Logo
news content
User
Kateqoriyalar

Analitika

Sanksiya qardaşlığı
“İkibaşlı qartal” cəhənnəm yolunda özünə yoldaş axtarışına çıxıb

Qabil Abbasoğlu

Son ilyarımda Rusiya ilə İranın münasibətlərində və ortaq təşəbbüslərində aydın seçilən xətt qərbin sanksiyalarına birgə “sinə gərmək” motivləridir. Bizim coğrafiyaya yad olmayan bu cür totalitar və avtoritar rejimlərdə yarıtmaz siyasətin gətirib çıxardığı nəticələri “dünya imperializmi ilə mücadilə”, “xarici düşmənə qarşı mətanətlə dayanmaq” (bu zaman ölkənin ac olması vəziyyəti daha dramatik və mübarizəni daha dəyərli edir) adı altında pərdələyirlər. Reallıq isə budur ki, hər iki dövlətin ümumbəşəri dəyərlərə arxa çevirməsi, aqressor siyasəti və qonşularla hegemon mövqedən danışması onları dünyadan təcrid edib, normal birgəyaşayışdan uzaq salıb. İndi bu dövlətlər dünya boyda vahid iqtisadi-siyasi-mədən orqanizmdən kənarda öz “dünya”larını qurmaq, bənzər rejimlərdə dəstəkçi taparaq “alternativ bloklaşma” görüntüsü yaratmaq üçün əlləşib-vuruşurlar.

Qərb ölkələrinin və beynəlxalq təşkilatların sanksiyaları altında inildəyən Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni başlatdığı gündən həm qlobal, həm də regional miqyasda təklənməkdə və təcrid olunmaqdadır. Ağır iqtisadi sanksiyalar səbəbindən normal iqtisadi-ticari münasibətlərini qoruya bilmədiyi üçün Moskva yaxın ətrafda özünə bənzər rejimlərlə əl altından, qaranlıq əlaqələr qurmağa və müxtəlif eksperimental “layihə”lərlə bölgədə əsas oyunçu olaraq qaldığını nümayiş etdirməyə çalışır.

Hələ ötən ilin payızında Moskva Tehranla neft məhsullarının svop tədarükünə dair müqavilə bağlamışdı. 2022-ci il oktyabrın sonlarında bağlanan bu müqaviləyə görə, Rusiya neft məhsullarını İrana tədarük etməli, ikinci isə öz növbəsində bu məhsulları Yaxın Şərqdəki analasa bildiyi ünvanlara  çatdırmalı idi. Aydın məsələdir ki, bu müqavilədə daşınma üçün  son illərdə haqqında çox danışılan və iqtisadi baxımdan ən səmərəli Şimal-Cənub dəhlizi, yəni Azərbaycan üzərindən keçən yol nəzərdə tutulurdu. Lakin sonrakı 5 ay ərzində baş verənlər göstərdi ki, Azərbaycan bu planın içərisində yer almaq niyyətində deyil və sanksiyalardan yayınmaq işində Rusiyaya “nəfəslik” verməyib. Belə ki, müqavilənin imzalanmasından sonra 5 ay ərzində Rusiyadan İrana sözügedən müqavilə çərçivəsində heç bir məhsul daşınmadı. Bu barədə rəsmi məlumat yayılmasa da, regional prosesləri izləyən mütəxəssislər də bildirirdilər ki, müqavilənin icrası faktiki olaraq, dayandırılıb. Azərbaycan öz ərazisindən belə bir daşınmanın həyata keçirilməsinə, yumşaq desək, razılıq vermədikdən sonra tərəflər, yəni Moskva və Tehran daşımaların Xəzər dənizi vasitəsilə icra olunmasını müzakirə etməyə başladılar. Bəlli oldu ki, bu həcmdə daşımaları həyata keçirmək üçün tərəflərin Xəzərdə kifayət qədər gəmi-tanker bazası yoxdur. Nəticədə, 5 ay yubandıqdan sonra müqavilə üzrə ilk daşımalar 2023-cü il martın sonunda reallaşdı. Hansı marşrutla, maraqlıdırmı? Aprelin əvvəlində bu barədə ilk dəfə məlumat yayan nüfuzlu “Reuters” agentliyi bildirirdi ki, Rusiya öz məhsullarını İrana Qazaxıstan də Türkmənistan ərazisindən daşımağa məcbur qalıb. İran isə həmin məhsulları avtomobillər vasitəsilə İraq və Suriyaya çatdırıb. Rusiya, iqtisadi baxımdan sərfəli olmayan bu marşrutu seçməyə, sadəcə, məcbur qalmışdı. Daha açıq desək, Tokayevin və Əliyevin bu səssiz demarşı Rusiyanı əlacsızlıqdan bu yola vadar etmişdi. 

İlk partiya daşındıqdan sonra müqavilənin icrasında yenidən fasilə yaranır və Rusiya alternativ yollar axtarmağa məcbur qalır. Və “tapır”: Orta Asiya respublikaları arasında klassik üsullarla təfriqə yaratmaq və bu vəziyyətdən öz maraqları üçün istifadə etmək. Beləliklə, həm Qırğızıstanla Özbəkistan, həm də Qazaxıstanla Qırğızıstan arasında münaqişə yaratmaq planı işə salındı, lakin qısa müddətdə (bəzi mənbələrin iddiasına görə, Türkiyənin müdaxiləsi ilə) də iflasa uğradı. 

Necə deyərlər, şeytan boş dayanmır. İndi Moskva üçüncü “eksperimental layihə” üzərində işləyir. Bu layihənin anonsunu isə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin verib. O deyib ki, Özbəkistan və Qırğızıstan, Qazaxıstan ərazisindən yan keçməklə, Rusiyanın iştirakı ilə yeni multimodal nəqliyyat dəhlizindən istifadə edə biləcəklər. ““Cənub Nəqliyyat Dəhlizi” Qırğızıstanın cənubundan Özbəkistana, oradan isə Türkmənistana, Xəzər dənizindəki Türkmənbaşı limanına qədər uzanacaq. Sonra marşrut dəniz vasitəsilə şimala doğru - Həştərxana gedəcək. Bu, yüklərin çatdırılması üçün ən qısa yol olacaq və bu, Qırğızıstan və Qazaxıstan sərhədində maneələrdən yan keçməyə kömək edəcək”, - Babuşkin bildirib.

Qısa araşdırma zamanı məlum oldu ki, belə bir layihə ilə bağlı adı çəkilən Orta Asiya respublikalarında nə məlumat var, nə də hansısa konkret iş gedir. Bu, sadəcə olaraq, küncə sıxışdırılmış Moskvanın özünü xilas etmək üçün “ən zəif həlqə”ni tapıb, düşdüyü “mühasirə”ni oradan yarmaq cəhdidir. Maraqlıdır ki, Rusiya hakimiyyətinə yaxın ekspertlər bu “layihə”ni müdafiə edərkən, yaxud əsaslandırarkən Qazaxıstana açıq nifrətlərini gizlətmək belə istəmirlər. Aşkar görünür ki, onların təbirincə desək, “qərb emissarlarının hər gün səfər etdikləri” Qazaxıstan Moskvanın “etimad”ını doğrultmayıb və tamamilə fərqli yoldadır.  

Qazaxıstan Prezidenti Tokayevin Şanxay Əməkdaşlıq Təşkilatının son toplantısında etdiyi çıxış da göstərdi ki, Kremlin bu ümidləri boşunadır. Tokayev, qurumun işinin nəticəsiz olduğunu demiş və vəziyyəti dəyişmək üçün yeni tədbirlərə ehtiyac olduğunu bildirmişdi. Rusiyanın indiki vəziyyətində isə bu, praktik olaraq, mümkün deyil. Moskva nəinki yeni prosesə başlamaq iqtidarındadır, hətta regiondakı status-kvonu saxlamağı özü üçün ən böyük qələbə saymağa hazırdır. 

Başqa tərəfdən, Türkiyə-Azərbaycan-Mərkəzi Asiya xəttinin güclənməsində maraqlı olan beynəlxalq güclər Rusiyanın məhz Çin istiqamətində belə bir nəfəslik əldə etməsinə imkan verməyəcəklər. Odur ki, indi regiondakı postsovet liderlər ikibaşlı qartalın son çırpıntılarını diqqətlə izləməkdə və onun qurduğu tələlərdən yayınmağa çalışmaqdadırlar...