Logo
news content
User
Kateqoriyalar

Analitika

Tofiq Yaqublu aclığı dayandırdı və xəstəxananı tərk etdi

On yeddi gündür həbsdə aclıq edən Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbiri bu gün ev dustaqlığı ilə əvəzləndi.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində T.Yaqublunun şikayəti üzrə ilkin baxış iclasında bu barədə qərar verilib.

İclasda T.Yaqublunun vəkilləri Aqil Layıc və Elçin Sadıqov onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Vəsatəti prokuror da müdafiə edib.

İclasda məlum olub ki, Penitensiar Xidmət məhkəməyə arayış göndərib. Arayışa TƏBİB-in rəyi də əlavə olunub. Rəydə T.Yaqublunun səhhətindəki problemlər əksini tapıb.

Elmar Rəhimov, Kamran Əkbərov və Əmir Bayramovdan ibarət hakimlər kollegiyası bir dəqiqəlik müşavirədən sonra müdafiə tərəfinin vəsatətinin təmin olunduğunu açıqlayıb.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 28-də davam etdiriləcək.

T.Yaqublu bu qərardan sonra aclıq aksiyasını dayandırıb. Xəstəxanada ona ilkin olaraq şorba verilib.

T.Yaqublu həbsdən buraxılandan sonra qızı Nərgizin məzarını ziyarət etmək üçün qəbristanlığa yollanıb.

Gülər