Logo
news content
User
Kateqoriyalar

Analitika

Şəxsiyyətin nümunəsi

 

Ekstremal vəziyyət qeyri-adi insanları, qəhrəmanları, necə deyərlər,  papaq altında olan oğulları üzə çıxarır. Xalqımız Polad Həşimovu belə tanıdı. Öz yaşadığı mənzili şahid ailəsinə verən, nəcib əməlləri, sadə, ədalətli davranışı, əsgərlərinə atalıq qayğısı göstərməsi ilə böyük hörmət və nüfuz qazanmış döyüş generalı.

İyulun 14-dən 15-nə keçən gecə Bakının küçələrində Qarabağa  azadlıq, ordumuza dəstək şüarları ilə keçirilən möhtəşəm aksiyada iştirak edənlərin içərisində onun əsgərləri də çox olub. Həmin əsgərlər həm də öz qəhrəman komandirlərinə hörmət və ehtiramlarını göstəriblər. General Polad Həşimov və şəhidlərimiz öz adlarını əbədiləşdirdilər. Onların adlarının yaşadılması cəmiyyət və dövlət üçün vacibdir. Bu qəhrəmanlıq, vətənpərvərlik nümunəsi ən yüksək qiymətini almalıdır. Ümidvarıq ki, bu nümunələr jurnalistlərin, yazarların zaman-zaman müraciət mövzusuna çevriləcək.

Cəmiyyət də uşaq kimidir, o da yaxşı nümunələr əsasında tərbiyə olunmalıdır. Vətənpərvərlik mövzusunun çox böyük pozitiv enerjisi var. Bu mövzu təkcə döyüş vaxtlarında deyil, hər günün mövzusu olmalıdır. Çox təəssüf ki, telekanallarımız şou, sosial-kriminal proqramlarla gecə-gündüz cəmiyyətə neqativ enerji püskürür, belə ülvi mövzular isə onlar üçün görünməz olub.

... Yazırlar ki, bir psixoloji-tarixi metod var, bu metodun köməyi ilə müəyyən qüvvələr xalqın özünə inamını sarsıtmaq üçün xalqın tarixini, keçmişini qaralayır, qəhrəmanlarını isə ləkələyirlər. Bu tendensiya bizdə də mövcuddur. Son illər özünü “ziyalı” kimi göstərib, bəlağətlə Şah İsmayıl Xətaiyə, Babəkə və digər tarixi şəxsiyyətlərə hücum edənlər görünür. Bu, nəyə xidmət edir? Aydındır ki, bunlar xalqın mənafeyinə cavab vermir.

Vətənpərvərlik mövzusunda əsərlər yaranır, lakin bu əsərlərin dəyəri vaxtında verilmir. Nümunə olaraq, istedadlı yazar Meyxoş Abdullahın “Alagöz” və “Əsir qadın” əsərlərini Qarabağın erməni işğalı mövzsunda yazılan ən güclü əsərlər hesab etmək olar. “Alagöz“ bəşəri mövzuya - müharibənin qurbanına çevrilmiş atın taleyinə həsr olunub. Bu əsərin ekranlaşdırılması çox böyük hadisə olardı. Bildiyimə görə, bir rejissor mövzunun aktuallığına görə əsəri ekranlaşdırmaq üçün çalışır, lakin maliyyə problemləri həll olunmayıb. Ümid edək ki, bu xeyirxah təşəbbüs reallaşacaq və əsər dünya miqyasına çıxacaq.

...Peşə fəaliyyətimlə bağlı iki Qarabağ qazisini müdafiə etmişəm: Asif Yusifli və Babək Həsənov. Hər ikisini günahsız hesab etdiyimdən, bəraət hökmlərinin çıxarılması üçün bütün hüquqi vasitələrdən istifadə etmişəm. Hərçənd, “qalibləri mühakimə etməzlər”. Onların hər ikisində vətən üçün hər şeydən keçmək, vətən üçün özlərini qurban vermək istəyi, qabiliyyəti, qətiyyəti görmüşəm. Bu, bütün Qarabağ qazilərinə, şəhidlərinə xas olan müqəddəs hisslərdir. Başqa cür ola da bilməz. Deyiblər ki, “özünü düşünəndən qəhrəman olmaz”.

... Ədalət anlayışı haqqında çoxlu izahlar var. Böyük mütəfəkkir  Cəlaləddin Ruminin izahı daha maraqlıdır. “Ədalət nədir” sualına onun cavabı belə olmuşdur: “Ədalət odur ki, papaq başda, ayaqqabı ayaqda olsun”. Bütün mənalarda mükəmməl ifadədir. Əsas məsələ papaqdadır və papaq altında olan oğullardır!

Müəllif: Fəxrəddin Mehdiyev (vəkil)