Logo
news content
User
Kateqoriyalar

Analitika

Su basan şəhid məzarlarını köçürmək niyə problemə çevrilib?

Bakının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuş 17 şəhidin ailə üzvlərinin etirazı ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Ailələr məzarların köçürülməsini tələb edirlər. Səbəb şəhid məzarlarının qrunt suları altında qalmasıdır.

Şəhid Oqtay Tağıyevin həyat yoldaşı Ayşən Tağıyeva 2 aya yaxındır məzarların köçürülməsini tələb etdiklərini deyir:

“Axırda məcbur qaldıq sübut edək ki, buradan doğrudan da su çıxır. Qəbirin üstünü açdıq, su içindədir...”

Şəhid xanımının sözlərinə görə, hələ də onlara dəqiq cavab verilməyib: “Biz hələ də etiraz edir, qəbirlərin İkinci Fəxri Xiyabana köçürülməsini tələb edirik”.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, tabeliyi Bakı şəhər rəhbərliyindədir:

“Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırırlar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.

Ərazidə qrunt sularının toplanması məsələsinə isə icra başçısının münasibəti belə olub:

“Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə qeyd edib ki, bununla bağlı qərarı onlar vermirlər.

Problemə münasibət bildirən mllət vəkili Aqil Abbas hesab edir ki, ailələri qane edəcək açıqlama verilmədiyindən onlar etiraza qalxıb:

“Bir aydan çoxdur ki, müvafiq qurumlar bu ailələri qəbul edə bilmədilər. Axırda nazir müavini Kərim Vəliyev onları qəbul edib, amma nə cür danışıbsa, ailələr gecəni qəbristanlıqda keçirib. Deməli, ailələri qane edəcək açıqlama verilməyib. Şəhidə niyə fərq qoyulur? Əlbəttə ki, yeni bir şəhid qəbristanlığı salmaq olar, lakin normal, yararlı bir yerdə. Qəbirlərdən su çıxır. İndi aidiyyəti orqanlar qrunt sularını nə edəcəklər, nasosla çəkəcəklər? Dünənə qədər deyirdik ki, şəhidlərimiz baş tacımızdır. Bəs, indi nə oldu, onları əl altında dəfn edirik? Məgər Fəxri Xiyabanda 20 nəfər şəhidə yer tapılmır? Halbuki orada hazır qəbirlər var. Onları kimlər üçün saxlayırlar?.."

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu nəzərə çatdırdı ki, 17 şəhid ailəsi təxminən 3 aydır yollardadır və haqq səslərinin eşidilməsi üçün mübarizə aparırlar:

“Həmin 17 şəhid Yasamal və Nəsimi rayon sakinləri olub və elə həmin rayonlardan hərbi xidmətə yollanıblar. Hər bir rayonun özünün şəhidlər xiyabanı olur. Amma Yasamal və Nəsimi rayonlarının belə bir qəbristanlığı yoxdur. Ona görə də həmin şəhidlər Bakıdakı şəhid xiyabanlarının birində dəfn edilməli idilər. Şəhidlər Xiyabanı İkinci Fəxri Xiyabanın içində də var. Ondan əlavə, general Polad Həşimovun da dəfn olunduğu ərazi var. Bəllidir ki, ora da Müdafiə Nazirliyinə tabedir. Həmin şəhidlər bu qəbristanlıqlardan birində dəfn olunmalı idi. Amma 17 şəhidi bunların heç birində deyil, dərənin dibində, ümumi qəbristanlıqda dəfn ediblər. Videolarda gördüyünüz kimi, bu yaxınlarda həmin qəbirləri su basıb. Bu, çox pis haldır. Üç aydır 17 şəhidin ailəsi əsir-yesir olub, çöllərdə qalıb. İndiyə kimi də problemi həll edən yoxdur”.

R.Kərimoğlu bu məsələdə ilk günahkar kimi müdafiə nazirini görür:

“Bu əsgərin sahibi Müdafiə Nazirliyidir. Nazirlik öz şəhidini normal şəkildə dəfn etməli idi. Hər iki Şəhidlər Xiyabanında kifayət qədər yer var. Bu cür hallara yol vermək olmaz. Bütün dünya bunları görür. Bunu da edən müdafiə naziridir. Bu gün həm də bəlli oldu ki, Prezident Administrasiyasında Ramiz Mehdiyev və Əli Həsənovun dədəsinə rəhmət oxudan adamlar peyda olub. Həmin adamlar televiziyalara, saytlara, qəzetlərə  tezislər göndəriblər ki, şəhid ailələrini təxribatçı adlandırsınlar. Necə ki, bizim Qarabağ qazisi Zaur Həsənov etiraz əlaməti olaraq 2013-cü ildə özünü yandıraraq intihar etdiyi vaxt həmin insanlar ona dəli, narkoman damğası vurmağa çalışdılar, eyni ilə bugünkü şəhid ailələrinə də damğa vurmaq istəyirlər. Çox biabırçı haldır. Həmin quldur, cinayətkar dəstə Prezident Administrasiyasında peyda olub və KİV-ə tezislər paylamaqla məşğuldur. Sabah erməniləri müdafiə edən bir tezis paylasalar, mediadakı simasızlar həmin tezisləri də yayacaqlar?! Utancvericidir!”

R.Kərimoğlu məsələnin hələ də açıq qaldığını söylədi:

“Qəbirləri su basıb, bu insanları yenə qəbul edən yoxdur. Məsələ ilə bağl canlı yayım açaraq Dövlət Təhlükəsizliyi Xidmətinə, cənab Əli Nağıyevə üzümü tutaraq müraciət etdim. Ümidimiz onadır. Məsələ araşdırmalıdır. Bu, təxribat və xəyanətdir”.

Ülviyyə Şahin