Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiyaya kütləvi dron hücumunun ƏSAS SİRRİ
“Quşlar” haradan uçub gəliblər?

Rusiya qoşunları Kiyevi raketlərlə və dronlarla atəşə tutan gecə Rusiya ərazisində və ilhaq edilmiş Krımdakı obyektlərə dronlarla kütləvi zərbələr endirildi. Rusiya zərbəsi nəticəsində Ukraynada iki nəfər həlak oldu. Rusiyaya zərbələrdən sonra ölən insanlar haqqında xəbər gəlmir. 

Lakin maddi ziyandan danışsaq, Pskov aerodromuna zərbənin nəticəsi xeyli ağır oldu. Rəsmən təsdiqlənməyən son məlumatlara görə, orada İl-76 hərbi-nəqliyyat təyyarəsinin ikisi məhv edilib, daha dördü də xəsarət alıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov yerli “Babel” nəşrinə müsahibəsində dörd İl-76 təyyarəsinin məhv edildiyini, daha bir neçəsinin zədələndiyini deyib.

O, Rusiyaya dron hücumunu Ukraynanın təşkil edib-etməməsi barədə heç nə deməyib. 

Maddi itkilər

Rusiya tərəfi dörd təyyarənin zərər gördüyünü deyir. Bu da, çox güman, o deməkdir ki, onlar sıradan çıxıblar: hətta xəsarətlər yüngül olsa belə, təyyarələr ətraflı tədqiq olunmalıdır. Xəsarətlər ciddi olsa, təyyarələri uzun təmir gözləyir. 

İki ağır nəqliyyat təyyarəsinin itirilməsi və dördünün müvəqqəti sıradan çıxması Rusiya üçün kritik itki deyil. “Flight International” jurnalının “World Air Forces 2023” dosyesinə əsasən, Rusiyanın hərbi-nəqliyyat aviasiyasının ixtiyarında 119 İl-76 var. Amma necə də olsa, onlar qoşunların nəqli ilə məşğul olan bahalı təyyarələrdir. 

Rusiya üçün daha bir ciddi maddi itki – Tula vilayəti üzərində və Moskva vilayətinin bir hissəsi üzərində hava məkanının qapadılmasıdır. Orada bir gecə ərzində iki dəfə “Xalı” rejimi tətbiq olundu. Səmada arzuolunmaz uçan obyektlər görünərsə və ya belə obyektlərin görünmə təhlükəsi varsa həmin rejim elan olunur. 

Bu halda rejim tətbiq olunan zonadakı bütün təyyarələr oranı tərk etməli və ehtiyat aerodromlara yönəlməli, ya da başqa zonada gözləməlidirlər.  

Bundan əlavə, hava limanlarında uçuşlar təxirə salınır, bu da böyük məsrəf deməkdir. Moskva səması son həftələrdə dəfələrlə PUA-lar üzündən qapadılıb. 

Dronlar haradan uçub?

Bircə gecədə dronlar Rusiyanın altı regionuna və ilhaq olunmuş Sevastopola uçublar. Bu, ən kütləvi hücum aktlarından biridir. 

Pskov aerodromuna hücumun özəlliyi ondadır ki, hədəf UkrayAnanın ən yaxın sərhədindən təxminən 700 km aralıda yerləşir. Bu, yetərincə böyük məsafədir. 

Ukraynada uçuş məsafəsi min kilometr və daha çox göstərilən dronlar var: məsələn, Raybird-3 və ya Bober. Hesab olunur ki, Rusiya ərazisinə həmlələrdə onlardan istifadə ediblər. 

Amma düz xətlə 700 km olan məsafə gerçəkdə daha uzanır, çünki uçuş zamanı dron, yəqin ki, manevr edir. Üstəlik, əgər qarşıdan və ya yandan əsən külək varsa, bu da yanacaq sərfiyyatını artırır. 

Buna görə də sosial şəbəkələrdə dronların Ukrayna ərazisindən deyil, başqa yerdən buraxılması haqda versiyalar yayıldı. Həmin yerin Belarus və hətta Baltik ölkələri ola biləcəyi təxmin olundu. 

Bu şübhələr bir tərəfdən məntiqlidir, çünki həqiqətən də kütləvi hücum idi: təkcə Pskov aerodromuna 10-dan çox dron buraxılmışdı. 

Bu sayda uçuş aparatları - əgər onlar Rusiya ərazisindən buraxılıbsa – sərhədi keçməli, HHM tərəfindən aşkar olunmadan və vurulmadan Rusiya ərazisi üzərində uçmalı idi. Bu, təəccüblü görünür. 

O zaman güman etmək olar ki, dronlar Rusiya ərazisindən buraxılıb və bunun üçün hərbi radarların nəzarət etmədiyi xəlvət ərazi seçilib. 

Amma yetərincə iri aparatları (belə dronun iki qanadının cəmi uzunluğu adətən 2-3 metr təşkil edir) Rusiya və Belarus ərazisinə keçirib oradan buraxmaq versiyası daha təəccüblü görünür. 

Start üçün ya dronun təyyarə kimi sürət yığacağı hamar müstəvi olmalıdır, ya da katapult ki, bunun özü də olduqca iri konstruksiyadır. 

Çətin vəzifə

Buna görə də dronların həqiqətən Ukraynadan buraxılması və Rusiya HHM-nin onları tuta bilməməsi ehtimalı daha böyükdür. 

Bu, həqiqətən də çətin vəzifədir: aşağı hündürlükdə uçan belə PUA-ları radar vasitəsilə izləmək çətindir, qaranlıqda isə vizual görmək və atıcı silahla vurmaq zor işdir.

Rusiya mənbələrinin məlumatına görə, dronların çoxu ya vurulub, ya da radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. 

Amma vurulan hər dron HHM və RMV yeri barədə qiymətli informasiya verir. Buna görə də hər hücum zamanı havadan müdafiə sistemindəki boşluqlar haqqında daha çox məlumat əldə olunur. 

Ola bilər, Pskov aerodromuna zərbə endirmək məhz buna görə mümkün olub. Ondan öndəki Bryansk vilayətində xeyli dron vurulurdu. 

Cavab gedişi

Sözügedən hücumun daha bir xüsusiyyəti kütləvi olmasıdır. Dronlar bir şəhərdə bir hədəfi vurmadılar, onlar Rusiyanın müxtəlif regionlarında və ilhaq olunmuş Krımda göründülər. 

Ukrayna xeyli müddətdir ki, pilotsuz uçuş aparatlarının hazırlanmasına və istehsalına vəsait ayırır. Dron hücumlarının getdikcə daha kütləviləşdiyinə əsasən fikir yürütsək, Kiyevin onları ya müstəqil istehsal etmək, ya da haradansa almaq imkanı var.

Rusiya Ukrayna ərazisini İran istehsallı dronlarla atəşə tutanda Moskvanın adlamalı olduğu çətinliklərdən – elektronikaya açıq və leqal çıxışın olmaması, benzin mühərriklərinin çatışmaması və s. – çox danışılırdı.  

Sanksiya altında olmayan, əksinə, çoxlu ölkələrdən yardım alan Ukraynanın belə problemləri olmamalıdır. Bu oyun ikitərəfli oynanıla bilər və Rusiyadakı obyektlərə Ukrayna hücumlarının getdikcə kütləvi olduğunu nəzərə alsaq, belə çıxır ki, USQ bu dəvəti qəbul edib.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/crg8v2p27dyo