
Saxta təbliğatın qurbanları: “Elə dəhşətli xəstəliklər yaradır ki…”– ARAŞDIRMA
Yalançı təbliğatın sayəsində elektron siqaretlər və veyplər sürətlə yayılır
23 Avqust 2023
“1 il olar, veyp istifadəçisiyəm. Həmçinin bir müddət veyp satışı ilə məşğul olmuşam. Hazırda fəaliyyətimi dayandırmışam. Siqaretdən sonra üzərimdə pis qoxu qaldığına və evdə rahat çəkə bilmədiyimə görə veyp istifadə etməyə başladım. Veypin adi siqaretdən zərərsiz və ya zərərli olduğuna dair dəqiq bir fikrim yoxdur, çünki araşdırmalara baxanda nəticələr nədənsə, fərqli olur. Veypin tüstü yox, sadəcə buxar yaratdığı üçün daha az zərərli olduğunu düşünmək olar. Lakin tərkibinə nəzər saldıqda qliserin, qlikor və nikotin olduğuna görə daha çox zərərli olduğu görünür. Veypdən fərqli olaraq, elektron siqaretdən bir dəfə çəkmişəm, çox acı olduğu üçün davam etmədim.
Veypin sürətlə inkişafının başlıca səbəbi marketinq hiyləsi olan, guya veypin tütün asılılığını yox etməsi yalanıdır. Məlumatsız insanlar isə bu yalana asanlıqla inanır. Əslində isə burda o qədər dəhşətli şeylər, xəstəliklər var ki…
Müştərilərimin veypdən istifadə səbəbləri müxtəlif idi. Onların əksəriyyəti siqaret çəkməyi tərgitmək üçün veyp aldığını deyir. Amma buna 10 veyp istifadəçisindən biri nail olsa, böyük şeydir. İnsan orqanizminə təsirinə baxsaq, nisbətən siqaret çəkmək istəyini öldürsə də daha sonra veyp asılılığının yaranması qaçılmaz olur. Məsələn, mən bir müddət sadəcə veyp istifadə edərək bir neçə ay siqaret çəkməyi dayandırdım. Sonra isə veyp asılılığımın yarandığını gördüm.
Bəzi müştərilər də deyir ki, siqaret çəkəndə maddi baxımdan veyp istifadəsindən daha çox xərc olur. Məsələn, siqaret çəkən biri gündə 1 qutu siqaret çəkirsə və bir qutu siqaretə 4 manat pul verirsə, bu 1 həftəyə 28 manat pul edir. 1 həftədə 28 manat siqaretə pul verməkdənsə, 30 manata veyp alıb, 2-3 həftə istifadə etməyi seçirlər. Biznes və xidmət sektorunda işləyənlər siqaret çəkməyi yox, veyp çəkməyi üstün tuturlar ki, ünsiyyət zamanı siqaretin pis qoxusu müştərini narahat etməsin.
Son zamanlarda müşahidə etdiyim məqamlardan biri də uşaqların və yeniyetmələrin veypə olan marağıdır. Azyaşlılar gəlib məndən veyp istədikdə valideynləri ilə birlikdə gəlmələrini tələb edirdim, lakin ailədən gizli çəkdikləri üçün bunu edə bilmirlər. Valideynlər belə halların qarşısının alınması üçün uşaqlarına nəzarəti artırmalıdır.
Uşaqlardan əlavə, veyplər xanımlar arasında da çox yayılıb. Siqaretin qoxusu ağır olduğuna görə xoş qoxulu veyp xanımların zövqünə uyğun olur. Təcrübəmə əsasən, veyp istifadə edənləri ardıcıllıqla yazsaq, azyaşlı uşaqlar, xanımlar, sonra 18+ oğlanlar gəlir.
Veyplərin və elektron siqaretlərin təbliğatı artdıqca onların istifadəsi və yayılması da artacaq. Ancaq veyplərin və siqaretlərin gəncləşməsinin qarşısı alınmalıdır”.
Veyp istifadəçisi və bir müddət satışı ilə məşğul olan müsahibimiz E.Əliyev deyir ki, veyp asılılıq yaradır. Həmçinin o, veypin azyaşlılar arasında yayılmasından narahatdır.
Hazırda dünyada və Azərbaycanda trendə çevrilən veyp və elektron siqaretlər də, tütün məmulatları kimi, insanların sağlamlığına ciddi zərər verir. Görəsən, uşaqdan böyüyə hər kəsin marağını çəkən bu zərərli vasitələrin təbliğatına niyə son qoyulmur? Bu məhsulların sürətlə yayılmasının səbəbi nədir? Siqaretə qarşı mübarizə aparıldığı kimi veyplərə və elektron siqaretlərə qarşı niyə kampaniya aparılmır?
Elektron siqaretlərə və veyplərə qarşı bir kampaniyanın başladılmasına gəlincə, müsahibimiz deyir ki, davamlı mübarizənin aparılmasına artıq zərurət yaranıb: “Çünki elektron siqaretlərin heç də ziyansız olmadığı, insanları sadə, zərərli, tütün mənşəli siqaretlərdən xilas etmədiyi müxtəlif araşdırmalarla sübuta yetirilir. Məsələ bir qədər polemikalı, mübahisəli olduğundan Səhiyyə Nazirliyi, eləcə də digər müvafiq qurumlar bu istiqamətdə xüsusi təbliğata başlamağa tələsmirlər. Nəzərə almaq gərəkdir ki, əksər hallarda belə kampaniyaların müsbətdən çox mənfi təsiri olur. Müsbət və ya mənfi olmasından asılı olmayaraq, nəyə daha çox diqqəti yönəldiriksə, məhdudlaşdırmağa çalışırıqsa, insanlar ona daha çox meyl göstərirlər. Bu, bir sosial-psixoloji qanunauyğunluqdur. Ona görə, rəsmi qurumlar hadisələrin axarını gözləməkdə, ehtiyatlı, tədbirli davranmaqda müəyyən qədər haqlıdırlar. Məncə, bu istiqamətdə müəyyən işlər gedir, önəmli tədbirlər görülür. Hər halda, “görünməyən əl”, “səssiz müdaxilə”, “susma spiralı” və digər sosial təsir metodları hay-küylü kampaniyalardan, “elektron siqareti tərgidək”, “zərərli vərdişlərdən uzaq duraq” sloqanlı teleşoulardan, kampaniyalardan müqayisəolunmaz dərəcə artıq fayda verir”.
Azyaşlıların bu məhsullardan istifadəsi barədə danışan müsahibimiz bildirdi ki, bunun qarşısını almaq üçün valideyn övladını nəzarətdə saxlamalı və onda faydalı vərdişlərə həvəs yaratmalıdır: ”Yeniyetmələr veypə daha çox əyləncə və özünütəsdiq vasitəsi kimi baxırlar, bunun ziyansız olduğunu düşünürlər. Çoxluq üçün müəyyən yaşdan sonra siqaret çəkmək, hətta içki içmək adi norma, həyat tərzi, bəzən, necə deyərlər, kişilik nümunəsi kimi qəbul edilir. Veyp və elektron siqaretlərin qoxusu, tüstüsü olmadığından yeniyetmələr bununla zərərli vərdişlərini gizlədəcəklərini – valideynlərin, böyüklərin haqlı qınağından, danlağından xilas olacaqlarını güman edirlər. Ən yaxşı, effektli tədbir belə uşaqları və ya yeniyetmələri sağlam peşə yönümünə, idmana yönəltmək, faydalı işlərlə məşğul etməkdir. Valideyn-övlad münasibətində də onlara xüsusi diqqət ayrılmalıdır”.
Ekspert, son olaraq, bu məhsulların sosial və ekoloji fəsadları haqqında fikrini bildirib: “Elektron siqaretlərin insanların bir qismində nəfəs yolu xəstəlikləri yaratdığı, bu səbəbdən onlarla insanın dünyasını dəyişdiyi artıq təsdiqlənib. Burada sosial fəsad və ya problem odur ki, xüsusi əlaməti, məsələn, tüstüsü olmadığından aşkar və gizli istifadəçiləri müəyyənləşdirmək bir qədər çətindir. Bu səbəbdən, həmin siqaretlərin daha kütləvi yayılması ehtimalı böyükdür. Onun əsas istehsalçılarından olan ABŞ-da 2 milyona yaxın məktəbli, yeniyetmə veyp istifadəçisidir. Ekoloji fəsadlara gəldikdə, bu siqaretlər, əsasən, kimyəvi tərkiblidir. Ona görə, onların tullantıları həm insanın sağlamlığına, həm də ətraf mühitə əhəmiyyətli zərər vura bilər. İnternet resurslarında bununla bağlı çox ciddi təhlillər, əsaslandırılmış statistika yerləşdirilib”.
Sürətlə yayılan elektron siqaret və veyplərin zərərlərindən xəbərsiz olsan insanlar yalançı təbliğatın qurbanına çevrilirlər. Tütündən daha zərərsiz olduğu düşünülən bu məhsulların əslində insan həyatı üçün ciddi təhlükə yaratdığına dair cəmiyyəti maarifləndirmək lazımdır.
Müsahibimiz deyir ki, elektron siqaretlər yeni yarandığına görə əlavə təsirləri və tərkibləri haqqında tibbdə kifayət qədər məlumat yoxdur: “Amma onların istifadə müddəti artdıqca ciddi əlavə təsirlərinin olması, yuxarı tənəffüs yolları problemləri ilə yanaşı, digər xəstəliklərin də yaranması müşahidə olunur. Hətta COVİD-19 pandemiyası başlamazdan öncə ABŞ-da bir neçə nəfərdə tibbə məlum olmayan, ağciyərlərdə dəyişik xəstəlik müşahidə olunub. Həmin insanların hamısı elektron siqaret və veypdən istifadə edən insanlar idi. Bundan sonra ABŞ həmin istiqamətdə tədqiqatlara başlamaq istəsə də COVİD-19 başladığı üçün yarımçıq qaldı. Bu günə qədər dünyada elektron siqaretin zərərləri haqqında sınaqlar aparılmadığı üçün onların əlavə təsirləri barədə məlumat azdır. Bir nüans da var ki, elektron siqaretlərin və veyplərin idxalı bəzi ölkələrdə qadağandır. Amma maraqlı tərəfi odur ki, onların istehsalı, fərdi istifadəsi, ölkə xaricinə daşınması qadağan deyil. Bu da elektron siqaretlərin yayılmasına, geniş istifadə olunması ilə nəticələnir. Digər tərəfdən, elektron siqaretlərin reklamı güclüdür. Bir də, bildiyim qədəri ilə, bu günə kimi dünyada hər hansı tibb müəssisəsində elektron siqaretlərin hazırlanmasına görə qoyulan bir standart yoxdur. Beləliklə, istehsalçılar onların tərkibindəki maddəni və həcmini öz istəklərinə uyğun istehsal edirlər. Zamanla bu məhsulların istifadəsi artdıqca zərərləri barədə də məlumatlar yayılmağa başlayacaq”.
Pulmonoloqun qeyd etdiyi kimi, bəzi ölkələrdə veyp və elektron siqaretin alışı, satışı və istifadəsi qadağan edilib. Bu ölkələrə Qazaxıstan, Ukrayna, Danimarka, Norveç, Macarıstan, Hindistan və s. daxildir. Ancaq fərdi istehlakı leqal sayıldığına görə bu məhsulların istifadəsində azalma müşahidə olunsa da, tam ləğv olunmayıb. Bu ölkələrin əksinə olaraq, Azərbaycanda veyp və elektron siqaretlərin alışı, satışı və istifadəsi leqal olduğu üçün sürətlə artmaqdadır. Səhiyyə Nazirliyi siqaret çəkməyi tövsiyə etmir və buna qarşı mübarizə kampaniyası aparır, maarifləndirmə və digər təbliğat addımları atır. Veyp və elektron siqaretlərə qarşı mübarizə tədbirləri aparılmadığına görə insanlar yanlış istiqamətdə irəliləyir, özlərinə yaxşılıq etdiyini düşünüb, əslində sağlamlıqlarına ciddi zərər vururlar. Ən pisi də odur ki, tək özlərinə yox, həm digər insanlara, həm də ətraf mühitə…
Günay Elşən