Logo
news content
User
Kateqoriyalar

Analitika

Şuşa Bəyannaməsi hansı mesajı verir? 

Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri, orada Türkiyə-Azərbaycan müttəfiqliyi haqqında imzalanan Bəyannamə gündəmin əsas mövzusudur. Bəyannamədə göstərilib ki, tərəflərdən birinin ərazi bütövlüyünə, müstəqilliyinə, sərhədlərinin toxunulmazlığına təhdid yaranarsa, o zaman iki ölkə bir-birinə yardım göstərmək üçün BMT Nizamnaməsinə uyğun olaraq, qarşılıqlı məsləhətləşmələr aparacaq, silahlı qüvvələrin idarəetmə və güc strukturları birgə fəaliyyət göstərəcək. Azərbaycan və Türkiyə Təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi də qərara alınıb. 

Siyasi şərhçi Zərdüşt Əlizadə bu səfəri R.T.Ərdoğanın türk dünyası və müsəlman Şərqində formalaşmış reputasiyasının möhkəmlənməsi baxımından da mühüm hadisə hesab edir. Onun fikrincə, bu səfər həm Azərbaycanın, həm də Ərdoğanın nüfuzu baxımından önəmlidir: 

“Ərdoğan mesaj verir ki, mən türk dünyasının, müsəlman dövlətlərinin himayədarıyam, türk dövlətlərini, xüsusən Azərbaycanı müdafiə etməyə qadirəm, müsəlman dövlətlərinin işğal olunmuş torpaqlarının qaytarılmasına yardım edirəm”.

Z. Əlizadənin sözlərinə görə, Türkiyə prezidenti bu siyasətini həyata keçirmək üçün dünya gücləri ilə toqquşmağı da gözə alır. O, Fələstin-İsrail toqquşmalarsı zamanı Ərdoğanın reaksiyalarını yada saldı: “O, hər şeyi gözə alaraq, Fələstinlə sıx münasibətlərin qurulması barədə siyasi qərarlar verib”.

Ekspertin fikrincə, Türkiyə prezidenti Şuşa səfərinin mümkün nəticələrini, müəyyən dairələrdə doğuracağı reaksiyaları hesablayıb. Z. Əlizadə bunun Türkiyə və ya Azərbaycan üçün mənfi nəticəsi olacağını düşünmür: 

“Ərdoğan bunları hesablamamış deyil. O özü də nümayiş etdirir ki, mən kiməm, neyləyirəm, ətrafımda kimlər var, məqsədim nədir. Türkiyənin hərbi, siyasi, iqtisadi gücünü də anlayırlar. Rusiya da, Çin də, Avropanın aparıcı dövlətləri də bunu yaxşı başa düşür. Böyük güclər qıcıqlansa belə, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar. Lazım olsa, Ərdoğanın bölgədəki davranışına dözümlü yanaşacaqlar”.

Gülər