Sammitin pərdəarxası
Tramp, Putin və Cinpinin "Sülh Bəyannaməsi" niyə ziddiyyətli görünür?
20 Noyabr 2026
Noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində dünyanın üç ən böyük nüvə dövləti – ABŞ, Rusiya və Çin liderlərinin tarixdə ilk üçtərəfli görüşü baş tutub. Sammitin yekununda imzalanan birgə bəyannamə həm rəsmi mesajlarla, həm də sənəddə yer almayan kritik müddəalarla beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib.
Danışıqlar masası arxasında ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin bir araya gəliblər. Üçtərəfli formatda ilk dəfə keçirilən bu görüşdən əvvəl Donald Tramp həm Vladimir Putinlə, həm də Si Cinpinlə ikitərəfli danışıqlar aparıb.
Görüşün əvvəli jurnalistlərin iştirakı ilə keçib və üç liderin giriş bəyanatları canlı yayımlanıb.
ABŞ Prezidenti Rusiya, Çin və ABŞ-ni nüvə silahlarının yayılmaması istiqamətində səyləri birləşdirməyə çağırıb. O, qeyd edib ki, üç ölkənin liderləri "bütün planeti əhatə edən məsələlər üzrə dialoqun qorunub saxlanılması üçün xüsusi məsuliyyət daşıyırlar". Tramp müzakirə mövzularından birinin Ukraynadakı müharibə olduğunu təsdiqləyərək, bu barədə artıq Putinlə ikitərəfli görüşdə danışdığını deyib: "Düşünürəm ki, Putin də, digər tərəf də müharibənin bitməsini görmək istərdilər" - deyə Tramp yaxşılığa doğru dəyişikliklərə ümid etdiyini bildirib.
Çin lideri görüşün əsas mövzusunun "bütün dünyada sülhün qorunması və strateji sabitliyə töhfə verilməsi" olduğunu vurğulayıb. O, çıxışında nüvə silahlarının tam qadağan edilməsinin və ləğvinin tərəfdarı olduğunu bəyan edib, həmçinin nüvə müharibəsində qalibin ola bilməyəcəyini bildirib.
Rusiya və Çin liderləri hər üç ölkənin İkinci Dünya müharibəsinin qalibləri olduğunu xatırladıblar. Putinin fikrincə, onları "beynəlxalq sülhün qorunması məsuliyyəti" birləşdirir. Rusiya prezidenti Ukrayna müharibəsi mövzusunu həm Si Cinpin, həm də Trampla müzakirə etdiyini təsdiqləyib və hər üç ölkənin Ukrayna müharibəsini də aid etdiyi "regional münaqişələrin" həllində maraqlı olduğunu deyib.
Üçtərəfli görüş təxminən bir saat yarım davam edib. Danışıqlarda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşün yekunları ilə bağlı rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Sammitin yekunlarına dair Vladimir Putin, Si Cinpin və Donald Tramp “Rusiya, Çin və ABŞ dövlət başçılarının sülh haqqında Bəyannaməsi” adlı birgə sənəd qəbul ediblər. Sənədin preambulasında qeyd olunur ki, 2026-cı il noyabrın 19-da Şençjendə görüşən üç lider tarixi sammitin təşkilinə görə Çinə təşəkkür edib, mövcud beynəlxalq vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiqliklərini ifadə ediblər.
Bəyannamə aşağıdakı 4 bənddən ibarətdir:
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, Çin və ABŞ təşkilatın qlobal çağırışlara daha effektiv cavab verməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki təməl missiyasına uyğunlaşması üçün BMT-nin islahatına sadiq olduqlarını bildiriblər.
Üç dövlət bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Tərəflər sabit enerji təchizatının vacibliyini təsdiqləyiblər.
Üç dövlətin başçıları dövlətlərin razılığı prinsipinin və rəsmi şəxslərin toxunulmazlığına (immunitetinə) riayət olunmasının təməl əhəmiyyət daşıdığını qeyd ediblər. Liderlər Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) və digər oxşar strukturların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduğu barədə razılığa gəliblər.
Üç dövlətin başçıları təsdiqləyiblər ki, nüvə müharibəsində qalib ola bilməz və o, heç vaxt başladılmamalıdır. Üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmamasının qarşısının alınması üzrə dialoq aparacaq.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, qəbul edilən bəyannamənin məzmunu təhlil edildikdə bir sıra ciddi suallar və siyasi ziddiyyətlər ortaya çıxır: “Əvvəla, sənəddə ölkələrin ərazi bütövlüyü və suverenliklərinə hörməti ehtiva edən heç bir bənd yer almayıb. Aydındır ki, Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Rusiya Prezidenti belə bir müddəanı əks etdirən bəyannaməyə imza atmazdı. Halbuki, beynəlxalq aləmin (o cümlədən ABŞ-nin) Çinin bir hissəsi saydığı Tayvanı özünə birləşdirməyi hədəfləyən Pekin məhz belə bir bəndin yekun sənəddə əks olunmasını istəyərdi. Nəticədə, sənəd yalnız ümumi ifadələrlə kifayətlənib”.
O, xatırladır ki, Bəyannamənin ilk bəndində üç dövlətin BMT-də islahatlara sadiq olduğu vurğulanır. Lakin bu barədə illərdir danışılmasına baxmayaraq, elə həmin sənədə imza atan BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü indiyədək bu istiqamətdə heç bir real addım atmayıb və atmağa da hazırlaşmır.
E.Şahinoğlunun sözlərinə görə, sənəddə dövlətlərin rəsmi şəxslərinin toxunulmazlığına riayət edilməsinin fundamental əhəmiyyət daşıdığı qeyd edilsə də, ABŞ Prezidenti Donald Trampın əmri ilə Venesuela Prezidentinin oğurlanması faktı birbaşa bu bəndə ziddir.
“Nəhayət, bəyannamənin sonuncu bəndində nüvə müharibəsinin heç vaxt başlanmamalı olduğu təsdiqlənir. Halbuki, bu sənədə imza atan Rusiya Prezidenti və onun ətrafındakı rəsmilər uzun müddətdir ki, Avropa ölkələrini açıq şəkildə nüvə müharibəsi ilə hədələyirlər” – Şahinoğlu bildirib.
Ekspert sonda vurğulayıb: “Göründüyü kimi, Çində bir araya gələn üç böyük gücün lideri ictimaiyyətin gözünə kül üfürmək üçün deklarativ xarakterli belə bir bəyannamə qəbul ediblər. Görüş başa çatdıqdan sonra isə tərəflərin real siyasətdə yenə də öz bildiklərini edəcəyi istisna edilmir”.
Turqut