Logo
news content
User
Kateqoriyalar

Analitika

Tarix diletantları sevmir 

Müəllif: Ramiz Abutalıbov

Məmməd Əmin Rəsulzadənin ölümündən 65 il keçir. Birinci Azərbaycan Respublikasının yaranması və onun itirilmiş müstəqilliyinin bərpası uğrunda çoxillik mübarizə bu şəxsin adı ilə bağlıdır. 

Həmin ərəfədə “Kitab klubu”nun Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar panturanizm haqqında” əsərini nəşr etməsi sevindiricidir.  Kitaba həm əsərin 1930-cu ildə Parisdə Qafqazın müstəqilliyi Komitəsi tərəfindən çap olunmuş orijinal nüsxəsi («О пантуранизме в связи с кавказской проблемой»), həm də onun Azərbaycan dilinə tərcüməsi daxil edilib. Buraya M.Ə.Rəsulzadə və Əhməd bəy Ağaoğlu haqqında fundamental monoqrafiyalar müəllifi, t.e.d. Aydın Balayevin qeydləri və izahları da əlavə olunub. 

Rəsulzadənin bu əsəri Zarevandın (həmin ad altında ər-arvad Zaven və Vartui Nalbandyanlar gizlənirdilər) o illərdə Parisdə dərc olunmuş pamfletinə cavabdır. “Türkiyə və panturanizm” adlanan pamflet Anadolu və Rusiya türklərinin ünvanına böhtan və həqarətlərlə dolu idi.

M.Ə.Rəsulzadənin fəaliyyəti və zəngin publisistik irsi ilə ictimaiyyətin tanışlığı SSRİ Nazirlər Şurası yanında Xüsusi arxivin sənədləri üzərindən məxfilik damğası götürüldükdən sonra başladı (hazırda onun fondları Rusiya Dövlət Hərbi arxivinin (РГВА) tərkibinə daxildir). Eyni zamanda, ABŞ-ın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın, Türkiyənin, Polşanın da arxivlərinin qapıları keçmiş sovet düşərgəsinə daxil olan ölkələrdən alimlərin üzünə açıldı. 

Amma bu yeni imkanlara baxmayaraq, hələ də elə alim və publisistlər tapılır ki, savadı çatışmadığı üçün, ya məqsədli şəkildə Rəsulzadənin adını qaralamaq xəttini  əldən buraxmır, onun fikir və baxışlarını təhrif edir, hərəkətlərinə qərəzli və bəsit qiymət verir. Əlbəttə, belələri köhnə yarlıqlarını asmağı və möhürlərini vurmağı da unutmurlar.

Jurnalist Aleksandr Xaldeyin bu yaxınlarda Regnum saytında dərc olunmuş “Nasist əlaltılarının reabilitasiyası Azərbaycanda kimə gərək olub?” https://regnum.ru/news/polit/2815475.html məqaləsi dediklərimizə yeni sübutlardan biridir. Həmin məqalə, yumşaq tərzdə desək, qeyri-professionallığın bariz nümunəsidir. 

Hazırda tarixçilərə və XX əsrin əvvəllərində Qafqaz problemləri ilə maraqlanan hər kəsə açıq olan yeni materiallar qarşımızda fərqli, “yüyrək qələmli” bəzi müəlliflərin, o cümlədən jurnalistlərin təqdim etmək istədiklərindən xeyli mürəkkəb mənzərə açır. 

Hələ 1941-ci ilin yanvarında nasist partiyasının xarici siyasət idarəsinin rəhbəri Alfred Rozenberq “Şərq ərazilərində” işləri necə qurmaq barədə məsələyə öz baxışını Hitlerə təqdim etmişdi (“Pozenberq planı” tam həcmdə nəşr olunub). İkinci Dünya müharibəsi qızışınca, cəbhə xətti genişlənincə, alman hökuməti sovet respublikalarının əhalisini bolşevizmlə mübarizədə öz müttəfiqinə çevirmək strategiyasını da tam gücü işə saldı. Artıq 1941-ci ilin oktyabr-noyabr aylarında müxtəlif millətlərdən olan sovet hərbi əsirlərindən xüsusi hissələr – “milli legionlar” – formalaşdırılmağa başlandı. Ancaq nəzərə almaq lazımdır ki, nasistlər buna öncədən hazırlıq görürdülər: hələ SSRİ ilə müharibəyə başlamazdan əvvəl Berlin gələcək planlarına zəmin yaratmaq üçün sovet respublikalarından, o cümlədən Azərbaycandan olan siyasi mühacirlərlə “mehriban” münasibətlər qurmağa çalışırdı. 

Rəsulzadə ilk vaxtlardan bu məsələdə kifayət qədər ehtiyatlı, ölçülüb-biçilmiş mövqe tutmuşdu. Çünki silahdaşlarının köməyi ilə məlumat ala bilmişdi ki, bəlağətli ifadələrə və şirin vədlərə baxmayaraq, almanlar, hətta SSRİ-yə qalib gəlsələr belə, Qafqaz xalqlarının müstəqilliyini bərpa etməyə hazırlaşmırlar. Azərbaycan da istisna təşkil etmirdi.

Bundan başqa, sosial-demokrat baxışlı bir siyasətçi kimi, nasistlərin “irqi alilik” nəzəriyyəsi M.Ə.Rəsulzadəyə tamamilə yad idi. Eyni fikri onun “Daşnaksütun” partiyasından olan və mühacir həyatı sürən müasirləri haqqında demək mümkün deyil. Misal üçün, elə həmin Q.Njde milli-şovinizm ideyalarının qızğın təbliğatçısına çevrilmişdi, hələ 30-cu illərin ortalarında dərc etdiyi əsərlərində “Erməni fövqəlinsanı hadisəsi” barədə aləmə car çəkirdi (“Tayfa ruhunun sıçrayışı”, səh. 32). Hətta humanist-yazıçı Raffi ilə polemikada Njde öz soydaşlarını da “insan sürüsünün sayını artıran, bölünmüş fərdlərdən ibarət” kütlə adlandırırdı. 

1942-ci ilin aprel ayının sonuna yaxın Qafqaz mühacirlərinin nüfuzlu nümayəndələrini Berlində topladılar. Onlar “Adlon” mehmanxanasında yerləşdilər, danışıqlar da elə burada gedirdi. İştirakçıların tərkibi rəngarəng idi. Azərbaycan heyətinə Rəsulzadənin tərəfdaşları ilə yanaşı, ona müxalif mövqedə duran X.Sultanov, X.Xasməmmədov, F.Əmircan da daxil edilmişdi. 

Əvvəllər Azərbaycan tarixçiləri və digər ölkələrin alimləri Rəsulzadənin Berlində birinci Azərbaycan milli komitəsinin fəaliyyətinə rəhbərlik etməyə razılıq verdiyini yazırdılarsa, son illər aşkarlanmış arxiv materialları bunun əksini sübut edir: Rəsulzadə belə razılıq verməyib və adı çəkilən komitənin başında durmayıb. 

Tarixçi İ.Giləzov yazır: “Rəsulzadə təkid edirdi ki, Almaniya perspektivdə Azərbaycanın siyasi müstəqilliyi haqqında şüarı rəsmən tanısın. Ancaq nasist rəhbərliyi belə siyasi bəyanatlara hazır deyildi, ona görə Rəsulzadə 1942-ci ilin payızında Almaniyanı tərk etdi və azərbaycanlılar arasında onun siyasi opponentləri ön mövqeyə çıxdılar”.

A.Balayev hesab edir ki, M.Ə.Rəsulzadənin bu danışıqlara dəvəti “ilk növbədə onunla şərtlənirdi ki, Müsavat lideri Azərbaycan mühacirətində görkəmli fiqur olaraq qalırdı, Üçüncü Reyxin Şərq ərazilərinə dair planlarını gerçəkləşdirmək üçün onun nüfuzu və imkanlarından istifadə çox cəlbedici görünürdü”.

M.Ə.Rəsulzadənin heyrətamiz siyasi hissiyyatı, uzaqgörənliyi onu yanıltmadı: o, milli məsələnin həllinə dair Hitlerin planlarından baş aça bildi və özünü vədlərlə aldatmağa imkan vermədi. 

Haqlı olduğumuzu sübut edən daha bir misal. Azərbaycan milli komitəsinin üzvü Cabbar Məmmədzadə (mühacirətdə – Ərtürk) xatırlayır: “Nə azərbaycanlıların lideri Məmməd Əmin Rəsulzadə, nə Azərbaycanın keçmiş dövlət xadimlərindən onu əhatə edən şəxslər almanlarla əməkdaşlığa getmək və yaradılmış milli komitəyə öz təcrübələri ilə dəstək vermək istədilər”. 

Bu da maraqlıdır ki, Qafqaz xalqlarının komitələrinə siyasi funksiyalar verməkdən hər vasitə ilə yayınan alman hökuməti rəsmi sənədlərdə onları komitə deyil, “milli komissiya” adlandırırdı (mühacirlər isə, əksinə, öz yazışmalarında yaratdıqları qurumlara “komitə” deyirdilər). Müasir alman tarixçisi Patrik fon Sur-Mülenin məlumatına görə, gürcü və erməni milli komissiyaları, heç olmasa, kağız üzərində yaradıldılar, birinci Azərbaycan komissiyası isə yalnız Rəsulzadənin adı ilə bağlı olan epizod şəklində qaldı”.  

Bəs əslində nasist rəhbərliyinin Məmməd Əminə münasibəti necə olub? Türkiyədəki alman səfiri F. fon Papen 1941-ci ilin avqustunda Berlinə öz rəhbərliyinə xəbər göndərirdi ki, bu şəxsə münasibətdə ehtiyat nümayiş etdirmək lazımdır.

Aydın Balayev bildirir ki, 1942 və 1943-cü illərdə Berlin bir necə dəfə Rəsulzadəni əməkdaşlığa sövq etməyə cəhd göstərib, amma cəhdlər nəticəsiz qalıb. Rəsulzadənin 1943-cü ildə Azərbaycan legionerləri qarşısındakı çıxışı Almaniyanın hakim dairələrinin onunla bütün əlaqələri kəsməsinə səbəb olub. Bu çıxışda Rəsulzadə Azərbaycan legionerlərini azadlıq uğrunda mübarizə aparan xalqlara qarşı silah qaldırmamağa çağırıb. Eyni zamanda açıq şəkildə bəyan edib ki, “bir çox xalqların müstəqil və azad dövlət həyatını əlindən almış, onların dövlət müstəqilliyinə son qoymuş Almaniya, kommunist işğalı altında olan Azərbaycana heç vaxt müstəqillik verməyəcək”.

Gürcü tarixçisi G.Mamuliya Şərq nazirliyinin (Almaniyanın işğal olunmuş şərq əraziləri üzrə nazirliyi) rəhbərlərindən olmuş professor Gerhard fon Mendeyə istinadən yazır: “Komitənin buraxılmasına dair qərarının əsas səbəbləri sırasında Rəsulzadə, almanların Azərbaycanın gələcəyi barədə vəd verməkdən imtina etməsi ilə yanaşı, ona və komitənin digər üzvlərinə legionerlərlə işləmək üçün imkan yaradılmamasını göstərir”. 

Azərbaycanın müstəqilliyinin bərpası barədə Rəsulzadənin təklifləri Reyxi qəti qane etmirdi, almanlara milli legionların formalaşdırılması və hazırlanması məsələləri ilə məşğul olmağa hazır xadimlər lazım idi. Bu iş üçün onlar Sovet ordusunun keçmiş mayoru Abo Düdənginskini (əsl adı Əbdürrəhman Fətəlibəyli) seçdilər.

M.Ə.Rəsulzadənin 1942-1943-cü illərdə fəaliyyətinə qısaca nəzər salmaqla qeyd etmək istərdik ki, o, XX əsrin birinci yarısının sosial-demokrat yönümlü görkəmli ictimai-siyasi xadimi (“Ensiklopediya”, Moskva, 2009) və Ümumi Qafqaz Evinin ardıcıl tərəfdarı olub. Qaregin Njde isə milli ayrı-seçkilik təbliğ etməklə, “mənə daxili tayfa əxlaqını rəhbər tutan nəsil verin, mən erməni xalqına günəş altında yer təmin edim” deməklə, bu Evdə öz qonşularının məhvinə çalışıb.

Tərcüməçi: Arif Əliyev