Logo
news content
User
Kateqoriyalar

Analitika

Təhlükəli oyun və ya Tehranın növbəti uğursuz cəhdi
Ekspert: “İsrail-Azərbaycan əməkdaşlığını həzm edə bilməyən İranın Bakıda terror aktı hazırlaması təəccüb doğrumur”

İsrailin Azərbaycandakı səfirliyinə qarşı terror cəhdinin arxasında İran dayanır. Bu barədə “Times of Israel” qəzeti İsrailin xarici işlər naziri Eli Kohenə istinadən yazıb.

Kohen Serbiyaya səfəri zamanı bəyan edib ki, İsrail səfirliyinə qarşı terror cəhdinə görə Tehran məsuliyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanda saxlanılan terrorçu İrandan maliyyələşib və oradan təlimat alıb.

“İran qlobal terror təhlükəsi yaradır. İsrailin Azərbaycandakı səfirliyinə qarşı terror cəhdindən, eləcə də Kipr və Yunanıstanda israillilərə və yəhudilərə hücum cəhdlərindən sonra biz bir daha bunu gördük”, - Kohen bildirib.

Xatırladaq ki, iyulun 10-da Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti adı açıqlanmayan xarici dövlətin səfirliyinə qarşı terror aktları planlaşdırmaqda şübhəli bilinən Əfqanıstan vətəndaşı Fəvzan Musa Xanın saxlanılması barədə məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti Əfqanıstan vətəndaşının Hyatt Regency otel kompleksinin ətrafındakı ərazidə müşahidə aparmasının videosunu yayıb. Qeyd edək ki, burada digər qurumlarla yanaşı İsrail səfirliyi də yerləşir.

Maraqlıdır, Tehran İsrailin diplomatik missiyalarına bu cür hücumlarla nəyə nail olmaq istəyir? Çaxnaşma salmaq məqsədi güdür? Azərbaycan niyə potensial terror aktının məkanı kimi seçilib? Axı qonşu Gürcüstanda və Ermənistanda da İsrail səfirlikləri var. Burada hansı məqsəd güdülür, bunun nə mənası var? Bu, Azərbaycanı qeyri-stabil, etibarsız dövlət kimi təqdim etmək cəhdidir?

Baş verənləri Press Kluba şərh edən politoloq, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl qeyd edir ki, İran İslam Respublikası yaranandan bəri bu ölkədə yerləşən xarici dövlətlərin səfirlikləri terror hücumlarının hədəfinə çevrilib.

“Ötən əsrin 70-ci illərinin sonlarında İranda islam inqilabı baş verən zaman ABŞ səfirliyinə hücum və bu missiyanın üzvlərinin uzun müddətə girov saxlanılması rejiminin gələcək siyasi kursunun mahiyyətini göstərdi. Sonrakı illərdə isə bir sıra Avropa ölkələrinin, Səudiyyə Ərəbistanının və nəhayət, Azərbaycanın səfirliklərinə edilən hücumları xatırlatmaq kifayətdir. Buna görə də, İsrailin Bakıdakı səfirliyinə qarşı planlaşdırılan terror aktı təəccüblü deyil”, - ekspert bildirib.

Onun fikrincə, bu halda əsas hədəf təkcə İsrail deyil, həm də Azərbaycandır. “Məlumdur ki, Azərbaycanla İsrail arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi münasibətlərin dinamik inkişafı və uzun müddətdən sonra Azərbaycanın İsraildə səfirliyinin açılması İran tərəfindən adekvat qarşılanmır. İranın, guya “sionist rejimi regionda güclənir” bəhanəsi ilə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi də buna sübutdur”, - politoloq qeyd edib.

İ.İsmail hesab edir ki, sonuncu halda İran İsrailin Azərbaycandakı səfirliyini hədəf götürməklə ölkələrimiz arasında münasibətləri pozmaq, inamsızlıq yaratmaq və gələcək əməkdaşlığa xələl gətirmək üçün seçib.

“Adətən İran xüsusi xidmət orqanları üçüncü ölkələrin vətəndaşlarını cəlb etməklə terror həyata keçirirlər. Buna görə də, İsrail səfirliyinə hücum həyata keçirməli olan şəxsin Əfqanıstan vətəndaşı olması təəccüb doğurmur. Bundan əvvəl İranın Kipr və Yunanıstanda yəhudi millətinin nümayəndələrinə qarşı hazırladığı terroru aktının icra edəcək şəxslər də Azərbaycan vətəndaşları idilər.

İranın hazırladığı terror aksiyasının ifşa edilməsi Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ciddi uğurudur”, - deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov