Rayonlarda büdcə vəsaitlərinin hara xərcləndiyi gizlədilir
23 May 2020
Paytaxtda medianın və vətəndaş cəmiyyətinin daha fəal və peşəkar, cəmiyyətin də nisbətən aktiv olması mərkəzi hakimiyyət orqanlarının fəaliyyəti barədə məlumat almağı bir qədər asanlaşdırır. Lakin bölgələrdə problem daha ciddidir. Belə ki, fəal və peşəkar vətəndaş cəmiyyətinin, həmçinin medianın məhdudluğu yerli səviyyədə icmaların ictimai məlumatlara çıxışını daha da çətinləşdirir. Ən müxtəlif kanallar vasitəsilə regionlara yönələdilən investisiyaların həcmi və strukturu, investisiya qoyuluşları hesabına bölgələrin əldə etdiyi səmərə, büdcə və büdcədənkənar fondlar vasitəsilə bölgələrə ayrılan xərclər və həmin xərclərin strukturu, müxtəlif hökumət proqramlarının icrası üçün istifadə edilən resurslar, bölgələrdə mövcud olan ictimai və kommunal xidmət müəssisələrinin fəaliyyətinin nəticələrini əks etdirən statistik göstəricilərlə bağlı informasiyalar kifayət qədər qapalıdır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertlərinin yerli səviyyədə idarəetmə qurumlarının (pilot ərazilərin timsalında) fəaliyyətində informasiya açıqlığının mövcud vəziyyətinin qiymətləndirilməsinə dair hazırladığı hesabatda belə deyilir. Hesabatda 8 istiqamət üzrə yerli səviyyədə idarəetmə və ictimai xidmət təşkilatlarının fəaliyyətində informasiya açıqlığı və şəffaflıqla bağlı ictimai monitorinqin nəticələri əks olunub. Həmin istiqamətlər aşağıdakılardır:
- İctimai vəsaitlərin və vergilərin formalaşması ilə bağlı məlumatlar;
- İctimai vəsaitlərin istifadəsi haqda informasiyalar;
- İctimai əmlakın istifadəsinə dair məlumatlar;
- Sosial xidmətlərlə əlaqəli məlumatlar;
- İctimai informasiyaların cavablandırılma səviyyəsi;
- İnformasiya açıqlığını təmin edən imkanlar və hesabatlılıq;
- Bölgələrin iqtisadi imkanları ilə bağlı məlumatların səviyyəsi;
- Yerli qurumların fəaliyyətinin inzibati təşkili barədə məlumatların açıqlıq səviyyəsi.
Məlumatlar necə gizlədilir?
Analoji hal Bərdə rayonu İcra Hakimiyyətinə də aiddir. Üstəlik, burada yerli ekspertlər tərəfindən ünvanlanan rəsmi informasiya sorğusuna da cavab verilməyib. Bərdə Maliyyə İdarəsinə göndərilən məktuba cavab olaraq isə bildirilib ki, Nazirlər Kabinetinin 26 noyabr 2018-ci il tarixli 504 saylı qərarına əsasən təşkilatların illik maliyyə fəaliyyətləri, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar özlərinin internet informasiya ehtiyatlarında açıqlanmalıdır. “Odur ki, məlumat almaq istəyən tərəf həmin təşkilatlara müraciət eməlidir”, - deyə məsuliyyəti digər qurumların üzərinə atıblar.
Yevlax rayonu üzrə nə yerli dövlət idarəetməsi üzrə xərclərin məbləği və strukturu, nə də yerli İH-nin abadlaşdırma ilə bağlı xərcləmələrinə dair açıq informasiya mənbələrində, o cümlədən Yevlax rayon İcra Hakimiyyətinin saytında məlumat var. Bu informasiya rəsmi dövri nəşrlərdə, o cümlədən rayon qəzetində də yayılmır.
Xaçmazda isə icra hakimiyyətinin saytı da daxil olmaqla, heç bir açıq rəsmi mənbədə, eləcə də rayon qəzetində informasiya yoxdur. Bu, o deməkdir ki, rayonda yerli dövlət idarəetmə orqanlarının faəliyyətinin maliyyələşdirilməsi, eləcə də yerli icra hakimiyyətləri vasitəsilə ərazilərin abadlaşdırılması ilə bağlı xərclər bütünlüklə qapalı saxlanılır.
Satınalma müqavilələri yalnız rayon mərkəzlərində...
İctimai əhəmiyyət daşıyan məlumatların qapalılığı və cəmiyyət üçün əlçatan olmaması həmin rayonların dövlət idarəetmə orqanlarında həyata keçirilən satınalmalarda da özünü göstərib. Belə ki, monitornqin nəticələrinə əsasən bütün rayon və şəhərlər üzrə satınalma elanları və bağlanmış müqavilələr barədə vahid internet portalında (http://etender.gov.az) məlumatlar yerləşdirilir. Ancaq icra olunmuş müqavilələrin nəticələrinə dair ətraflı məlumatlar əldə etmək mümkün deyil. Məsələn, 2019-cu ildə Mingəçevir şəhərində yerli dövlət orqanları tərəfindən 70 satınalma müqaviləsi olub. Bunun 34-ü bilavasitə şəhər İcra Hakimiyyətinin özü və ya onun strukturları tərəfindən bağlanıb. Müqavilələrin ümumi dəyəri 1,5 milyon manata yaxın olub. Amma həmin müqavilələrdə nəzərdə tutulan satınalmaların icrası barədə heç bir məlumat verilmir.
Yaxud ötən il Bərdədə yerli dövlət orqanları tərəfindən imzalanmış 47 satınalma müqaviləsindən 11-i İcra Hakimiyyətinin Bərdə şəhər nümayəndəliyinin adından bağlanıb. Bu müqavilələrin ümumi dəyəri 1,2 milyon manata yaxın olub. Yerdə qalan müqavilələr əsasən rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Nazirliyinin Regional İdarəsi və Subartezian Quyularının İstismarı İdarəsinin adından bağlanıb. Kənd yerlərində isə hər hansı satınalma müqaviləsi olmayıb.
Xatırladaq ki, yerli dövlət qurumları dövlət sirri istisna olmaqla, fəaliyyətləri ilə bağlı istənilən məlumatı vətəndaşlara təqdim etməyə, bu məlumatların mümkün olduğu qədər rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək əlçatanlığını daha da asanlaşdırmağa məsuliyyət daşıyır. Lakin konkret indikatorlar əsasında 4 pilot ərazinin timsalında aparılan qiymətləndirmə rayon və şəhərlərdə informasiya açıqlığı sahəsində xeyli maneələrin olduğunu üzə çıxarır. Məlum olur ki, yerli dövlət idarəetmə orqanlarının maliyyələşdirilməsi, eləcə də bu qurumların xətti ilə xərclənən vəsaitlərə dair məlumatlar qapalıdır və əksər hallarda tamamilə gizli saxlanılır. Həmçinin mal, iş və xidmət alınması məqsədilə nə qədər büdcə vəsaitinin təsdiqləndiyi qapalı saxlandığından, elektron satınalma portalında olan müqavilə dəyərinin həmin büdcənin hansı hissəsinin təşkil etdiyini müəyyən etmək mümkün deyil. Bundan başqa, yerli xərclərin funksional strukturu (təhsil, səhiyyə, kənd təsərrüfatı və meliorasiya, sosial müdafiə və təminat), bu xərclərin həcmi və iqtisadi strukturu üzrə bölgüsü də qapalı saxlanılır. Hətta son illərə qədər əlçatan olan bəzi informasiyalar (məsələn, rayonda subsidiya alanların siyahısı) artıq elektron mənbələrdə mövcud deyil.
Elxan Salahov