Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublu aclıq aksiyasına başladı

Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublu aclıq aksiyasına başladığını bildirib. Bu barədə o, sentyabrın 2-də Nizami rayon Məhkəməsində son sözünü deyərkən məlumat verib.

T.Yaqublunun məhkəməsini izləmək üçün 200-dən artıq adam məhkəmə binasının önünə toplaşsa da, yenə qızı Nigar Həzidən başqa heç kim içəri buraxılmayıb. T.Yaqublu buna etiraz edib: “Necə olur, Ramiz Mehdiyevin kürəkəninin məhkəməsinə bütün jurnalistlər buraxılır, canlı yayım verilir, Tofiq Yaqublunun məhkəməsinə isə heç kimi buraxmırlar?!”

T.Yaqublu son sözündə deyib ki, həbsdə olduğu ayları, illəri, günləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə ithaf edir.

İttiham olunduğu xuliqanlıq cinayəti haqda danışan T.Yaqublu bildirib ki, ümumiyyətlə, belə bir hadisə olmayıb:

“Onsuz da bilirəm ki, Prezident Administrasiyasından gələn sifarişi elan edəcəksiniz. Heç danışmaya da bilərəm. Əslində, olmayan şeyi danışmaq da mümkün deyil. Elə hadisə olmayıb. İlk dəfədir ki, bütün ailə şərləmədə iştirak edir. Mən ilk dəfə 1998-ci ildə, 12 sentyabr hadisələri vaxtı şərlənmişəm. İndi bu Nizami rayon Məhkəməsinin sədri olan Ələddin Cəfərov o zaman sifarişlə mənim haqqımda hökm çıxardı. Adamı nə qədər şərləyərlər? Əslində, mən günahsızlığımı sübut eləməli deyiləm. Ləyaqətiniz olsaydı, siz mənim cinayət törətdiyimi sübut eləməliydiniz. Əgər mən cinayətkar olsaydım, Ramiz Mehdiyevin nəvəsinin toyunu göstərdikləri kimi, mənimlə bağlı görüntüləri də bütün günü yayardılar”.

T.Yaqublu deyib ki, əgər cinayət törətsəydi, kamera görüntülərinin ortaya qoyulmasını tələb etməzdi. Onun sözlərinə görə, qarşı tərəf böhtan atdığına görə, həmin görüntülərin gizlədilməsində maraqlıdır. O, çıxışının sonunda aclığa başladığını bildirib:

“Mən qələbəyə qədər davam edəcəyəm. Azərbaycanda hüquqi dövlət qurulmalıdır!”

T.Yaqublunun son sözündən sonra hakim müşavirəyə gedib. Hökm sentyabrın 3-də elan olunacaq.

Xatırladaq ki, T.Yaqublu martın 22-dən həbsdədir. Prokuror ona 4 il 6 ay həbs cəzası verilməsini istəyib. Onun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Gülər