Logo
news content
User
Kateqoriyalar

Analitika

“Təşkilatımla qürur duyuram”

Ülviyyə Şahin

“15 ildir Dünya Səhiyyə Təşkilatında çalışıram, heç vaxt indiki qədər təşkilatımla qürur duymamışam”.

Bunu Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı onlayn mətbuat konfransında bildirib. O, qurumun pandemiyanın qarşısının alınması sahəsində qısa müddətdə tədbirlər gördüyünü deyib:

“Bu məlumatları bütün dünya ilə paylaşdıq. Bu cür təşkilatların tənqid olunması çox normaldır. Biz küsmürük, çünki əslində həmin ölkələr üçün çalışırıq. Hər il onlar bizim işimizi, büdcəni yoxlayır. Hər il 194 üzv ölkənin səhiyyə nazirləri Cenevrədə toplaşıb, bütün texniki, maliyyə məsələlərinə baxırlar. İlk dəfə bu il tədbir onlayn olacaq”.

Harmancı əsas donor ölkənin - ABŞ-ın tənqidlərinə məruz qalan təşkilat rəhbərinin dəyişməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verdi:

“Normal zamanda direktorlar seçki ilə gəlib-gedirlər. Bütün dünyanın seçdiyi direktoru hansısa bir ölkənin vəzifədən azad etməsi mümkün deyil. Amma hazırda görmədiyimiz maraqlı məqamlar da gerçəkləşir ki, indiyə kimi belə məqamlara rast gəlməmişdik. Pandemiya da indiyə qədər görmədiyimiz tərzdə bir pandemiyadır. Hər şey ola bilər. Biz hər bir şeyə hazırlıqlıyıq. Amma konkret olaraq deyə bilərəm ki, hazırda qürur duyduğum bir təşkilatın içindəyəm. Təşkilat bütün dünyada pandemiyaya qarşı mübarizə aparmaqdadır.”

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Dünya Səhiyyə Təşkilatını koronavirus epidemiyası barədə ölkələri vaxtında xəbərdar etməməkdə və Çinin maraqlarına xidmət etməkdə günahlandırıb. O, təşkilatın maliyyələşdirilməsini dayandırdıqlarını açıqlayıb.