Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülh sazişinə maneə qalmadı
Azərbaycan əsas hədəfinə nail oldu, bundan sonra nə baş verəcək?

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan hissəsində mövcud olan qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi anti-terror əməliyyatı qısa müddətdə ciddi nəticələr verdi. 

Bir az əvvəl qondarma rejim bəyanat yayaraq, Azərbaycanın şərtlərini qəbul etdiyini açıqlayıb. old.pressklub.az onların yaydığı mətni təqdim edir: 

  1. Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 20 sentyabr 2023-cü il saat 13:00-dan etibarən hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub; 
  2. Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi heyətinin Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonadan çıxarılması və “Dağlıq Qarabağ Müdafiə Ordusunun”, onlara məxsus ağır texnika və silahların tezliklə zərərsizləşdirilməsi məqsədi ilə Dağlıq Qarabağ ərazisindən çıxarılması; 
  3. Azərbaycan tərəfinin reinteqrasiya, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaldırdığı məsələlər, habelə Azərbaycan Konstitusiyasına uyğun olaraq Dağlıq Qarabağ əhalisinin güzəranının təmin edilməsi məsələləri 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında keçiriləcək görüşdə müzakirə olunacaq. 
Xatırladaq ki, bu əməliyyata başlamazdan bri gün əvvəl - sentyabrın 18-də Prezidentin köməkçisi Hikmət Hacıyev xarici diplomatlar üçün keçirdiyi brifinqdə rəsmi Bakının iki əsas hədəfini açıqlamışdı:

Xankəndində mövcud olan separatçı-qondarma rejimin ləğv olunması;

Qarabağdakı qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi. 

Prezident İlham Əliyev dünən ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirmişdi ki, Qarabağdakı qanunsuz silahlı dəstələrin təslim olacağı və separatçı rejimin ləğv olunacağı təqdirdə anti-terror əməliyyatı dayandırılacaq. 

Beləliklə, qısa müddətdə Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən qanunsuz rejim təslim olmağa məcbur oldu. 

Bu nəticə ordunun qalibiyyətli anti-terror əməliyyatı ilə yanaşı, Azərbaycan siyasi rəhbərliyinin və diplomatiyasının gərgin zəhmətinin bəhrəsidir. Bu proses 44 günlük müharibədən sonra başladılıb və bu ilin 23 aprelində Laçın yolunda dövlət sərhədinə nəzarətin təmin olunması ilə mühüm mərhələni yekunlaşdırıb. İki gün ərzində həyata keçirilən əməliyyat tədbirləri Azərbaycanın Qarabağ bölgəsində suverenliyinin təmin olunmasın kulminasiya nöqtəsidir. 

Ötən 3 ilə yaxın müddət ərzində Azərbaycan bir sıra vacib addımlar atıb:

Qarabağdakı rejimin hərbi imkanlarını məhdudlaşdırmaq üçün strateji yüksəkiliklər nəzarətə götürülüb, bir neçə cəza aksiyası keçirilib;

Ermənistan hakimiyyətinin Qarabağdakı separatçı rejimə hərbi dəstəyi məhdudlaşdırılıb;

Rusiya Federasiyasının suverenliyimizin təmin olunmasına mənfi təsirləri neytrallaşdırılıb;

ABŞ, Avropa İttifaqı ilə aparılan intensiv diplomatiya bəhrəsini verib, onların Azərbaycana qarşı real təzyiqlərinin qarşısı alınıb, habelə separatçı rejimə dəstəyi əhəmiyyətsizləşdirilib.

Türkiyə ilə müttəfiqlik münasibətlərinin Şuşa bəyannaməsi ilə yüksək səviyyəyə qaldırılması, İsrail, Böyük Britaniya ilə hərbi-siyasi əlaqələrin dərinləşdirilməsi, Avropa ittifaqı ilə iqtisadi münasibətlərin yüksəlməsi də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirib. 

Nəticədə Azərbaycana qarşı Ermənistanın və onun dəstəkçilərinin sanksiya tələbləri havada qaldı.

Şübhəsiz ki, əldə olunan böyük uğurda açar məsələlərdən biri Azərbaycanın tamamilə haqlı olması, beynəlxalq hüququn prinsiplərinə riayət etməsidir.

Bu gün əldə olunan razılaşmaya gəlincə, Azərbaycan burada bir neçə əsas hədəfinə nail olur:

Qarabağdakı qanunsuz silahlı dəstələr ləğv olunur və ona məxsus ağır texnika bölgədən çıxarılır. Beləliklə, bölgə tamamilə silahsızlaşdırılır;

Qarabağın erməni icmasını hazırki qondarma rejim təmsil etməyəcək, deməli, “Artsax” mövcud olmayacaq;

Yevlaxda başlayacaq danışıqlar kənar vasitəçi olmadan həyata keçiriləcək, bu, rəsmi Bakının əsas tələblərindən biri idi;

Danışıqlar Azərbaycan Konstitusiyası çərçivəsində və onun təklif etdiyi reinteqrasiya proqramı əsasında aparılacaq, beləliklə, muxtariyyat, status məsələsi birdəfəlik gündəlikdən çıxarıldı.  

Bununla belə, açıqlanan mətində bölgənin Azərbaycanın yurisdiksiyasına qaytarılması ilə bağlı aydın mövqe yoxdur. Bundan sonra Azərbaycan hakimiyyət orqanları Xankəndi və ətraf rayonlarda fəaliyyətə necə başlayacaq? Azərbaycanın dövlət bayrağı Xankəndidə nə vaxt asılacaq? Ola bilsin, bu məsələlər Yevlaxda start götürəcək müzakirələr zamanı aydınlaşacaq.

Rusiya sülhməramlıları da bölgədə qalır və Azərbaycan hüquq mühafizə orqanlarının onlarla birgə Qarabağda qayda-qanun yaratması və s. kimi vacib tədbirlərdə iştirakı nəzərdə tutulmur. Mümkündür ki, bu da gələcək danışıqların mövzusu olacaq. 

Ən mühüm nailiyyətlərdən biri Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında Qarabağ şərtinin aradan qaldırılmasıdır. Artıq Ermənistanın belə tələbə çıxış etməsinin hüquqi əsası yoxdur, erməni icması bu məsələni Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə həll edəcəyini öhdəsinə götürüb. Paşinyan böyük yükdən xilas olub.

Bununla belə Rusiya Bakı və İrəvanın Qərb masasında sülh sazişi imzalamasına razı olacaqmı? Yoxsa, bir müddət əvvəl Türkiyə lideri Ərdoğanın təklif etdiyi dördtərəfli (Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan) formatda həllini tapacaq? 

Gözləyək...

Turqut