Logo
news content
User
Kateqoriyalar

Analitika

Rauf Mirqədirov üçün bir Ədalət var – Vətənini ona qaytarmaq! 

Müəllif: Arif Əliyev

Avropa İnsan Haqları Məhkəməsi tanınmış jurnalist Rauf Mirqədirovun 6 il əvvəl Türkiyədən Azərbaycana gətirilərək həbs olunmasını qanunsuz elan etdi. Məhkəmə təsdiqlədi ki, jurnalistin azadlıq hüququna “əsaslı şübhə” olmadan müdaxiləyə yol verilib, ədalətli araşdırma aparılmayıb, təqsirsizlik prezumpsiyası və şəxsi həyatın toxunulmazlığı prinsipləri pozulub. Qərara əsasən, Azərbaycan dövləti jurnalistə 20 min avro təzminat ödəməlidir.

Sizi bilmirəm, mənim içimdə bu qərarla ədalətin bərpa olunacağına inama bənzər bir hiss oyanmadı. Ölkənin ən mötəbər qələmlərindən birini, bundan da önəmlisi – günahsız bir insanı xaricdə alçaldıcı şəkildə tutub Bakıya gətirmək, kiminsə sifarişi ilə, qondarma və gülməli sübutlar əsasında onu “vətənə xəyanətdə”, “satqınlıqda” ittiham etmək, zindana salmaq, sonra isə faktiki olaraq ölkədən çıxıb getməsi üçün şərti azadlığa buraxmaq beləmi ucuz cəzaya layiq əməllərdir? Rauf Mirqədirovun dərdli atasının ölümünün, dağılmış ailəsinin, mərhumiyyətlər içində keçirdiyi iki illik məhbus və dörd illik mühacir həyatının, işini, evini, doğmalarını itirməsinin qiymətidirmi 20 min avro? 

Bizim məmləkətdə gözə böyük görünə bilər, amma Qərbdə bu məbləğ Mirqədirov çaplı bir jurnalistin aylıq maaşına bərabərdir. 2014-cü ildən bəri Raufun  həbsxanada və qürbətdə keçirdiyi günlərinin sayına böldükdə isə hərəsinə heç 10 yevro “məcburi ezamiyyə” xərci də düşmür. Və ən vacibi: kim ödəyəcək həmin “kompensasiyanı” günahsız olaraq ağır cəzalandırılmış şəxsə? Qərəzli müstəntiq? Yalançı prokuror? Müti hakim? Yoxsa hər üçünün ipini əlində oynadan sifarişçi? Xeyr, bu qəhrəmanlardan heç bir sent də çıxmayacaq. Cərimə onların yüksək maaşlar aldığı büdcədən, yenə xalqın pulundan ödəniləcək. 

Bilirəm ki, Raufun gözü pulda deyil. Mənim Azərbaycanda apardığım hesabatı o, sığınacaq tapdığı, ancaq heç cür isnişə bilmədiyi İsveçrədə aparmır. Rauf Vətən həsrəti çəkir. Xarakterindənmi irəli gəlir, ya həddən artıq bağlı olduğu dəyərlərə, peşəsinə görədirmi, onun həsrəti başqalarından daha dərin, hissləri daha kövrək və ağrılıdır. Ona 20 min avro lazım deyil. Ona barəsində çıxarılmış ədalətsiz məhkəmə hökmünün ləğv olunması, bəraət verilməsi və Vətənə yolunun açılması gərəkdir. Vətən bütün yaraları sağaldar və bütün haqsızlıqların müqabilində yeganə qiymətli kompensasiya ola bilər.

Nədənsə, bu kiçik məqaləni yazanda çox adam yadıma düşdü.