Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qucağında yarasını sarıdığı əsgərlə birlikdə şəhid olmuşdu...” – ŞƏHİD HƏKİMLƏR
İki müharibədə iştirak etmiş şəhid həkim Azər Şəmilovun qəhrəmanlıq hekayəti 

Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var. 

old.pressklub.az "Şəhid həkimlər" layihəsi çərçivəsində 44 günlük müharibədə şəhid olmuş tibb xidməti əməkdaşlarının həyatını, yaşam və qəhrəmanlıq hekayətini yazır. Növbəti yazımız şəhid həkim Azər Şəmilov haqqındadır.

***

“Dedim, uşaqları da oyadım, qoymadı, ikisinin də üzündən öpüb çıxdı. Həyət darvazasından yola saldım. Leysan yağırdı, dedi, qayıt, islanarsan, dedim, yox... Gözdən itincə arxasınca baxdım. Bizə demişdi təlimə gedirik. Yalnız 27-si, atəş səsləri eşidəndə anladıq həqiqəti…”

Azər Şəmilov 1971-ci ilin 13 avqustunda Tərtər rayonunun Alışarlı (Qapanlı) kəndində dünyaya gəlib. Atası Şəmilov Elyas qonşu kənd xəstəxanasında baş həkim işləyirmiş, anası evdar qadın olub. Ailədə 6 uşaq olublar. Azər 3 qızdan sonra anadan olub, onun gəlişinə qurbanlar kəsilib, nəzir paylanıb.  8-ci sinfə qədər atasının həkim işlədiyi kənddə-Söylən kənd orta məktəbində təhsil alıb. 

9-cu sinifdən sonra, yəni 1986-88-ci illərdə Bakıda kimya-biologiya təmayüllü məktəbdə oxuyub. Dərslərini həmişə yaxşı oxuyub, dərs əlaçısı olmaqla yanaşı, yaxşı şahmat oynayar, yarışlarda uğur qazanarmış. Şahmatı hobbi hesab edib, arzusu elə əvvəldən həkim olmaq imiş. 

Hətta birinci il balı Tibb Universitetinə çatmır, BDU-nun kimya-biologiya fakültəsinə artıqlaması ilə balı olsa da getmir, “mən həkim olacam” - deyir. 

Qarşıda isə hərbi xidmət vardı. Azər Şəmilov hərbi xidməti Qazaxıstanda keçir, bitirib qayıdanda görür ki, anası dünyasını dəyişib, ona xəbər verməyiblər. Birbaşa anasının məzarı üstünə gedən Azər ana itkisinin ağırlığından özünə gəlməmiş ana vətən itkisinin təhlükəsi onu müharibəyə səsləyir. 

Beləcə, qismətinə I Qarabağ müharibəsi düşür, səfərbərlik elan olunanda müharibəyə yollanır. 1988–1990-cı illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdən sonra 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edir. Həkim olmaq arzusu yalnız atəşkəsdən sonra, 1994-cü ildə Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olmaqla reallığa çevrilir. 2000-ci ildə universiteti uğurla bitirdikdən sonra Naxçıvan şəhərinə hərbi qulluğa çağırılır. Bu dəfə həkim kimi hərbi qulluqdan baş leytenant rütbəsi ilə qayıdır. Yalnız ondan sonra Tərtərə gəlir və atasının bir vaxtlar baş həkim olduğu Söylən Tibb məntəqəsində eyni vəzifədə fəaliyyətə başlayır. 

Hekayənin bu yerində söhbəti onun həyat yoldaşı, kimya-biologiya müəllimi, Bərdə rayonu Kələntərli kənd orta məktəbinin təlim-tərbiyə üzrə direktor müavini Səidə xanım davam etdirir: “Biz uzaq qohumuq Azərlə. Uşaqlıqdan tanış idik, amma böyüyəndən sonra qohumlar xüsusi tanış etdilər bizi. Toyumuz 2003-cü ildə, elə Alışarlı kəndində oldu. Sakit, çox nümunəvi ailəmiz vardı. İki övladımız var, indi oğlumun 19, qızımın 16 yaşı var. Müharibə başlayanda Azər artıq 16 il idi ki, ANAMA-da baş həkim işləyirdi. Bərdə rayonu Kələntərli kəndində yaşayırdıq. Həmin vaxt məzuniyyətdə idi. Sentyabrın 20-də ona zəng gəldi, çağırdılar, amma bizə dedi ki, təlimə gedirik. Sentyabrın 21-i səhər saat 7 idi. Dedim, uşaqları da oyadım, qoymadı, ikisinin də üzündən öpüb, çıxdı. Həyət darvazasından yola saldım. Leysan yağırdı, dedi qayıt, islanarsan, dedim, yox. Gözdən itincə arxasınca baxdım. Bizə demişdi təlimə gedirik. Səhəri gün smartfonunu kimdənsə göndərmişdi evə. 22-si oğlumuzun ad günüdür, zəng elədi. Oğlunu təbrik etdi, dedi, narahat olmayın, filan yerdə təlim keçirik. Demişdi mənə düyməli telefon al göndər, planlaşdırırdım ki, alıb göndərəm”. 

Səidə xanım deyir, dərslər, ev, uşaqların hazırlığı başımı qatdı, telefonu alıb göndərməyə imkan tapmadım. Sonra da müharibə başladı: 

“Yalnız sentyabrın 27-si, atəş səslərindən anladıq həqiqəti. Çox ağır günlər yaşadıq, həm Azərdən nigaranlıq, həm özümüzün, uşaqlarımın burda  Bərdədə təhlükə altında olması, birbaşa həyatımızda idi müharibə. Arada danışırdıq, çox ani, mümkün qədər zəng edirdi. Buralara da atırdılar, qızım çox qorxmuşdu. Uşaqları da götürüb, getdik Bakıya qaynımgilə. Oktyabrın 10-u getdik, 14-ü xəbəri gəldi Azərin. 13-ü zəng eləmişdi, 3 dəqiqə danışdıq. Kəndə də hər gün şəhidlər gəlirdi. Kəndimizdən onunla bir yerdə döyüşən İlkin adında oğlan şəhid olmuşdu, onu soruşdu, “niyə demirsən mənə İlkin şəhid olub” - dedi. Sonra da başladı mənə tapşırıqlar verməyə, filan işi filan eləyərsən, belə. Dedim, yox, özün gəlib eləyərsən o işləri. Dedi, həyatdır, bilmək olmaz, hər ehtimala deyirəm. Uşaqların təhsilindən nigaranlığı vardı, dəfələrlə deyirdi uşaqlar təhsil alsın. Danışıram, yenidən yaşayıram hamısını, çətin olur…

Yuxularımı çox qarışdırırdım. Oğlum Bakıda oturmurdu, deyirdi gedək kəndə. Hamımız narahat, nigaran. Oktyabrın 14-ü zəng gözləyirik, gəlmir. Axırda dedim, oğlum, ata axırıncı dəfə yığdığı nömrəni yığ, gecə saat 12 idi. Dedilər, özü yığar sizi, yuxarıdadır. Səhər saat 6-da yuxudan dik atıldım, elə bil başıma nə isə düşdü. Durdum, başladım dua etməyə. 

Qardaşım zəng elədi ki, Azər şəhid olub, dünya başıma fırlandı. Oğluma dedim, ata yaralanıb, gedək kəndə. Yolu necə gəldik… Allah heç kimə göstərməsin, oktyabrın 14-ü idi…”  

***

 

“Mən həmin gün çox narahat idim, sanki hiss edirdim nəsə olacağını. Gözümün qarşısına bəzi səhnələr gəlirdi. Oktyabrın 14-ü atamdan zəng gələr deyə, telefonun başında çox gözlədim. Amma atamdan zəng gəlmədi. Biz zəng edib maraqlandıq, dedilər, hər şey yaxşıdır, atanın başı qarışıqdı, gələndə deyərik. Sonra bildim ki, elə həmin an şəhid olub atam, sadəcə bizə deməyiblər. Şəhid olma xəbərini ilk olaraq dayımdan aldıq. Atamın şəhid olmasından dörd saat sonra bizə xəbər verdilər” - bunları oğlu Fədayət danışır: 

“Həkim yoldaşının sözlərinə görə, atam yüzlərlə əsgəri döyüş meydanından çıxarıb və ilkin tibbi yardım göstərib. Əsgərlər belə onun qorxmaz olduğunu deyirdilər. Heç kimin getmədiyi yerlərə atam özü sürünə-sürünə gedib və yaralılara ilkin yardım göstərib. Şəhid olmamışdan əvvəl bir neçə dəfə yanlarına “Qrad” mərmisi düşüb və yaralanıb. Amma xidmətini dayandırmayıb. Bu barədə mən sonra bilmişəm, yaralandığını evdə deməmişdi. Döyüş yoldaşı deyir ki, atam oktyabrın 14-də saat 11-12 radələrində qucağında yarasını sarıdığı əsgərlə birlikdə şəhid olublar”.

İndi Səidə xanım övladlarının təhsil alması ilə öyünür, atalarının arzusunun həyata keçdiyini deyir: “Ataları riyaziyyatı çox yaxşı bilirdi, çox savadlı idi. Uşaqlarla fənlərdən sorğu-sual edirdilər, çətin məsələləri həll edirdilər, şahmat oynayırdılar. Oğlum atası şəhid olan il, 2020-ci ildə İqtisad Universitetinə qəbul oldu. İkisi də savadlıdır, yaxşı oxuyurlar. Qızım da həmin il 9-cu sinfi fərqlənmə ilə bitirdi. Bu il də 11-ci sinfi fərqlənmə ilə bitirdi, atasına söz verdiyi kimi, ADA Universitetinin hüquq fakültəsini seçib, ingilis dilində”. 

Azər Şəmilovun atası sağdır, çox yaşlıdır. Azər həkim olandan sonra atası ağır xəstəliyə tutulub, Azər Şəmilovun etdiyi müalicə, diqqət-qayğısı atasını yenidən həyata qaytarıb.  Meyvələrin şirəsini çəkib, qaşıqla ona içirdib, özü yedirdirmiş atasını. Kələntərli camaatı Azər Şəmilovun elə sağlığında şəhid olduğunu deyirlər. Deyirlər, özünü insan yolunda şəhid edirdi. İmkanı olmayanı təmənnasız müalicə etməklə qane olmurdu, onun iynə-dərmanını alıb verirdi ki, apar, yazdığım kimi qəbul et.  

Səidə xanım deyir, Azər çox ailəcanlı idi: “Mənim arxamda dururdu ki, işləyim, bəzən kişilər qadının işləməyini istəməz, Azər isə əksinə, “qadın işləsə yaxşıdır” - deyirdi. Bir olmuşuq həmişə, yumruq kimi birləşib, torpaq alıb, evimizi tikmişik. Hər şeyə sıfırdan başlamışıq, uşaqlar oxuyana qədər hamısını yoluna qoyduq. Yenicə çətinliklər geridə qalmışdı, şəhid oldu. Onun kimi insan bir də həyata gəlməz, çox yüksək insanı keyfiyyətləri vardı. Şükür edirəm ki, ağır zərbədən sonra qalxa bildik, uşaqlar onun arzularını reallaşdırır”.  

Qızı Aynurə Şəmilova bu il yüksək balla imtahan verib, universitet seçib. Deyir, inanıram, atamın ruhu şaddır: “Həmişə bizim oxumağımızı istəyirdi. Müharibədə olanda telefonla danışırdıq, bizə təskinlik verirdi ki, düşməni məhv edib qayıdacam, qayıtmadı, amma mən onu həmişə yanımda hiss edirəm. O, hələ müharibədə olanda testlərdən maksimum nəticə göstərdiyimi ona dedim, çox sevindi. Ona söz verdiyim kimi, fərqlənmə attestatı aldım. Məzarı başında da ona söz verdiyim kimi, yüksək bal topladım. Atam üçün çox darıxıram, amma onunla fəxr edirəm və inanıram ki, ruhən bizimlədir”.

Aynurənin titrək səslə dediyi cümlələr adama nələr yaşatmır… Bu gənclər öz arzularını yox, yalnız şəhid olmuş atalarının arzularını həyata keçirilər. Onların arzuları elə atalarının arzularıdır, başqa heç nə düşünmürlər. Necə ifadə edirsən et, fərqi yoxdur, bu reallıqdır. Ataların və oğulların çiyinlərinə düşən missiya belədir. 

***

Azərbaycan Ordusunun tibb xidməti leytenantı Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yaralı hərbçiləri döyüş meydanından çıxarıb, ilk tibbi yardım göstərib.

Oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Azər Şəmilov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. 

İndi Tərtər rayonunda bir küçə Azər Şəmilovun adını daşıyır. Oğlu, qızı, ailəsi və bütün Azərbaycan üçün onun və vətən uğrunda canını fəda edən bütün oğulların adı şərəf və  ləyaqətin özüdür.  

Ramilə Qurbanlı