Sülhə “qaz vermək” üçün... Qafqaz turu
Brüsselin regionda "İpək yolu" axtarışı; Bakıda hansı mövzular prioritet ola bilər?
01 İyul 2026
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Cənubi Qafqaza mühüm regional səfəri başlayır. Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kosun müşayiət edəcəyi nümayəndə heyəti ilk olaraq Bakıya gələcək və Prezident İlham Əliyevlə strateji danışıqlar aparacaq. Səfərin növbəti günü - iyulun 2-də isə fon der Lyayen İrəvana keçərək Ermənistan rəhbərliyi ilə görüşəcək.
Bu səfər Avropa Komissiyası rəhbərinin 2022-ci ilin iyulundan - Bakıda Aİ ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığı memorandumunun imzalanmasından bəri paytaxtımıza ilk rəsmi gəlişidir. Beynəlxalq ekspertlərin və Avropa mətbuatının artıq “İpək Yoluna səyahət” adlandırdığı bu regional tur təkcə diplomatik protokol xarakteri daşımır. Masada regionun iqtisadi simasını və güc balansını dəyişdirəcək dörd əsas prioritet var.
Məlumdur ki, Yaxın Şərqdə davam edən gərginlik və Qırmızı dənizdəki logistik təhlükələr Avropa ilə Asiya arasındakı ənənəvi dəniz ticarətini ciddi şəkildə iflic edib. Belə bir vəziyyətdə Cənubi Qafqazdan keçən Orta Dəhlizin əhəmiyyəti Brüssel üçün həyati vacib məsələyə çevrilib.
Aİ hazırda nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinə ümumilikdə 2 milyard avrodan çox investisiya yönəltməyi planlaşdırır ki, bunun da 80 milyon avrodan çoxu artıq ilkin layihələrə ayrılıb. Fon der Lyayen Bakıda rəqəmsal və logistik bağlılığın sürətləndirilməsini, həmçinin Mərkəzi Asiya resurslarının bu marşrutla Avropaya daşınmasını müzakirə edəcək. Brüssel regionda yeni reallıq yaratmağa gəlmir, sadəcə Bakının illərdir səbirlə qurduğu bu geoiqtisadi reallığa tam adaptasiya olmağa çalışır.
Fon der Lyayenin Bakı portfelindəki digər ağır çəkili mövzu enerji əməkdaşlığıdır. Ukrayna müharibəsindən sonra Rusiyadan mavi yanacaq asılılığını kəsmək istəyən Avropa üçün Azərbaycan qazı əvəzolunmaz alternativdir.
Bu gün Azərbaycan qazı artıq 10-u Aİ üzvü olmaqla ümumilikdə 16 Avropa ölkəsinə (başda İtaliya olmaqla) nəql edilir. Avropa Komissiyası rəhbərinin İlham Əliyevlə görüşündə Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının genişləndirilməsi, daxili infrastrukturun Avropa tərəfindən maliyyələşdirilməsi və Yaşıl enerji (Xəzər dənizindən Qara dəniz sualtı kabeli vasitəsilə elektrik enerjisinin ötürülməsi) layihələri əsas müzakirə mövzusu olacaq.
Uzun illərdir reallaşması gözlənilən və müəyyən daxili tənzimləmələrə (Azərbaycanın ÜTT-yə üzvlük prosesi və s.) görə ləngiyən Aİ-Azərbaycan Hərtərəfli Çərçivə Sazişi də masadadır.
Ötən aylarda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakı səfəri zamanı tərəflər təhlükəsizlik, müdafiə və rəqəmsal texnologiyalar sahəsində yeni çərçivə sənədi üzərində işlərin davam etdiyini təsdiqləmişdilər. Fon der Lyayenin bu səfəri sazişin siyasi bəndlərindəki son düyünlərin açılmasına və tərəfdaşlığın yeni hüquqi müstəviyə keçməsinə təkan verə bilər.
Səfərin siyasi prioriteti ötən il Azərbaycanla Ermənistan arasında imzalanmış tarixi sülh sazişindən sonra regionda dayanıqlı sülhün əldə olunmasına dəstək verməkdir. Avropa İttifaqı delimitasiya prosesinin rəvan getməsində və iki ölkə arasında kommunikasiyaların açılmasında maraqlıdır.
Lakin Brüsselin regionda balans yaratmaq cəhdləri də diqqətdən yayınmır. Fon der Lyayenin iyulun 2-də İrəvana gedərək Baş nazir Nikol Paşinyanla görüşəcəyi və burada Ermənistana Rusiyanın iqtisadi məhdudiyyətləri qarşısında dəstək xarakterli yeni maliyyə yardım paketini təqdim edəcəyi gözlənilir.
Qərb institutlarının (xüsusilə Avropa Parlamentinin) vaxtaşırı olaraq Azərbaycandakı insan haqları, media azadlığı və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı Brüsselə təzyiq etməsi sirr deyil. Lakin mövcud geosiyasi konyunktura göstərir ki, Aİ hazırda ciddi praqmatizm nümayiş etdirir.
Enerji təhlükəsizliyi, Orta Dəhliz kimi qlobal geopolitik maraqların pik həddə olduğu bir dövrdə Fon der Lyayenin Bakıda insan haqları mövzusuna toxunacağı gözlənilsə də, bunun açıq müstəvidə kəskin tənqidlərlə deyil, qapalı danışıqlarda diplomatik və balanslı ritorika ilə ifadə olunacağı şəksizdir. Avropa üçün hazırda Cənubi Qafqazın sabitliyi və tranzit etibarlılığı digər bütün mövzulardan öndə gəlir.
Turqut