Logo
news content
User
Kateqoriyalar

Analitika

Respublika, yoxsa Müstəqillik günü? 
Azərbaycan xalqının ən möhtəşəm bayramlarından olan 28 Mayın adının dəyişdirilməsinin hansı zərurətdən irəli gəldiyi aydın olmadı   

Azərbaycanda mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü adı ilə hər il bayram kimi qeyd ediləcək. Bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb. İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən 28 May - Respublika Gününün adı dəyişdirilir və bundan sonra Müstəqillik Günü kimi qeyd edilməsi təklif olunur. Eyni zamanda, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi hər il bayram kimi qeyd ediləcək. Ancaq həmin gün iş günü olacaq.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. "Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunmalıdır", - deyə Milli Məclisdən mətbuata göndərilən açıqlamada bildirilir. 

Xatırladaq ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. Amma 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü sayılıb.

Professor Qulu Məhərrəmli "old.old.pressklub.az"a açıqlamasında bu dəyişikliyi müsbət qiymətləndirdi:

"Doğrudur, hamı bilir ki, Respublika Günü özündə istiqlaliyyəti, müstəqilliyimizi ehtiva edir. 28 May tarixinin Müstəqillik Günü adlandırılması ədalətin, tarixi proseslərin olduğu kimi fiksasiya olunmasıdır".

Q.Məhərrəmlinin sözlərinə görə, sözügedən dəyişiklik ölkədə nəyin bayram olunduğunu dəqiq ifadə edilən dəyişiklikdir:

"Müstəqilliyimiz bir dəyər kimi insanların canına-qanına hopub. Ona görə də hamını birləşdirən dəyər kimi müstəqilliyimiz önə çəkilir. Bu dəyişikliyin hüquqi-siyasi baxımdan doğru addım olduğunu hesab edirəm, təqdir edirəm, alqışlayıram".

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli "old.old.pressklub.az"a bildirdi ki, bu dəyişiklik prinsipial əhəmiyyət daşımır: 

"Biz o zaman təklif etmişdik ki, 28 May respublikanın qurulması tarixidir  və Respublika Günü kimi qeyd olunmalıdır. Əslində həmin gün elə müstəqilliyin elan olunduğu tarixi ehtiva edir. Hesab edirəm ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü də bayramla yanaşı, qeyri-iş günü elan olunmalıdır. Bu hadisə mühüm tarixi naliyyətlərimizdən birini ifadə edir".  

Müsavat Partiyasının başqanı Arif Hacılı isə hesab edir ki, iqtidar bütün vasitələrlə Elçibəyin rəhbərliyi altında gerçəkləşmiş xalq hərəkatını, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsinin, Müsavat Partiyasının Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizəni inkar etməyə çalışır: 

"Hakimiyyətin məqsədi özlərinin iştirak etmədiyi istiqlal mübarizəsini tarixdən silməkdir. Amma bu, mümkün deyil, çünki tarixi təhrif etmək olar, amma dəyişdirmək olmaz. İkincisi, yalan nə qədər təkrarlansa da, həqiqətə çevrilmir".

A.Hacılı qeyd etdi ki, 28 May - Respublika Günü Azərbaycan xalqının ən müqəddəs bayramlarından biridir: 

"Rus imperiyasından qoparaq Cənubi Qafqazın əksər ərazilərində demokratik və hüquqi bir dövlət qurulub. Bu dövlətdə insan haqlarının tam şəkildə təmin olunması və digər amillər həmin günlə qürur duymağa əsas verir. Əgər 18 Oktyabr bayramı sırf bizim adımızla bağlıdırsa, 28 May bayramı da bizim sələflərimizin - Müsavatın, Rəsulzadənin adıyla bağlıdır. Bu baxımdan hakimiyyət istəyinə tam şəkildə nail ola bilmir. Çox qürur duyuram ki, 28 May Müsavat Partiyasının adıyla bağlıdırsa, 18 Oktyabr da Azərbaycan Xalq Cəbhəsinin, Elçibəyin rəhbərlik etdiyi xalq hərəkatının adıyla bağlıdır".

ReAl Partiyasının sədri İlqar Məmmədov da “Meydan TV”yə açıqlamasında deyib ki, 28 May Respublika Günüdür və elə də qalmalıdır:

"Mən bilmirəm, Respublika sözünün 28 May Günündən götürülməsi kimin ideyasıdır, amma bu, yolverilməzdir və bütün Azərbaycan cəmiyyəti buna qarşı səfərbər olmalıdır".

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi "old.old.pressklub.az"a açıqlamasında bildirdi ki, belə bir düzəliş tarixi hadisənin mahiyyəti etibarilə elə bir ciddi əhəmiyyət daşımır: 

"1918-ci ilin 28 mayında İstiqlal bəyannaməsinin - müstəqillik haqqında sənədin qəbul edildiyi nəzərə alınarsa, sözsüz ki, məntiq etibarilə Müstəqillik Günü daha uyğun ad sayıla bilər. Amma "Respublika Günü" bu müstəqilliyin davamını, yəni həmin gün yeni bir dövlətin - Azərbaycan adlı Respublikanın yarandığı anlamını özündə ehtiva etməklə həmin mənanı verir. İstənilən halda, hər iki ad həmin gün Azərbaycan xalqının öz milli müstəqil dövlətini yaratması kimi möhtəşəm tarixi hadisəni təsbit edir". 

Professorun fikrincə, yaxşı olardı ki, Milli Məclis üzvləri 28 mayda tarix yazaraq bizi dövləti, bayrağı, himni, parlamenti olan millətlər sırasına daxil etmiş Cümhuriyyət qurucularının da xatirələrinin layiqli şəkildə əbədiləşdirilməsi məsələsini müzakirəyə çıxarsınlar: 

"Bu xadimlərə heykəllər qoyulması, ev-muzeylərinin açılması və bu istiqamətdə digər addımlar atılması barədə qanunlar qəbul etsinlər. Dövlətə sahib çıxıb, özünü onun varisi elan etmək həm də bu dövlətçiliyin əsasını qoymuş sələflərə varislik borcunu qaytarmaq deməkdir. Özünü Cümhuriyyətin həqiqi varisi sayan Milli Məclisin deputatlarına bu yolda uğurlar! Gözləyirik".

Turqut