Logo
news content
User
Kateqoriyalar

Analitika

Su Azərbaycanda korrupsiya mənbəyidir

Bazar günü - yanvarın 31-də Tarif Şurası suyun qiymətinin bahalaşdırılması ilə bağlı “Azərsu” ASC-nın təklifini müzakirə edib. Şuradan verilən məlumata görə, iclasda Səhmdar Cəmiyyətin təklifi əsaslı sayılaraq 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.

Tarif Şurası “Azərsu” ASC-nin hansı arqumentlərini əsaslı sayıb?

“Azərsu” hesab edir ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturun istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərclərinin artması, həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır. Hesab edilir ki, tarif tənzimlənməsi “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasına, fasiləsiz su təminatının əhatə dairəsinin daha da genişlənməsinə, Səhmdar Cəmiyyətin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə əlavə imkanlar yaradacaq. Dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması (bu il 45 milyon manat dotasiya nəzərdə tutulub) dayandırılacaq.

Tarif Şurası hesab edir ki, əhalinin gəlirləri su tariflərinin bundan əvvəl artırıldığı 2013-cü ilə nisbətən xeyli yüksəlib: “Son tarif tənzimlənməsi 2016-cı il mayın 13-də aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb. 2016-2020-ci illərdə orta aylıq əməkhaqqı 41%, pensiya 69% artıb. Hazırda orta aylıq əməkhaqqı 703,5 manat təşkil edir. Qeyd edək ki, bundan əvvəlki tarif dəyişikliyi aparılmış 2016-cı ildə orta aylıq əməkhaqqı 500 manat idi”.

Şura qiymət artımına haqq qazandırmaq üçün bəzi ölkələrlə müqayisə də aparıb və bu zaman qiymətlərin Azərbaycandan yüksək olduğu bir neçə MDB ölkəsini seçib: “...Əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin birlikdə tarifi Moskvada (Rusiya) 1,70 manat/kubmetr, Kiyevdə (Ukrayna) 1,42 manat/kubmetr, Minskdə (Belarus) 1,17 manat/kubmetr, Ankarada (Türkiyə) isə 0,64-1,28 manat/kubmetr təşkil edir”.

Tarif Şurası hesab edir ki, qiymət dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, 2021-ci ilin dövlət büdcəsində əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 207 manat məbləğində müəyyən edilib. Bu, 2020-ci illə müqayisədə 6 manat və ya 3% çoxdur. Belə çıxır, nəzərdə tutulan 6 manatlıq artımın 5 manatı artan su tariflərinə xərclənəcək.

Tarif Şurasının əsaslandırmasında koronavirus pandemiyasının tüğyan etdiyi 2020-ci ildə Azərbaycan iqtisadiyyatının durumu və əhalinin gəlirlərinə təsiri barədə bir cümlə də yazılmayıb. Şura ancaq “Azərsu”nun gəlir-çıxarını, hökumətin qiymət artımından qazancını hesablayıb, amma onu ödəyəcək əhalinin sosial vəziyyətindən bəhs etmək üçün özünə zəhmət vermək istəməyib.

Yanvarın 4-də yanacağın qiyməti kəskin bahalaşdırılarkən də belə olmuşdu. İnhisarçı dövlət şirkətinin maliyyə vəziyyətinin yaxşılaşdırılması və s. ehtiyacların ödəniləcəyi qeyd olunsa da, bahalaşmadan əziyyət çəkəcək vətəndaşların durumu diqqətdən kənarda qalmışdı.

Qiymət artımları davam edəcək

2020-ci il Azərbaycan üçün ağır keçib, neftin orta qiyməti 45 dollar civarında olub, pandemiya iqtisadiyyatın əsas sahələrini iflic hala salıb. Yüz minlərlə vətəndaş iş yerlərini itirib, həyat səviyyəsi pisləşib, iqtisadiyyatın həcmi kiçilib. Problemlər bu gün də davam edir, iqtisadçılar hesab edirlər ki, bir il əvvəlki iqtisadi göstəricilərin bərpa olunması üçün azı iki il vaxt lazımdır.

Pandemiya dövründə hökumətin biznesə və aztəminatlı əhaliyə dəstəyi daha çox deklarativ xarakter daşıyıb. Qapadılan sahələrdə çalışanlara cüzi miqdarda kompensasiya verilib ki, bu da maliyyə imkanları Azərbaycandan qat-qat aşağı olan qonşu ölkələrin (məsələn, Gürcüstanın) gördüyü tədbirlərin kiçik bir hissəsini təşkil edib.

Azərbaycan hökuməti etiraf etməsə də, ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi aşkardır. İqtisadçılar 2021-ci il büdcəsinin ötən ilin son həftəsində qəbul edilməsini maliyyə mənbələri ilə bağlı hökumətdə fikir ayrılıqlarının olması ilə izah etmişdilər. Müharibə xərcləri, şəhid ailələrinin, əlillərin sosial problemlərinin həlli, müavinətlərin ödənilməsi və s. məsələlər hökumətin qayğılarını xeyli artırıb.

İlin əvvəlindən ard-arda qiymət artımları barədə qərarlar ondan xəbər verir ki, hökumət əhalinin cibinə öhdəliklərini yerinə yetirmək vasitələrindən biri kimi baxır. Buna paralel olaraq pensiya, müavinət və s. ödənişlər alan vətəndaşların sənədləri yenidən nəzərdən keçirilir. Büdcə müzakirələrində əmək naziri Sahil Babayev bildirmişdi ki, qanunsuz pensiya işlərinin ləğv olunması nəticəsində 250 milyon manat dövlət vəsaitinə qənaət edilib. Əldə etdiyimiz məlumata görə, birinci Qarabağ müharibəsi əlillərinin, veteranların da sənədləri araşdırılır, saxta sənədlərlə təqaüd aldığı müəyyən edilmiş minlərlə vətəndaşın müavinəti kəsilərək ödənişlərin geri alınması üçün məhkəmələrə müraciət olunub. Maliyyə Nazirliyinin təklifi ilə döyüş bölgələrində xidmət edən hərbçilərin ikiqat maaşlarına da əl gəzdirilərək bir qata salınıb. Bu da orduda və cəmiyyətdə narazılıqlara səbəb olub.

Ölkədə suyun qiymətinin iki dəfə bahalaşdırılması da bu tədbirlərin davamıdır. İqtisadçılar Tarif Şurasının qərarında kifayət qədər ziddiyyətli məqamların olduğunu bildirirlər. Qeyd olunur ki, əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manatdan hesablamaq lazımdır. Çünki hökumət mənzildə istifadə edilən suyu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır - bütün istehlakı içməli su və kanalizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır. Yəni su kranınız açıldığı an, tarif 1 manatdan hesablanır. Sayğac onu kanalizasiya və qeyri-kanalizasiya məqsədli su kimi ayırıb haqq hesablamır.

Ekspertlər hesab edirlər ki, Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir. Çünki minimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub su istehlakı nəzərdə tutulur. 4 nəfərlik ailə üçün, israfçılıq olmasa belə, ayda minimum 30 kub işlənir. Bu, 30 manat edəcək.

Su pulunu sayğacla deyil, adambaşı ödəyən vətəndaşlar isə hər nəfərə görə ayda 5 manat ödəməli olacaqlar. İqtisadçıların rəyinə görə, proses zəncirvari olduğundan, qiymət artımı təkcə gündəlik istehlak mallarını yox, qiymətləri dövlət tərəfindən tənzimlənən digər mal və xidmətlərin bahalaşmasını da şərtləndirəcək. Bu artımın ardınca elektrik enerjisinin, qazın qiymətinin bahalaşması artıq zaman məsələsidir.

“Azərsu” ASC-nin bərbad idarəçiliyindən yaranan zərəri kasıb xalq ödəyəcək

“Azərsu” ASC-in fəaliyyətinə gəldikdə, bu təşkilat ölkədə ən qeyri-şəffaf  kommunal qurumlardan biridir. Bunu Cəmiyyətin maliyyə durumu da təsdiq edir. Məsələn, “Azərsu” 2019-cu ili 592,488 milyon manat xalis zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 23,4% çoxdur. Ümumilikdə Səhmdar Cəmiyyətin yığılmış zərəri 7 milyard manata çatıb.

Borc bataqlığında çabalamasına baxmayaraq, Səhmdar Cəmiyyət Heydər Əliyev prospektində özünə dəbdəbəli inzibati bina tikdirib. 20 mərtəbədən və ikimərtəbəli zirzəmidən ibarət olan, hündürlüyü 124 metrə çatan binanın tikintisinə 2013-cü ildə start verilib. Bu məqsədlə büdcədən 120 milyon dollar vəsait ayrılıb. Binanın tikintisi 2015-ci ildə başa çatsa da, istifadəyə verilməyib. 2017-ci ildə inzibati binanın tamamlanmasına dövlət büdcəsindən daha 75 milyon manat (44,1 milyon ABŞ dolları) vəsait ayrılıb. Bu rəqəm də sonuncu olmayıb, 2020-ci ilin dekabr ayında “Azərsu” binanın tikintisinin tamamlanması üçün təxminən 11 milyon manatlıq müqavilə bağlayıb.

Yəni “Azərsu” rəhbərliyi bərbad idarəçiliyinə, dövləti zərərə məruz qoyduğuna görə sorğu-suala çəkilmək əvəzinə, mükafatlandırılır. Onun yarıtmaz fəaliyyətindən yaranan zərərin ödənməsi isə məzlum, yoxsul camaatın boynuna qoyulur...

Turqut