Logo
news content
User
Kateqoriyalar

Analitika

Robert Koçaryan: “Şuşanın verilməsi haqqında həqiqəti bilmək istəyirsiniz?”

Erməni müxalifəti, görünür, Paşinyanı istefaya sövq etmək üçün xalqdan kifayət qədər dəstək ala bilmir və buna görə gah onun vicdanına müraciət edir, gah baş naziri qorxudur, gah da insanların vətənpərvərlik hissləri ilə oynayır.

Milli Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, “Ayrenik” (“Vətən”) partiyasının sədri Artur Vanetsyan deyir: “Əgər Paşinyanın bircə damcı vətən qarşısında borc hissi qalıbsa, o, dərhal getməli, kürsüsündən yapışmamalıdır”. “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Tsarukyan bəyan edir ki, Nikol “biabırçı siyasətinin sonundan, xalqın qəzəbindən, evsiz və vətənsiz qalmış yüz min artsaxlının hikkəsindən, uşağını itirmiş valideynin acığından qorxmalıdır”. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan isə hazırkı baş nazirin satqınlıq edə biləcəyinə işarə vuraraq bildirir ki, “bu qüvvə hakimiyyətdə qalana qədər” müharibə haqqında həqiqət üzə çıxmayacaq.

“Mənə aydın deyil ki, Şuşa necə verilib, daha ciddi sual yaradan budur ki, onlar (azərbaycanlılar – red.) Şuşanin ətrafına necə gəliblər. Onlar pikaplarda Cəbrayıla daxil olublar, Hadrutu tutublar, Hadrutdan Edilə, oradan Füzuliyə giriblər, Füzulidən Toğu, Mets Tağları ələ keçiriblər, Martuni rayonunun Şəhər kəndindən, bütün Əskəran yarımrayonundan, Avetaranotsdan və yaxın kəndlərdən yan keçərək, Karintaqa çatıblar”, Koçaryan “5-ci kanal” televiziyasına müsahibəsində “Şuşanın təslim edilməsində satqınlıq olubmu?” sualına belə cavab verib.

Keçmiş prezident qeyd edib ki, döyüş gedən həftələr ərzində ermənilər heç yerdə yeni müdafiə xətti qurmayıblar, az qüvvə ilə də olsa, nəsə etməyə cəhd göstərməyiblər.

«Bir həftə Qarabağda hansısa əməliyyat haqqında danışırdılar. Bunun üçün... xəritədə Hadrutu, Edili təsəvvür edin... ilan kimi üzanır. Elə şəraitdir ki, hətta heyrətlənirsən, onlar (azərbaycanlılar – red.) arxalarını necə qoruyublar, yaralıları necə çıxarıblar ki, biz hardasa nəyəsə mane ola bilməmişik? Əməliyyatdan danışırdılar, hətta Araik Arutunyan deputatlarla görüşdə demişdi ki, elə bir əməliyyat hazırlanır ki, nəticədə düşmən məhz bu ərazilərdə darmadağın ediləcək, qüvvə cəmləyirdilər, iclas keçirirdilər, məsləhətləşirdilər. Amma axırda heç bir əməliyyat olmadı, bəlli deyil ki, niyə?.. Mən bilmirəm... Mənim Şuşa ilə bağlı çoxlu suallarım var, cavablar yoxdur. Heç bir hərbi ekspert də anlaya bilmir ki, orada nə baş verib. Nə qədər ki, bu hakimiyyət hakimiyyətdədir, bunu öyrənə bilməyəcəyik. Həqiqəti bilmək istəyirsiniz? Onda bu hakimiyyət getməlidir. Yalnız bu halda hərbçilər özləri həqiqəti söyləyəcəklər”.

Şübhə yoxdur ki, Ermənistanda bütün siyasətçilər, xüsusi ilə də keçmişdə prezident olmuş şəxslər, əsl həqiqəti gözəl bilirlər: KİV-lərdə, sosial şəbəkələrdə həmin döyüşlərin iştirakçılarının kifayət qədər xatirələri, Şuşanın Azərbaycan xüsusi təyinatlıları tərəfindən alınması səhnələrini əks etdirən videomateriallar dərc olunub. Amma cəsarət və düzlük lazımdır ki, bu həqiqətin gözünün içinə baxa, onu xalqına söyləyə biləsən.

Press Klub