Logo
news content
User
Kateqoriyalar

Analitika

Şuşalılar Şuşaya nə zaman qayıdacaq? 

Müəllif: Seymur Kazımov

Məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə nə zaman qayıdacaqlar? Hazırda ən çox verilən suallardan biri budur. Şuşa küçələrində hərbçi və polis əməkdaşları ilə yanaşı, mülki şəxsləri də görmək mümkündür. Onlar əsasən tikinti-quruculuq işlərinə cəlb olunublar. 

70 yaşlı Qəzənfər Dadaşov vətəninə müharibədən sonra ən tez qayıdan şuşalıdır. Burada çörək sexi işlədir. Müharibədən öncə də Şuşada bu işlə məşğul olub. Məcburi köçkünlük dövründə isə Bakıda tikinti briqadası qurub və ona rəhbərlik edib. Müharibədən sonra Bakıdakı işini köməkçisinə həvalə edib və Şuşaya qayıdıb. 

“Noyabr ayının 13-dən buradayam. İlk vaxtlar şərait yox idi. Şəhər müharibədən yeni çıxmışdı, hava şəraiti iş qurmaq üçün əlverişli deyildi, üstəlik, işıq da yox idi. Şuşaya qayıdanda əvvəl işlətdiyim yerə getdim, ora tamamilə dağıdılmışdı, sonra buraya gəldim, şərait qurdum. Tenderdə söz vermişdim ki, yanvarın 1-dən Şuşada çörək bişirməyə başlayacağıq”, - deyə Q.Dadaşov söyləyir. 

Qəzənfər Dadaşov çörək sexində

Qəzənfər bəyin işçiləri isə Beyləqandan gəliblər və növbəlilik prinsipi əsasında çalışırlar. Sex Şuşada xidmət aparan hərbçi və mülki şəxsləri, o cümlədən otel və hosteli çörəklə təmin edir.  

“Əsas məsələ budur ki, vətəndəyəm. Hələ imkan yoxdur ailə üzvlərim də mənimlə burada yaşasın. Tam şərait yaradıldıqdan sonra onları buraya gətirəcəyəm”, - Dadaşov deyir. 

Avqustun 29-da prezident İlham Əliyevə Şuşanın baş planı təqdim edilib və 1-ci mərhələnin təməli qoyulub. Şuşanın yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Baş planda göstərildiyi kimi, məhəllələr üzrə əhali sayı təxminən 2 min adam nəzərdə tutulub. Ümumi sahəsi 47 min kvadrat metr olacaq məhəllələrdə 25 binanın olacağı planlaşdırılır. Birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. 

Azərbaycan prezidentinin Şuşa rayonunda xüsusi numayəndəsi Aydın Kərimovun sözlərinə görə, təməl atılan ərazinin yaxınlığındakı 5 çoxmənzilli bina da istifadəyə yararsız olduğundan, söküləcək. 

İlk çoxmənzilli binalar burada tikiləcək. Hasarın o tayındakı bina isə söküləcək

Bu iki bina da söküləcək

Şuşada istifadəyə qismən yararlı olan çoxmənzilli binalardan biri təmirdən sonra hostel kimi fəaliyyət göstərir. Şəhərdə son zamanlar keçirilən tədbirlərə çoxsaylı qonaq dəvət olunur və bu məkan da onların yerləşdirilməsi ehtiyacını qarşılayır. 

“Bunlar sovet standartında balaca mənzillərdir. O standartda adambaşına düşən yaşayış sahəsi 11-12 kvadrat metr idi, hazırda tələbat 22-25 kvadrat metrdir. Odur ki, daha müasir binalara ehtiyac var. Köhnə binaların istilik, izolyasiya sistemləri o qədər də güclü deyil”, - Kərimov əlavə edir.  

Şuşada sovet istehsalı olan binalar

Şuşada sovet istehsalı olan mənzil

Bugünədək Şuşada 6 çoxmənzilli bina sökülüb və onların yerində məscid kompleksi inşa edilir.

Şuşada qəzalı vəziyyətdə olan fərdi həyət evlərinin gələcək aqibətindən danışan Kərimov bildirir ki, çoxmənzilli binalar yenə tikiləcəksə, təməli qoyulan məhəllədəki kimi, belə evlər də getməlidir. 

Şuşalı publisist və jurnalist Kərim Kərimli ilə burada rastlaşırıq. O, “Vaqif poeziya günləri”nin iştirakçısı kimi uzun illər sonra şəhərə gəlib. Onun işğaldan öncə yaşadığı Çəmənzəminli küçəsi, ev 7, mənzil 2 ünvanındakı fərdi evi tamamilə dağıdılıb. Evin yerindən sarı otlar boylanır. Bundan əlavə, onun Şuşada daha iki ünvanı olub. Biri Atatürk (keçmiş 28 aprel) küçəsində tikilmiş beşmərtəbəli yeni kooperativ binadakı mənzilidir. Həmin bina salamatdır. Kərim bəy  ora da baş çəkib. İkincisi isə Cıdır düzünün yaxınlığında inşasına başladıqları, lakin müharibə qızışdığına görə yarımçıq qalmış evdir. Yarımçıq tikilini kol-kos basıb.

Çəmənzəminli küçəsində Kərim Kərimlinin fərdi yaşayış evi olub

“Mənim şəxsi fikrim belədir. Əvvəla, Şuşada yaşamağın özü böyük bir xoşbəxtlikdir. Bu mənada – binada mənzildə yaşayacaqsan, ya fərdi evdə, elə də böyük fərqi yoxdur. İkincisi, fərdi evlər olmaya da bilər. Şuşa balaca şəhərdir və nəzərə alsaq ki, gələcəkdə bura ölkənin mədəniyyət paytaxtı və inkişaf etmiş turizm mərkəzi olacaq, o halda, ümumiyyətlə, torpağa, necə deyərlər, qənaət etmək lazım olacaq. Yox, əgər işğala qədər həyət evləri olmuş sakinlər üçün şəxsi ev tikmək imkanı yaradılacaqsa, hökumət bu təşəbbüsü hər hansı formada stimullaşdıracaqsa, o zaman ya öz qabaqkı yerlərimizdə, ya da yeni ayrılacaq yerlərdə mən də məmnuniyyətlə tikintiyə başlayaram. Amma belə bir addımın atılacağına inanmıram, çünki bura şəhərin mərkəzidir və turizm üçün nəzərdə tutulacaq”. 

Xüsusi nümayəndə isə ilk mərhələdə prioritetin infrastrukturun qurulması olduğunu deyir:

“Birinci növbədə su xətlərinin yenidən qurulmasına başlanılıb. Qazanxana-istilik sisteminin qurulması, onları enerji ilə qidalandıracaq yarımstansiyaların inşası həyata keçirilir. Qış mövsümünə hazır olmalıyıq ki, burada yaşayan və işləyən şəxslərin istilik problemi olmasın”.

Hazırda Şuşada tikinti işlərinə cəlb olunmuş şəxslər əsasən köhnə və şəraitsiz binalarda, məntəqələrdə məskunlaşıblar. Yeni məhəllələrdə salınacaq çoxmənzilli binalarda onların özləri və ailə üzvləri yerləşdiriləcək. Uşaqları burada məktəbə gedəcəklər. 

Şuşanın küçələrində ən böyüyünün 12, ən kiçiyinin isə 3 yaşı olan bir dəstə uşağın oynadığının şahidi oluruq. Söhbət zamanı məlum olur ki, uşaqlar atalarının xidməti vəzifələrinə görə 3 aydır ki, buradadırlar. Amma tezliklə daimi yaşadıqları Tərtərə qayıtmalıdırlar, çünki tədris ili başlanır. Şuşada isə 960 şagirdlik məktəbin tikintisi üçün sərəncam cari ilin mayında imzalanıb və büdcədən 3 milyon manat vəsait ayrılıb. 

Məcburi köçkünlərin geri qayıtması ilə bağlı məsələ xüsusi nümayəndəliyin səlahiyyətində deyil. Aydın Kərimov deyir ki, onların əsas profili tikinti-quruculuq işləridir.  

Aygün, Rasim, Asim, Mehdi və Sərxan

Şuşa, 1 sentyabr