Tokayev Putinə Ukrayna müharibəsini dondurmağı təklif etdi – Astananı nə narahat edir?
Ekspert: Qazaxıstan prezidentinin bu məsələni qaldırmasının ciddi səbəbləri var
28 İyul 2026
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Omskda Putinlə keçirdiyi danışıqlarda Rusiya-Ukrayna müharibəsinin “dondurulmasına” çağırıb. Tokayevin çıxışının videosunu Kremlin mətbuat xidməti yayıb.
Tokayevin sözlərinə görə, ona Rusiya ilə Ukrayna arasındakı “münaqişə vəziyyəti” ilə bağlı ABŞ və Avropadan “çoxsaylı siqnallar” daxil olur. O bildirib ki, bu barədə Putini məlumatlandırıb.
“Burada söhbət hansısa vətəndaş müharibəsindən getmir. Biz həmişə Ukrayna xalqına, onun mədəniyyətinə və dilinə hörmətlə yanaşmışıq. Hesab edirik ki, bu münaqişənin mahiyyəti bir çoxları, o cümlədən bizim üçün tam aydın deyil. Məsələn, münaqişə olubsa, o cümlədən Azərbaycanla Ermənistan arasında dondurulmuş münaqişə mövcud olanda, onun mahiyyəti və yaranma səbəbləri bizim üçün tam aydın idi. Çünki bu, tarixin dərinliklərinə gedib çıxırdı. Amma burada vəziyyəti anlamaq çox çətindir”, – Tokayev bildirib.
Qazaxıstan Prezidenti qeyd edib ki, Putin Alyaskada ABŞ ilə aparılan danışıqlar zamanı “maksimum diplomatik çeviklik” nümayiş etdirib.
“Bu, sadəcə mənim şəxsi fikrimdir, çünki məndən də rəy soruşurlar. Ola bilsin ki, artıq bu münaqişəni dondurmağın və İstanbul Formulu 2.0-a qayıtmağın vaxtıdır. Çünki orada əhəmiyyətli nəticələr əldə olunmuşdu. Təbii ki, Rusiya da daxil olmaqla böyük dövlətlərin təminatları altında çoxdan gözlənilən sülhə doğru irəliləmək olar”, – Tokayev təklif edib.
“Çox təəssüf ki, gənclər həlak olur. Onlar qardaş xalqlar – Rusiya və Ukraynanın genofondudur. Bütün bunlara son qoymaq lazımdır. Çünki baş verənlər Rusiyanın və Ukrayna dövlətinin rəqiblərinin xeyrinə və sevincinə xidmət edir”, – Tokayev vurğulayıb.
Buna cavab olaraq Putin bildirib ki, söhbət zamanı Tokayevə “Ukrayna istiqamətindəki” vəziyyət barədə ətraflı məlumat verəcək.
Bir neçə saat sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb ki, Putin “xüsusi hərbi əməliyyat” barədə Tokayevə ətraflı məlumat verib. Kremlin sözçüsü əlavə edib ki, Kiyevin mövqeyi nəzərə alınarsa, “münaqişənin dondurulması mümkün deyil”.
“Bizim üçün əsas şərt məqsədlərimizə nail olmaqdır”, – Peskov bildirib.
O həmçinin qeyd edib ki, hərbi əməliyyatların dayandırılması üçün şərtlər Putin tərəfindən iki il əvvəl səsləndirilib. Peskovun sözlərinə görə, “həmin şərtlər “aydın və ardıcıldır”, buna görə də “əgər Kiyev rejimi müvafiq qərarlar qəbul etsə, bütün bunlar bu gün günün sonunadək dayana bilər”.
Reuters iyulun əvvəlində Kremlə yaxın mənbələrə istinadən yazmışdı ki, Putin Ukrayna ilə sülh danışıqları təkliflərini rədd edir və böyük ehtimalla münaqişəni daha da gərginləşdirmək niyyətindədir.
Mənbələrdən birinin sözünə görə, Rusiya prezidenti Donetsk vilayətinin qalan hissəsinin ələ keçirilməsi məsələsində “barışmaz mövqe” tutub. Bildirilir ki, o, bu yaxınlarda cəbhə xətti boyunca atəşkəs əsasında kompromis axtarmağı təklif edən bir qrup müşavirini də tənqid edib.
Maraqlıdır, Astananın bu müharibənin başa çatmasına vasitəçilik etmək istəyi konkret nə ilə bağlıdır? Bəlkə səbəb ondadır ki, Qazaxıstan neftinin böyük hissəsi Qara dənizdəki Rusiya limanları vasitəsilə Qərbə ixrac olunur və Ukrayna müharibə şəraitində həmin limanları legitim hərbi hədəf hesab edir? Nəticədə Qazaxıstan artıq iqtisadi itkilərlə üzləşir. Yoxsa bu mövqe gələcəklə bağlı narahatlıqlardan qaynaqlanır? Axı Qazaxıstanın Rusiya ilə çox uzun sərhədi var və Astanada Moskvanın istənilən vaxt bu ölkəyə qarşı da ərazi iddiaları ilə çıxış edə biləcəyini istisna etmirlər.
Ekonometrika üzrə professor, Nyu-York Elmlər Akademiyasının üzvü, Qazaxıstan Parlamentarizm Fondunun eksperti Nurlan Munbayev bu məsələlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
.png)
Onun sözlərinə görə, Astananın gərginliyin azaldılmasına çalışmasının əsas səbəbləri düzgün müəyyənləşdirilib.
“Bu, sadəcə diplomatik jest deyil, iqtisadiyyata dəyən birbaşa zərbələrdən və strateji risklərin dərk edilməsindən irəli gələn praqmatik zərurətdir.
Birincisi, iqtisadi amil var. Qazaxıstan neft ixracında kritik dərəcədə Rusiyadan (Xəzər Boru Kəməri Konsorsiumu – CPC vasitəsilə, ixracın təxminən 80 faizi) asılıdır. Ukrayna Silahlı Qüvvələrinin Novorossiyskə endirdiyi zərbələr bu infrastruktur üçün birbaşa təhlükə yaradır və Astananı hasilatı azaltmağa məcbur edir. Bu isə dövlət büdcəsinə zərbə vurur və ölkəni daha mürəkkəb, eyni zamanda daha bahalı alternativlər axtarmağa vadar edir.
İkincisi, strateji risklər mövcuddur. Uzanan münaqişə Qazaxıstan üçün birbaşa təhlükələr yaradır: pilotsuz uçuş aparatlarının hücumları artıq ölkə sərhədlərinin yaxınlığında baş verir, Rusiyadakı iqtisadi qeyri-sabitlik isə ümumi bazara mənfi təsir göstərir.
Üçüncüsü isə bu, Qazaxıstanın suveren mövqeyidir. Tokayev münaqişənin “dondurulması” ilə bağlı baxışını açıq şəkildə ifadə etməklə ölkəsinin müstəqil mövqeyini nümayiş etdirdi. Eyni zamanda, vasitəçi rolundan imtina edərək dialoq üçün manevr imkanını qoruyub saxladı. Bu, hansısa tərəfi dəstəkləmək deyil, milli maraqların müdafiəsidir.
Ona görə də sizin ehtimalınız tamamilə doğrudur: bu təşəbbüs milli iqtisadiyyatı və təhlükəsizliyi döyüş meydanından xeyli uzaqlara yayılan nəticələrdən qorumaq istəyindən irəli gəlir”, – Munbayev vurğulayıb.
Rauf Orucov