Boru kəmərinin partlaması İranı ayda 200 milyon dollar gəlirdən məhrum edir. Türkiyə LNG terminalları 25 milyard kubmetr qaz qəbul etmək imkanındadır. Bu ilin 4 ayında Türkiyənin idxal etdiyi qazın 44%-ni LNG təşkil edib, bu qazın 40%-i ABŞ-dan alınıb.
Yekun olaraq, qeyd edək ki, Türkiyənin Qərbdən qoparaq üzünü Avrasiya regionuna çevirəcəyi barədə gözləntilərin xeyli şişirdildiyini son proseslər bir daha təsdiqləyir. Prezident Ərdoğan cari hədəflər naminə güc mərkəzləri arasında sürəkli manevrlər etsə də, Türkiyənin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində Qərbə sıx bağlılığı davam edir. Məsələn, mayın 22-də Qara dəniz üzərində, NATO hava məkanı yaxınlığında uçan Rusiya hərbi təyyarə qrupunu (2 ədəd Su-27-nin müşayiəti ilə 2 ədəd Tu-22 M3 strateji bombardmançısı) növbəli şəkildə əvvəlcə Rumıniya, sonra Bolqarıstan, daha sonra isə Türkiyə hərbi aviasiyası (iki dəfə F-16-ları qaldırmaqla) müşayiət edib və uzaqlaşdırıb.