Logo
news content
User
Kateqoriyalar

Analitika

Sazişsiz sülh mümkündürmü? - TƏHLİL
Bakı Vaşinqton və İrəvanla razılaşmır, Blinken israr edir

İyunun 27-28-də Bakıda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Ceyms Obraynın missiyası o qədər də uğurlu olmayıb. Bu qənaətə Bakıdan və Vaşinqtondan verilən yüksək səviyyəli açıqlamalardan sonra gəlmək mümkündür. 

Obrayn bəyan etmişdi ki, Birləşmiş Ştatlar üçün ən qısa müddətdə sülh sazişinin əldə olunması son dərəcə vacibdir və bu, Qərbin regionda ümumi maraqlarının mühüm hissəsidir. O, Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi yaxşı olardı. Birləşmiş Ştatların rəsmisi bu görüşü Vaşinqtonda keçirməyə hazır olduqlarını bildirib. 

Bakı və İrəvanı iyulun 6-7-də ABŞ-da keçiriləcək NATO-ya tərəfdaş ölkələrin sammitinə dəvət edən Obrayn deyib ki, dövlət katibinin sədrlik edəcəyi bu toplantıda iştirak Vaşinqtonu məmnun edərdi. Ehtimal ki, tərəflərə NATO sammiti çərçivəsində xarici işlər nazirlərinin bir araya gəlməsi təklif olunub.

Obraynın görüş və sammitdə iştirak təklifinə Bakının reaksiyası məlum deyil, amma Ermənistan XİN başçısı səviyyəsində sammitdə iştirak etməyə qərar verib. ABŞ rəsmisinin sülh sazişini tez bir zamanda imzalamaq çağırışına gəldikdə, dünən Prezident İlham Əliyev Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bun reaksiya verib: 

“Hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik... 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir. Sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı “Madrid prinsipləri” adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin".

Əliyevin sözlərinə görə, bu, Ermənistanın öz konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə baş tutacaq: "Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq".

Əliyev sülh şərtini daha əvvəl Entoni Blinkenlə sonuncu telefon danışığında səsləndirmişdi və Obreyni Bakıda qəbul edərkən də bu mövqeyini təkrarladı. Amma ABŞ israrçı mövqeyində qalıb. Dünən Entoni Blinken Vaşinqtonda bir təhlil mərkəzinin tədbirində deyib ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını gerçəkdən əlçatan sayır. "Ölkələr arasında sülh sazişini gerçəkləşdirmək üçün müstəsna imkan yaranıb", - Blinken qeyd edib.

Onu da xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan 1 ay ərzində sülh sazişini imzalamağa hazır olduqlarını bəyan ediblər. 

Beləliklə, ABŞ-nin, Ermənistanın və Azərbaycanın sazişlə bağlı mövqeyində fundamental fikir ayrılığı qalır. Konkretləşdirsək, Vaşinqton və İrəvan eyni mövqedən çıxış edir, amma Bakı dayanıqlı sülhün əsas şərtinin Ermənistan konstitusiyasının dəyişdirilməsində və ərazi iddialarının çıxarılması olduğunda israr edir. Bu şəraitdə kompromisə gəlmək mümkündürmü? Məsələn, Ermənistanın konstitusiya dəyişikliyi barədə üzərinə konkret öhdəliklər götürdüyü çərçivə sazişinin imzalanması mümkündürmü? Yaxud, saziş olmadan regionda sülh prosesini inkişaf etdirmək (sərhədlərin dəqiqləşdirilməsi, nəqliyyat-kommunikasiyaların tədricən açılması, diplomatik əlaqələrin bərpası və s.) olarmı?  

Erməni politoloq Tiqran Qriqoryan hesab edir ki, Azərbaycan konkret məsələlərlə bağlı konkret razılaşmalar əldə etmək istəmir, Bakıya, sadəcə olaraq, ümumi çərçivə sənədi, yəni prinsiplər üzrə razılaşma çərçivəsində İrəvanın imzası lazımdır:

“Tərəflər neçə dəfə bəyan ediblər ki, məsələn blokadadan çıxarma suverenlik, qarşılıqlılıq və digər prinsiplər əsasında aparılmalıdır. Biz eyni delimitasiya prosesini və ya 9 noyabr bəyannaməsində qəbul edilmiş prinsiplər üzrə fərqli öhdəlikləri və ya razılaşmaları xatırlaya bilərik. Və biz görürük ki, prinsiplər üzərində razılaşmanın əsas problemi o prinsiplərin tərəflər tərəfindən fərqli şərh oluna bilməsidir. Yəni onlar prinsiplər üzərində razılaşa bilərlər, lakin sonradan bu prinsipin fərqli kontekstdə başqa bir şey ifadə etdiyini iddia edirlər”, – Qriqoryan yerli mediaya bildirib.

Politoloqun fikrinə, əgər inisializasiya yolu seçilsə, problemlər həll olunmamış qalacaq, Azərbaycan isə siyasi dividendlər alacaq. Qriqoryan hesab edir ki, Ermənistanın müqavimət göstərmək potensialı yoxdur.

“Əliyev 2023-cü ilin sentyabrından sonra bütün strateji məqsədlərinə nail olub və Ermənistan da bu məqsədləri qəbul edib. Mən şübhə etmirəm ki, Ermənistan bu mövcud problemlərin də gələcəkdə həll olunacağı ümidi ilə həmin çərçivə sazişini imzalamağa gedəcək. Lakin Azərbaycanın gələcəkdə bu problemləri həll etməyə meylli olacağına ciddi şübhələrim var. Ən yaxşı halda neqativ sülh, yəni müharibənin olmaması şəraiti davam edəcək və blokadanın aradan qaldırılması və ya delimitasiya prosesi ilə bağlı müsbət irəliləyişlər olmayacaq”, - deyə politoloq vurğulayıb.

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl da Ermənistanın bir aya sülh müqaviləsini imzalamağa hazır olduğunu, Azərbaycan isə Ermənistan konstitusiyasına dəyişiklik olmadan sülhün mümkünsüzlüyü barədə mövqeləri xatırladır. “Belə olduğu halda, sülh müqaviləsinin nəinki bu ilin, hətta gələn ilin sonunadək imzalanacağı real görünmür”, - o, Pressklub.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, Ermənistandakı mövcud siyasi vəziyyət elədir ki, Paşinyan tərəfdən belə bir qərarın verilməsi cəmiyyətdə qəzəblə qarşılanma riski yarada bilər. “Hətta neytral mövqedə dayanan erməni siyasi şərhçilər belə bu qərarı “qorxulu yuxu” adlandırırlar. Zamanla belə bir qərarın verilməsinin normal qarşılanması və “hə” deyilməsi mümkündür. Amma indiki situasiyada referenduma gedilməsi qərarı verilsə belə, ona “yox” demək ehtimalı daha böyükdür”, - o vurğulayıb. 

İlham İsmayıl bildirir ki, Azərbaycan faktiki olaraq ərazi bütövlüyünü bərpa edib, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi prosesi başlayıb və davam edir: 

“İlk baxışdan Azərbaycan üçün ciddi bir problem mövcud deyil. 1000 kilometrlik sərhədin 12,7 km-i artıq delimitasiya olunub və bir sıra ərazilər istisna olmaqla, sərhədin böyük bir hissəsinin müəyyənləşməsində xüsusi fikir ayrılığı da yoxdur. Amma Cənubi Qafqazın bu iki ölkəsi arasında sülhün yaranmasına regional və qlobal güclərin yanaşması fərqli və qarşıdurma səviyyəsində olduğundan problemin son nöqtəsinin qoyulması yalnız bu iki ölkənin iradəsindən asılı deyil. Nəzərə alsaq ki, rəsmi İrəvan daha çox Qərbin təsirində olsa da, bütövlükdə Ermənistana Rusiyanın real təsir və təzyiq imkanları Qərblə müqayisədə daha real olduğu üçün sülhün yaranma şərtləri antaqonist xarakterlidir və getdikcə qəlizləşə bilər”.

Təhlilçi qeyd edir ki. ABŞ-nin tezliklə sülhün yaranmasında marağı açıq hiss olunur və məqsəd Rusiyanın bölgədən tədricən də olsa siyasi-hərbi müdaxiləsini ortadan qaldırmaqdır: 

“Sülh olduğu halda, Türkiyə ilə sərhədlər açıla bilər, nəqliyyat-kommunikasiya baryerləri aradan qalxar və o zaman Türkiyə-Ermənistan sərhədində yerləşən Rusiya qoşunlarına ehtiyac qalmaz. Bu proses Rusiyanın Gümrüdəki hərbi bazasının da 2044-dən əvvəl Ermənistandan çıxmasını sürətləndirə bilər. Kreml isə bütün bu planların tam tərsini düşünür və hətta sülh müqaviləsinin imzalanması qaçılmaz olarsa, bunu yalnız Moskvanın vasitəçiliyi ilə həyata keçməsini və təminatçı ölkə kimi hüquqi müstəvidə təsir mexanizmlərini saxlayaraq, Cənubi Qafqazda varlığını qorumaq niyyətindədir”.

Proses bu xətlə davam edərsə, yəni sülh müqaviləsi bu il imzalanmasa, iki ölkə arasında ən azı kommunikasiyaların açılması və delimitasiya, demarkasiya işlərinin davam etdirilməsi mümkündürmü? 

Bu suala cavabında ekspert 1995-ci ildə Serbiya-Xorvatiya-Bosniya Herseqovina arasında imzalanmış Deyton çərçivə sülh sazişini xatırladır: “Bu saziş ölkələr arasında silahlı qarşıdurmaya son verməklə əməkdaşlığa hesablanıb və uğurla davam edir. Böyük sülh müqaviləsi olmasa da, bölgədə real sülh mövcuddur və ölkələr arasında hərtərəfli əməkdaşlıq var. Azərbaycan və Ermənistan arasında da belə bir çərçivə sülh sazişinin imzalanması mümkündür və bu saziş uzaq olmayan perspektivdə böyük sülh müqaviləsinin imzalanmasına real təkan verər. Eyni zamanda, bu saziş iki ölkə arasında etimadın yaranması üçün vacib rol oynaya bilər və bu etimad əsasında vasitəçi olmadan böyük sülh müqaviləsinin imzalanması nəinki hər iki ölkənin, bütövlükdə bölgənin maraqlarına uyğundur. Bu amil qlobal və regional güclərin bölgəyə təsir imkanlarının səviyyəsini də aşağı sala bilər”, - İlham İsmayıl vurğulayıb. 

Turqut