Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülhməramlıların yeni komandanı gəldi 

Qarabağda xidmət aparan Rusiya Federasiyası sülhməramlı qüvvələrinin rəhbərliyində gözlənilən dəyişiklik reallaşıb. 2020-ci il noyabrın 10-dan bəri bu vəzifəni həyata keçirən general-leytenant Rüstəm Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunub. 

Kosobokov artıq bölgəyə gəlib. Bu gün o, İrəvanda Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının yeni təyin olunmuş komandiri, polkovnik Dmitri Ovçarov da iştirak edib. A.Karapetyan hər iki zabiti yeni təyinat münasibətilə təbrik edib və uğurlar arzulayıb. O, Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsinə yönəlmiş səylərini, eləcə də Qarabağdakı sülhməramlı əməliyyatın effektivliyini yüksək qiymətləndirib. Görüşdə regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.     

Xatırladaq ki, Rüstəm Muradovun 6 aylıq səlahiyyət müddəti hələ may ayında başa çatmışdı. O zaman bu vəzifədə onu general-leytenant Aleksey Avdeyevin əvəz edəcəyi barədə məlumat yayılmışdı. Özbəkistanda doğulmuş A.Avdeyev Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavinidir. Lakin Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və qarşıdurmaların yaranmasından sonra Rusiya rəhbərliyi sülhməramlı kontingentin komandanlığında planlaşdırılan dəyişikliyi təxirə saldı. Bölgəni tanıyan, Azərbaycan və Ermənistan siyasi-hərbi rəhbərlikləri ilə yaxşı əlaqələr qurmuş Rüstəm Muradovun daha bir müddət bu işi davam etdirməsinə qərar verildi. Görünür, nisbi sabitliyin yarandığı indiki məqamda Moskva bu dəyişikliyi gerçəkləşdirməyi uyğun sayıb.    

Mixail Kosobokov haqqında internetdə ətraflı məlumatlar yoxdur. Onun adına Wikipedia saəhifəsi də yaradılmayıb. Məlumdur ki, M.Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava-Desant Məktəbini bitirib. Rusiyanın Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun birləşmələrinin komandan müavini olub. Onun tərcümeyi-halınının diqqəti cəlb edən məqamlarından biri Abxaziyadakı fəaliyyətidir. Kosobokov 2015-2017-ci illərdə Rusiya Silahlı Qüvvələrinin Abxaziyadakı 7-ci hərbi bazasının komandanı vəzifəsində çalışıb.  

Mixail Kosobokov haqqında əlavə məlumat öyrənmək üçün internetdə axtarış edərkən maraqlı bir detalla rastlaşdıq. Onun adı Ukraynanın məşhur “Mirotvorets” (myrotvorets.center) saytına düşüb. “Mirotvorets” 2014-cü ilin avqustunda Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenkonun təşəbbüsü ilə yaradılıb. Saytda Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə iştirak etmiş, eləcə də Ukraynanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş şəxslərin məlumatları toplanır. Bu məlumatlar əsasən açıq mənbələrdən əldə olunur, bununla yanaşı, saytın Ukrayna kəşfiyyatı – SBU ilə əlaqəli çalışdığına və onlardan da informasiya aldığına dair iddialar var. Bu sayt Rusiya ərazisində bloklanıb. “Mirotvorets”də M.Kosobokov barədə belə bir qeyd var:  

“Rusiyalı müharibə canisi. Onun göstərişi ilə əmrindəki hərbi birləşmələr Ukraynaya göndərilir və terrorçular hərbi sursatla təmin olunur. Mirotvorets mərkəzi hüquq-mühafizə orqanlarından xahiş edir ki, bu qeydləri həmin vətəndaş tərəfindən Ukraynanın milli təhlükəsizliyinə, sülhə, beynəlxalq qaydalara, insanlığa qarşı şüurlu əməllər törədilməsi barədə məlumat kimi nəzərdən keçirsin”.   

Şübhəsiz ki, general Kosobokov haqqında bu informasiya xoşagələn deyil. Onsuz da Azərbaycan dövləti və xalqında Qarabağda sülhməramlı adı ilə fəaliyyət göstərən Rusiya hərbi kontingentinə etimad yoxdur. Kosobokovun Ukraynada hərbi cinayətkar kimi qəbul olunması faktı da sühməramlılarla bağlı şübhələri gücləndirəcək. Amma qeyd etmək lazımdır ki, sülhməramlı qüvvələrin komandanı ərazidə Rusiya dövlətinin siyasətini həyata keçirən, Moskvadan verilən əmr, təlimat və göstərişlər əsasında hərəkət edən icraçıdır. O, özbaşına Rusiyanın siyasətinə zidd hansısa addımlar ata bilməz. Bununla yanaşı, sülhməramlı qüvvələrin rəhbəri olan şəxsin kimliyinin tam əhəmiyyətsiz olduğunu söyləmək də yanlış olar. Çünki ona Rusiya komandanlığı tərəfindən geniş səlahiyyətlər və şəxsi təşəbbüs azadlığı verilib. O, Moskvada müəyyənləşdirilən ümumi siyasi kursu həyata keçirərkən bu siyasətə müəyyən detallar da əlavə edə bilər. Yəni tutaq ki, bu şəxs ermənipərəstdirsə, erməni xalqına rəğbəti varsa, onların lehinə Rusiyanın maraqlarına zidd olmayan hansısa addımlar ata, işlər görə bilər. Yaxud əksinə, obyektiv və qərəzsiz insandırsa, sülhməramlı əməliyyatın keçirildiyi ərazinin sahibi olan Azərbaycan tərəfi ilə normal, isti münasibətlər qurub, vəzifəsini vicdanla, zabit şərəfinə uyğun tamamlaya bilər.    

Lakin Kosobokov hələ Qarabağda fəaliyyətə başlamamış, bölgəyə səfərinə Ermənistandan start verməsi heç də müsbət hadisə deyil. Azərbaycan dövləti sülhməramlıların başçısının Ermənistanla əməkdaşlığına etiraz etmir və bu baxımdan generalın İrəvana getməsi problem deyil. Amma yaxşı olardı ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən sülhməramlı əməliyyatın komandanı bölgə ilə tanışlığa məhz Bakıdan başlasın.  

Press Klub