Rusiya işğalına qarşı Krım Platforması
23 Avqust 2021
Bu gün - avqustun 23-də Ukrayna prezidenti Vladimir Zelenskinin 2020-ci ildə irəli sürdüyü Krım Platformasının yaradılması təşəbbüsü reallaşdı. Kiyevdə 46 ölkə və beynəlxalq təşkilatın təmsilçilərinin – prezidentlər, baş nazirlər, parlament sədrləri, nazirlər və səfirlərin iştirakı ilə Krım Platformasının təsis olunduğu zirvə toplantısı keçirildi. Bu platformanın məqsədi beynəlxalq aləmin diqqətini Krımın Rusiya tərəfindən işğalına yönəltmək üçün koordinasiya mexanizmi qurmaq, məsələni daim beynəlxalq ictimiayyətin diqqət mərkəzində saxlamaqdır.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, tədbirdə iştirakın səviyyəsindən asılı olmayaraq, ona dəstək verən bütün dövlətlər Krım Platformasının təsisçisinə çevrilir.
Cənubi Qafqaz ölkələrindən Gürcüstan tədbirə baş nazir səviyyəsində qatılsa da, Ermənistan və Azərbaycan iştirakdan imtina edib. Türkiyə isə tədbirə xarici işlər naziri səviyyəsində qatılıb. Nazir Mövlud Çavuşoğlu Kırımın Ukrayna olduğunu, ərazinin Rusiya tərəfindən ilhaqını tanımadıqlarını və tanımayacaqlarını bəyan edib.

Azərbaycan və Ukrayna həmişə bir-brinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verib. Ötən il baş vermiş 44 günlük müharibə zamanı rəsmi Kiyev Azərbaycana açıq dəstəyini ifadə edib.
Qeyd edək ki, Krım Platformasının sammiti həm də Ukraynanın müstəqilliyinin 30 illiyinə təsadüf edib və bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Təbrikdə bildirilir ki, Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir:
“Möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcək”.
Qeyd edək ki, mətndə Krım Platformasından və Rusiyanı qıcıqlandıran “Ukraynanın ərazü bütövlüyü və suverenliyinə dəstək” cümləsindən istifadə olunmayıb.
Rəsmi Bakının ehtiyatlı davranması təbii ki, Rusiyanın regionda artan rolu ilə bağlıdır. Son həftlərdə Bakı-Moskva münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Rusiya sülhməramlıları Azərbaycanın xəbərdarlıqlarına rəğmən, Qarabağda erməni separataçılarına dəstəyi genişləndirir. Rusiya Müdafiə Nazirliyi Qarabağdakı qanunsuz erməni dəstələrini “Dağlıq Qarabağın silahlı birləşmələri” kimi təqdim edir, Laçın dəhlizindən onların hərbi təminatının təşkil olunmasına şərait yaradır. Paralel olaraq, Ermənistan ordusunun yenidən qurulması istiqamətində verilən açıq dəstək də məlumdur. Bütün bunlar Bakıda qıcıq doğurur. Azərbaycan prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində Rusiya Müdafiə Nazirliyinin addımlarından, Ermənistanı yenidən silahlandırmasından açıq narazılığını bildirib. Amma Rusiya XİN-in nümayəndəsi cavabında bu addımların Rusiyanın suveren hüququ olduğunu və regionda güc balansının qorunmasına xidmət etdiyini deyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Turan"a bildirib ki, GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) baş katibi Altay Əfəndiyev Azərbaycan diplomatıdır və “Krım platforması”nda iştirak edib. Onun fikrincə, Azərbaycan Ukraynaya daha çox dəstək verib, nəinki Ukrayna Azərbaycana:
"Bizim problemlərimiz olanda, Ukraynanın problemi isə olmayanda Ukrayna gəlib Azərbaycana dəstək verirdi? Yox. Sadəcə olaraq, səsvermələr olanda ərazi bütövlüyümüzə səs verirdi. Biz də onu edirik. Yəni o dərəcədə ki, Ukrayna bizim konfliktimizlə bağlı bizə dəstək verib, o dərəcədə də bizdən dəstək uma bilər. Ukraynadan kimlərsə nəsə fikirlər səsləndirə bilər, ancaq rəsmən Ukraynanın dəstəyi Azərbaycanın ona göstərdiyi dəstəkdən xeyli azdır".
Turqut