"Sülhün astanasında: Ümid var"
ABŞ-ın keçmiş səfiri COP29 zamanı sülh sazişi ilə bağlı proqnoz verir
04 İyun 2024
Bu sözləri Ceymstaun Fondunun idarə heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib. O, Azərbaycanın qonşu Ermənistanla sülh sazişi bağlamaq ərəfəsində olmasını da yüksək qiymətləndirərək, bunu Azərbaycan tarixində “həqiqətən mühüm məqam” adlandırıb.
“Ötən il keçirilən sentyabr əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Azərbaycan bəyan etdi ki, bu əməliyyatı mülki əhali arasında itki olmadan həyata keçirəcək və hədəfi yalnız hərbi obyektlər olacaq. Belə də oldu. Ermənistan və Azərbaycan arasında yeni münaqişə imkanı, həmçinin yeni müharibəyə cəhd edə biləcək separatçı rejim aradan qaldırıldı”, - o bildirib.
Brayzanın sözlərində ən maraqlı məqam onun Azərbaycan və Ermənistanın artıq sülh sazişinin astanasında olduğunu deməsidir. Bu, həqiqətə nə dərəcədə uyğun ola bilər? Yekun sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edə bilərikmi?
Hankuk Xarici Araşdırmalar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Metyu Brayza Azərbaycanda kifayət qədər hörmət edilən, prinsipial mövqeyi olan diplomat və regionun reallıqlarını yaxşı bilən ekspertdir. “Əlbəttə, onun COP29-un müxtəlif tədbirlər üçün çox vacib platformaya çevriləcəyi ilə bağlı sözləri çox diqqətəlayiqdir. Bir qayda olaraq, dünyaya öz reputasiyasını təqdim etmək istəyən ölkələr (Azərbaycanla bağlı məhz belə bir situasiyadır. Çünki biz hesab edirik ki, 44 günlük müharibədən sonra ölkəmiz orta gücə malik dövlətlər kateqoriyasına keçib) bu miqyaslı tədbirlərdən bunun üçün istifadə edirlər. Yəni dünyaya yeni format, tamamilə fərqli baxış və inkişaf perspektivləri olan yeni dövlət təqdim olunur. Və mən də hesab edirəm ki, COP29 belə təqdimat üçün çox uğurlu platformadır”, – professor deyir.