Logo
news content
User
Kateqoriyalar

Analitika

"Toxunulmaz" qadağa, yaxud virus bəhanədirmi?
Nazirlər Kabineti vətəndaşların sərbəst toplaşmasına qoyduğu məhdiyyətləri nə zaman ləğv edəcək?

Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq, oktyabrın 1-dən Azərbaycanda pandemiya şəraiti ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin daha bir qismi ləğv olunur.

Bu gündən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti bərpa olunur. Həmçinin şəhər və rayonlar arası müntəzəm sərnişin daşımalarının bərpası ilə bağlı qərar qəbul edilib. 

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Beləliklə, Nazirlər Kabinetinin 23 mart 2020-ci ildə və ondan sonra müxtəlif vaxtlarda qəbul etdiyi məhdudlaşdırıcı qərarların və qadağaların əksəriyyəti ləğv edilib. Hazırda ölkədə toylara, şənliklərə karantin qaydaları çərçivəsində icazə verilir, yeraltı nəqliyyat işləyir, qapalı məkanlar da eyni qaydada sərbəst fəaliyyətdədir. Sentyabrın 29-dan isə orta və ali məktəblərdə, kolleclərdə dərslər ənənəvi formada bərpa edilib. 

Yəni insanların kütləvi toplaşmasına səbəb olan bütün xidmətlərə və fəaliyyətlərə qadağa aradan qalxıb. Avqust və sentyabr ayında ölkədə virusa yoluxanların gündəlik sayının 4 mini keçməsinə baxmayaraq, hökumət heç bir məhdudlaşdırıcı tədbir görmədi. Kütləvi peyvəndlənməni sürətləndirən qəralar verildi və onlar nəticəsiz qalmadı. Hazırda ölkədə vaksinin hər iki dozasını vurdurmuş vətəndaşların sayı 4 milyon nəfərə çatıb. Beləliklə, hökumət daha əvvəl sərt karantin qaydalarının nəticə vermədiyini əsas götürərək, ona qayıtmadı və ekspertlər də bu yanaşmanı təqdir edirlər. 

Bununla belə, pandemiyanın lap başlanığıcından qoyulan bəzi qadağalar aradan qaldırılmayıb. Onların sırasında sərbəst toplaşma azadlığını əngəlləyən məhdudiyyət ilk sırada gəlir. Xatırladaq ki, 2020-ci il martın 23-də Nazirlər Kabineti ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Bu qərarla, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanununun 25-ci maddəsinə əsasən ölkədə 24 mart 2020-ci il saat 00:00-dan 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Daha sonra bu qadağanın müddəti uzadılıb, 2020-ci il 3 avqustunda verilən qərarda isə toplaşanların sayı yarıbayarı azaldılıb, insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan olunub. Həmin dövrdən 1 ildən artıq keçən vaxt ərzində başqa məhduiyyətlər ləğv olunsa da Nazirlər Kabineti vətəndaşların toplaşmaq azadlığını bərpa etməyə tələsməyib.

Hüquqşünas Namizəd Səfərov old.old.pressklub.az-a bildirib ki, ümumiyyətlə, Nazirlər Kabineti qəbul etdiyi qərarlarda ictimai maraqlara əsaslanmayıb, cəmiyyətin fikri, etirazı heç zaman nəzərə alınmayıb: "İki ilə yaxın müddətdə biz çoxsaylı abusrd qadağaların şahidi olduq. Hazırda vətəndaşların sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətin götürülməməsi də onlardan biridir. Necə olur ki, metroda, ticarət mərkəzlərində, mollarda insaların bir araya gəlməsinə icazə verilir, amma vətəndaşlar toplaşıb öz siyasi hüquqlarından istifadə edə bilməzlər?"

Hüquqşünas əlavə edir ki, əksər ölkələrdə sərbəst toplaşma azadlığına heç bir məhdudiyyət qoyulmayıb: "Çünki fundamental azadlıqlar bütün xəstəliklərdən, qadağalardan üstündür, onlara toxunmaq olmaz. Bu gün Avropada, hətta virusun geniş yayıldığı ölkələrdə belə insanlar küçəyə çıxıb etirazlarını ifadə edə bilirlər. Məhkəmə proseslərində vətəndaşların iştirakına imkan verilmir. Hətta təqsirləndirilən şəxslərin ən yaxınları belə proseslərə buraxılmır. İl yarımdan çoxdur ki, hüquq mühafizə orqanları vətəndaşları tək-tək belə qəbul etmirlər, bütün qəbullar ləğv edilib. Pandemiyadan bəhanə kimi istifadə edərək, ölkədə fundamental azadlıqları yasaqlayıblar. Bu, yolverilməz haldır".  

Hüquqşünas iaşə obyektlərinin gecə saat 12-dən sonra bağlanmasını da normal hal saymır. Qeyd edir ki, bunun pandemiya ilə hər hansı əlaqəsi yoxdur, sadəcə hakimiyyət belə bir vəziyyətin bərqərar olmasını istəyir, onu da yaradır. 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli old.old.pressklub.az-a bildirib ki, digər qadağalar yumşaldılırsa, vətəndaşların toplaşmaq azadlığının təmin olunması istiqamətində də addımlar atılmalıdır: "Hazırda Avropada piketlərə, küçə yürüşlərinə, mitinqlərə icazə verilir. Uzağa getməyək, elə Gürcüstanda karantinin yumşaldığı dövrdə çoxsaylı kütləvi aksiyaların şahidi olduq. Eləcə də Türkiyədə. Məncə, digər qadağalar yumşaldıldığı üçün toplaşma azadlığına qadağanı saxlamaq üçün heç bir əsaslı səbəb göstərilə bilməz. Heç bir tutarlı arqument yoxdur. Amma nəzərə almaq lazımdır ki, pandemiyadan əvvəl də Azərbaycanda sərbəst toplaşmaq azadlığına məhdudiyyət vardı".

A. Məmmədli hesab edir ki, bu hüququn məhdudlaşdırılmasına ölkədə fundamental hüquq və azadlıqlara qoyulan qadağaların tərkib hissəsi kimi baxılmalıdır. "Əslində bunun virusun yaratdığı vəziyyətlə əlaqəsi yoxdur", - deyə o, vurğulayıb.

Turqut