Logo
news content
User
Kateqoriyalar

Analitika

Tək “dostum və qardaşım” yox,  yol yoldaşım Türkiyə! 

44 günlük müharibənin gedişində Qarabağ mövzusu ilə məhdudlaşmayan maraqlı məqamlar ortaya çıxmaqda idi. Müşahidələr göstərirdi ki, Türkiyə və Azərbaycanın siyasi münasibətləri hökumətlərin münasibətləri çərçivəsinə düşüb. Bəzən isə daha da daralaraq, şəxslərin münasibətlərinə çevrilir. 

Bakı və Ankara arasında daha bir yol 

Əlbəttə, milyonlarla insanın qarşılıqlı mənəvi dayanışması, bağlılığı öz yerində, amma iki qardaş xalqın əlaqələri nədən belə daralmalıdır? Bu cür qeyri-institusional münasibətlər həm də şəxslərin emosiyalarından asılı olaraq, kövrək xarakter ala bilir. Dəfələrlə müşahidə etmişik ki, hətta Azərbaycan parlamentində hakim partiya üzvlərinə anti-Türkiyə çıxışları üçün göstəriş verilib, onlar da bunu icra ediblər.

Əlbəttə, indi vəziyyət fərqlidir. Artıq Şuşa şəhərində imzalanmış hərbi və təhlükəsizlik sahələrində qarşılıqlı yardımlaşma sənədi bu istiqamətdə bir mərhələni geridə qoydu. Həmin sənədə dair tənqidi qeydlərim də var, onları sosial şəbəkədə bölüşdüyümə görə və bu yazının ümumi məqsədinə xələl gətirməmək üçün burada eyni məsələyə toxunmuram. Fəqət, düşünürəm ki, görüləsi işlər qurtarmayıb və hətta yeni başlayır. Çünki 44 günlük müharibə zamanında da aydın sezilirdi ki, Türkiyə və Azərbaycandaki siyasi partiyalar ya bir-birlərinin mövqelərini bilmirlər, ya da bu mövqeləri uzlaşdırmaq imkanına malik deyillər. Belə vəziyyət hər iki ölkənin siyasi təşkilatları üçün mühüm çatışmazlıqdır. Türkiyədən Azərbaycana gələn parlament heyətləri burada digər siyasi partiyalarla, demək olar ki, görüşə bilmirlər. Çünki parlamentdə real müxalifət təmsil olunmur, ondan kənarda isə səfər proqramları lazımı imkanı təmin etmir. Beləliklə, təşəbbüs göstərmək lazım idi.  

“Tanışlıq” başladı 

Türkiyəni və Azərbaycanı yaxından bilən təcrübəli dostlarla məsləhətləşdik. Aydın oldu ki, ilkin görüşlər və Türkiyə haqqında danışanda nə qədər qəribə səslənsə də, tanışlıq üçün imkanlarımız var. Beləcə, ölkələrimizin yerləşdiyi regionlarda üzləşdiyi problemləri birgə müzakirə etmək üçün Türkiyəyə yollandıq. 

Ankarada Gələcək Partiyasının sədr müavini, Türkiyənin İranda, Rusiyada səfiri olmuş Ümit Yardımla görüşdük. Bu partiyanın başında Türkiyənin sabiq xarici işlər naziri və baş naziri Əhməd Davudoğlu durur. Ümit bəy həm də Azərbaycanda diplomatik vəzifə tutduğu üçün region məsələlərini dərindən bilir.

İkinci görüşümüzü CHP qərargahında Türkiyənin Azərbaycandakı sabiq səfiri Ünal Çeviközlə keçirdik. Xalqlarımızın sosial vəziyyətindən tutmuş, bölgədəki təhdidlərə qədər, bütün məsələlərə nəzər saldıq. 

İYİ Partiyada Əhməd Kamil Ərozanla görüş zamanı Türkiyəni ATƏT daxil olmaqla, bir sıra mühüm təşkilatlarda və ölkələrdə təmsil etmiş həmsöhbətimiz bütün mövzulara dair çox maraqlı düşüncələrini ortaya qoydu. Qərbin dünya və bölgə siyasəti qarşılığında Azərbaycan və Türkiyə kimi yaxın ölkələr necə bir siyasət yürütməlidir? Bizim üçün əsas təhlükə haradan gəlir? Milli siyasətimizə əsl zərbə olan tərəddüdlü xarici siyasətin yolverilməzliyi, gələcəyə aydın bir proqramla getməyin daha doğru olduğu barədə ətraflı danışdıq.  

Maraqlı görüşlərdən biri də Səadət Partiyasında oldu. Mustafa Qaya partiyanın xarici siyasətinə məsul sədr müavindir. Onunla radikal sağçı baxışların bölgədə ciddi gərginliklərə səbəb olduğu, Türkiyənin təkcə burada yaşayan türk və müsəlman toplumlarına deyil, hər kəsə güvən verməsinin vacibliyi barədə də söhbət etdik. “Milli görüş”ün təmsilçisi olan partiyada bu qədər praqmatik, rasional və çağdaş dəyərlərə bağlı konstruktiv siyasətin düşünülməsi məni yaxşı mənada təəccübləndirdi. Yəqin ki, təəccübün səbəbi yaxından izləməmək, təmasda olmamaqdır... 

Səfərimiz başa çathaçatda mediadan oxudum ki, Azərbaycanın hakim partiyasından bir qrup millət vəkili Türkiyəyə gəlib və oranın hakim partiyasında görüşlər keçirir. Sözün açığı, bu xəbərə xeyli sevindim. Çünki mesajımız, hansı yolla olursa olsun, nəhayət, anlaşılmışdı. Münasibətlər şəxslərin deyil, qurumların, quruluşların arasında yaradılmalı və yaşadılmalıdır. 

Bir az da siyasətdən kənar... 

“Siyasi  görüşlər” arasında bir çox dostlar və ziyalılarla ünsiyyətə də imkan tapdıq. Tarixçi alim, vaxtilə Azərbaycanda çalışmış Mustafa Görüryılmaz, professor Həsən Oktay və sabiq diplomat, jurnalist Turqut Ərlə görüşlərimiz xüsusi ovqatda keçdi. 28 may - Respublika günündə böyük Məhəmməd Əmin Rəsulzadənin məzarı başında olmaq ayrı bir qürur verdi. Onun yaradıcısı olduğu Azərbaycan Kültür Dərnəyinin rəhbərliyi, xüsusilə böyük Azərbaycan sevdalısı Cəmil Ünalla qısa söhbətimiz yaddaqalan idi. 

Nəhayət, yenə əvvələ qayıdaq 

Belə göründü ki, ilkin qənaətimiz doğrudur: eyni dildə danışmaq, yazmaq  və oxumaq tam əlaqələrin qurulması üçün hələ kifayət deyil. Üz-üzə  oturub danışmaq, fikir mübadiləsi aparmaq daha qalıcı və davamlı əlaqələr baxımından vacibdir. Xüsusilə Azərbaycan üçün!  Çünki Türkiyə bizə təkcə qardaş ölkə deyil, həm də gələcəyə yol yoldaşıdır. Məsələn, Rusiya və Ukrayna da qardaşdır, amma yolları ayrılmış qardaşlardır. Onların yollarını ayıran ən ciddi faktor isə bu ölkələrin liderlərinin öz xalqlarının və ictimai institutlarının prosesdə rolu ilə hesablaşmadan yaxınlıqları oldu. Putinin Kuçma və Yanukoviçlə partiyalarsız, vətəndaş cəmiyyətsiz “qardaşlığı” Ukrayna ilə Rusiyanı ayrı saldı. Bizim isə Türkiyə ilə gediləcək uzun və aydın bir yolumuz var. Ona görə də təkcə hakimiyyətlərin deyil, bütün təsisatların əlaqəli şəkildə fəaliyyəti alternativsiz görünür.

Bu sətirlər yazılarkən Türkiyə Azərbaycanın Şuşa şəhərində konsulluq açmaq barədə qərarını açıqladı. Bu xoş xəbərin daha ciddi birgə uğurlara, sülhə, firavanlığa, demokratiyaya töhfə verəcətinə inanaraq Türkiyədəki bütün dostları bir daha salamlayıram. 

Müəllif: Seymur Həzi