Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublunun telefonuna gələn mesaja polis cavab verir

Müxalifət fəalı Tofiq Yaqublunun məhkəmə istintaqı başa çatmaq üzrədir. 

Artıq ittiham tərəfin şahidlərinin dindirilməsi yekunlaşıb. T.Yaqublunun həyat yoldaşı Maya Yaqublu və daha bir nəfər də hadisə yerində olub, onlar istintaqda dindiriliblər. Vəkilləri onların da məhkəmədə dindirilməsi məsələsini qaldırıblar. Bu vəsatət təmin edilib. M.Yaqublu və İ.İsmayılov sentyabrın 1-də keçiriləcək növbəti məhkəmə iclasında dindiriləcəklər.

T.Yaqublu martın 22-də həbs olunanda onun telefonunu polislər həyat yoldaşından alıblar. Martın 27-də telefona müdaxilə olunub. Bu barədə onun vəkilləri avqustun 28-də məhkəmədə bildiriblər. Vəkillərin sözlərinə görə, T.Yaqubluya “WhatsApp” proqramı vasitəsilə göndərilmiş mesaj martın 27-də ona çatıb. Vəkillər bunu təsdiqləyən görüntü çıxarışını da hakimə təqdim ediblər. Əlavə ediblər ki, bir gün sonra başqa bir nömrədən həmin şəxsə mesaj göndərilib, T.Yaqubluya niyə yazdığı soruşulub.

“Bir tərəfdən Tofiq Yaqublunun telefonuyla çəkdiyi videogörüntülərə baxış keçirilmir. İddia olunur ki, telefonun kodu vardı, açmaq mümkün olmadı. Amma digər tərəfdən, göndərilən mesajlara baxılır. Onun xəbəri olmadan telefonundan istifadə həm də şəxsi həyata müdaxilədir. Telefon həmin vaxt polis idarəsində olduğuna görə bu, həm də dövlət oranında həyata keçirilmiş cinayətdir. Xahiş edirik, bu məsələnin araşdırılması, cinayətə yol verən şəxslərin müəyyənləşdirilib, cəzalandırılması üçün xüsusi qərardad çıxarılsın”, - deyə vəkillər bildirib.

Amma vəsatət təmin olunmayıb.

Xeyli vaxtdır ki, T.Yaqublu və vəkilləri məhkəmədə zərərçəkmiş qismində çıxış edən ər-arvadın – Elxan Cəbrayılov və Cəvahir Cəbrayılovanın martın 19-dan 22-nə qədər əlaqə saxladıqları telefon nömrələri, hadisə günü olduqları ərazilərlə bağlı anten dairələrinin müəyyənləşdirilməsini tələb edir. Bu məqsədlə mobil operatorlara sorğu göndərilməsini istəyirlər. Hər dəfə hakim Nəriman Mehdiyev bu vəsatəti baxılmamış saxlayır, vaxtı çatanda qərar veriləcəyini deyirdi.

Avqustun 28-də məhkəmədə hakim bu məsələ ilə bağlı da qərarı elan edib – vəsatət təmin olunmayıb.

T.Yaqublu xüsusən bu məsələnin araşdırılmamasına sərt reaksiya verib: “Nə haqla təmin etmirsiz? Hakim olsaydınız, həqiqətin üzə çıxmasını istəyərdiniz”. 

Telefona məhkəmədə baxış keçirilməsi barədə vəsatət isə təmin edilib. Amma T.Yaqublu və vəkilləri güman edir ki, telefona müdaxilə edildiyinə görə hadisənin görüntülərini oradan siliblər.

T.Yaqublu martın 22-dən həbsdədir. İttihamda yazılıb ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Gülər