Logo
news content
User
Kateqoriyalar

Analitika

Rusiya Qarabağ savaşına müdaxilə etməyəcək

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Ordusunun əks-hücum əməliyyatının başladığı 27 sentyabrdan bəri ilk dəfə olaraq məsələyə şəxsən münasibət bildirdi.

Bu gün 68 yaşı tamam olan V.Putin “Rossiya-24” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində yaranmış vəziyyəti faciə adlandırıb:

“Bu, faciədir. Biz çox narahatlıq keçiririk, ona görə ki, həm Azərbaycan, həm Ermənistan, Dağlıq Qarabağ – bunlar bizə yad olmayan insanların yaşadığı ərazilərdir”.

Putin xatırladıb ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı, 2 milyondan çox erməni yaşayır:

“Rusiyanın çoxlu sayda vətəndaşı hər iki respublika ilə sıx dostluq, hətta qohumluq münasibətlərinə malikdir. Əlbəttə, bu, böyük faciədir, insanlar ölür, hər iki tərəfdən böyük itkilər var. Biz ümid edirik ki, yaxın vaxtlarda bu münaqişə dayanacaq. Əgər münaqişə tam həll olunmayacaqsa - belə görünür ki, buna hələ çox var - biz hər halda, atəşin dayandırılmasına çağırırıq və bunu mümkün qədər tez etmək lazımdır”.

Putin hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini vurğulayıb:

“Məlum olduğu kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Hərbi əməliyyatlar – təəssüf ki, onlar hələ də davam edir – Ermənistan ərazisində aparılmır. Rusiyanın öz müqavilə öhdəliklərini yerinə yetirməsinə gəldikdə isə, biz hər zaman öhdəliklərimizi yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daimi, canlı, işgüzar təmasdayam və Rusiyanın bir müttəfiq kimi öz öhdəliklərini yerinə yetirməsi məsələsində Ermənstanın hər hansı sualı yoxdur”.   

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da KTMT çərçivəsində öhdəliklərin Dağlıq Qarabağa şamil olunmadığını bildirib:

“Təhlükəsizliklə bağlı öhdəlik belədir: əgər KTMT üzvü olan ölkə kənardan hücuma məruz qalırsa, bu halda müqavilə iştirakçısı olan ölkələr həmin ölkənin müdafiəsinə qalxmaq öhdəliyinə malikdir. Prezident bu məsələni dəqiq izah etdi, KTMT üzrə öhdəliklər Qarabağa aid edilmir”.

Peskov Ermənistan ərazisində hərbi əməliyyatların aparıldığı barədə informasiyaların təsdiqini tapmadığını vurğulayıb.

Beləliklə, Rusiya dövləti ən üst səviyyədə bəyan etdi ki, hazırda Azərbaycan və Ermənistan arasında davam edən müharibəyə müdaxilə etməyəcək. Çünki buna heç bir əsas yoxdur, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılır. Moskvanın bu mövqeyinin Ermənistanda və Rusiya ermənilərində məyusluq yaradacağı şübhəsizdir, çünki onlar ümid edirdilər ki, Moskva birbaşa hərbi müdaxilə etməsə belə, ən azı Azərbaycana açıq və gizli təzyiqlər, hədələr yolu ilə onun hücumunu tezliklə dayandıracaq. Belə olmadı. Kreml Paşinyana və inqilab edərək onu hakimiyyətə gətirən erməni xalqına mesaj verdi ki, başınızın çarəsinə baxın, bizdən bu mərhələdə kömək gözləməyin.

Press Klub