Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublunun avtomobili özünə qaytarılmır

Müsavat Partiyası və Milli Şuranın fəalı Tofiq Yaqublu ay yarıma yaxındır ki, azadlığa buraxılıb. Lakin o, həbs olunarkən əlindən alınan telefonu və avtomobili bu günə qədər özünə qaytarılmayıb.

Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində T.Yaqublunun işinə baxılarkən onun vəkilləri bu barədə vəsatət qaldırıblar. Vəkillər bildiriblər ki, heç bir əsas olmadan şəxsin əmlakının əlindən alınması, ondan istifadə etməyə imkan verilməməsi mülkiyyət hüququnun pozulmasıdır. Onların sözlərinə görə, T.Yaqublunun maşınının qaytarılması onun apellyasiya şikayətinə baxılmasına mane olmur. Yəni apellyasiya şikayəti üzrə məhkəmə başa çatmadan da bu qərarı vermək olar. Vəkillər qeyd ediblər ki, T.Yaqublunun ailəsinin avtomobilə ehtiyacı var. “Telefonun qaytarılmamasının isə ümumiyyətlə, heç bir məntiqi yoxdur. Sübut kimi də tanınmayıb”, - deyə vəkil Aqil Layıc söyləyib.

T.Yaqublu da bildirib ki, oğlu hazırda Qarabağ uğrunda döyüşlərdədir, ailənin hər an avtomobilə ehtiyacı var: “Bu saxta cinayət işinə elə indi xitam verilməlidir. Yox, xitam verməyib, prosesi davam etdirirsinizsə, heç olmasa, maşının qaytarılması məsələsində müstəqil qərar verin. Bu ki, xüsusi əhəmiyyət kəsb edən məsələ deyil. O maşına mənim, ailəmin ehtiyacı var. Bu, həm də insanlıq məsələsidir. Oğlum cəbhə bölgəsindədir. Hər an hər şey ola bilər”.

Vəkillər apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (yenidən dindirmələr keçirilməsi, sübutların araşdırılması) baxılması barədə vəsatət qaldırıblar. Belə əsaslandırıblar ki, Nizami rayon Məhkəməsində bu işə obyektiv baxılmayıb, hərtərəfli araşdırma aparılmayıb. T.Yaqublunun müdafiə hüququnun pozulduğunu vurğulayan vəkillər ona ifadə verməyə də şərait yaradılmadığını söyləyiblər.

Hakim Elmar Rəhimov nə avtomobilin qaytarılması, nə də məhkəmə istintaqı aparılması haqda vəsatəti təmin edib. Hakim bildirib ki, Nizami rayon Məhkəməsinin hökmündə avtomobillə bağlı məsələ yer alıb. Orada yazılıb ki, hökm qanuni qüvvəyə minəndən sonra avtomobil qaytarıla bilər. Hökm isə apellyasiya instansiyasının qərarından sonra qüvvəyə minir.

T.Yaqublu “Press Klub”a deyib ki, birinci instansiya məhkəməsindəki iclaslarda baş verənlər protokollara təhrif olunmuş şəkildə yazılıb: “İfadələr, hətta mənim öz dediklərim də təhrif olunub. Bunu məhkəmə iclas protokolları ilə tanış olanda gördük. İclaslardan birincə mənim üç vəkilimdən ikisi iştirak etmirdi, mən prosesin bu şəkildə keçirilməsinə etiraz etmişdim. Bu məsələdə də saxtakarlıq edib, yazıblar ki, guya mən bir vəkillə prosesin davam etdirilməsinə razılıq verdim. Ən adi məsələlərdə belə saxtakarlıqdan çəkinmədilər”.

Xatırladaq ki, T.Yaqublu bu il martın 22-də həbs olunub. Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə təqsirli bilinərək 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökm elan olunmamışdan bir gün əvvəl – sentyabrın 2-də aclıq aksiyasına başlayıb. T.Yaqublu aclığın 17-ci günündə - sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Gülər