Logo
news content
User
Kateqoriyalar

Analitika

Qrip və koronavirusun fərqi nədir?

Qriplə yeni növ koronavirus infeksiyası - COVİD-19 arasında həm oxşarlıqlar, həm də fərqlər var. Xüsusən hazırda - qış mövsümündə bu fərqləri bilməyin böyük önəmi var. COVİD-in yayıldığı ilk aylarda əhalinin mütləq əksəriyyəti bu xəstəliyi ciddiyə almırdı, onu adi mövsümi qrip hesab edirdilər. Lakin sonradan - xüsusən son həftələrdə hər kəs dərk etdi ki, bu həna o hənadan deyil.

Fərqi ən yaxşı koronavirusa yoluxmuş insanlar bilir. Onlar deyir ki, iki virus arasında böyük fərq var.

Təbii ki, mütəxəssislər bu fərqlərdən daha yaxşı xəbərdar və məlumatlıdır. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim infeksionist Vüqar Cavadzadə bildirdi ki, qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq qripin simptomlarının daha tez özünü göstərməsidir:

“Qrip çox kəskin başlayır. Kəskin intoksikasiya əlamətləri olur, yüksək temperatur baş ağrıları ilə müşayiət edilir. Amma koronavirus infeksiyası tədricən başlayır. Bəzi xəstələrdə yüngül baş ağrıları müşahidə edilə bilər. Qrip zamanı boğazda qaşınma, göynəmə, yanma hisiyyatı yaranır. Koronavirus infeksiyası zamanı bəzi xəstələrdə bunu boğazda quruluq hissiyatı kimi görə bilərik. Qrip infeksiyası zamanı çox vaxt xəstələrdə təzyiqin düşməsi müşahidə edilir, bəzən hətta yüksək temperaturu olan şəxslər daha sonra tərlədikləri zaman bunlarda kollaps inkişaf edir. Amma koronavirus infeksiyasında bir sıra xəstələrdə təzyiqin qalxmasını müşahidə edirik”.

Həkim infeksionist əlavə etdi ki, qrip infeksiyasında gizli dövr bir neçə saatdan bir-iki günə qədər davam edir. COVİD-də bu dövr 2-14 gün, bəzi hallarda isə 21 günədək davam edə bilir. İki infeksiyanın oxşar cəhətlərinin olduğuna toxunan V. Cavadzadə qeyd etdi ki, hər ikisi hava-damcı infeksiyasıdır:

“Hər ikisinin oxşar xüsusiyyətləri xəstələrdə temperaturun olmasıdır. Fərqli xüsusiyyətlərdən biri budur ki, koronavirus infeksiyası zamanı xəstələrdə qoxu və dadbilmə qabiliyyəti itir, qripdə isə belə hal müşahidə edilmir”.

Koronavirusa yoluxmuş xəstələrin müalicəsində iştirak etmiş həkim-radioloq Aydın Əliyev isə deyir ki, mövsümi qriplərlə koronavirus infeksiyasını şikayətlərə görə dəqiq fərqləndirmək mümkün deyil:

“Çünki hər ikisinin də çox oxşar əlamətləri var. Boğaz ağrısı, burun tutulma, axma, baş, əzələ ağrıları, öskürək, üşütmə və s. əlamətlər hər iki xəstəlikdə bu və ya digər dərəcədə müşahidə edilə bilər. Ona görə də yalnız kliniki əlamət və şikayətlərə görə, həmçinin bəzi laborator əlamətlərə görə dəqiq olaraq fərqləndirmək mümkün deyil”.

Həkimin sözlərinə görə, əgər yaxma analizində COVİD-19 pozitiv çıxıbsa, deməli, koronavirus o insanın orqanizmində var:

“Əgər burun və udlaqdan götürülən test analizi mənfi çıxıbsa, amma xəstənin şikayətləri varsa, o zaman KT (kompüter tomoqrafiyası) müayinəsi olunmalıdır və əgər KT müayinəsində COVİD-19 üçün əsasən xarakterik olan “buzlu şüşə” mənzərəsi aşakarlanıbsa, deməli o insan koronavirusa yoluxub. KT müayinəsi vasitəsilə təxminən 90-95% hallarda COVİD-19 üçün xarakterik olan hər iki tərəfdən multifokal, subplevral, periferik və əsasən də “buzlu şüşə” mənzərələrinin görünməsi təsdiq edir ki, burda COVİD-19 xəstəliyi var. Yəni əsas bu iki dəqiq üsulla - test və KT ilə virusu müəyyən etmək olar”.

Hər iki xəstəliyin oxşar əlamətləri olduğu kimi, fərqli əlamətlərinin də olduğunu vurğulayan mütəxəssis onu da əlavə etdi ki, koronavirus ürəkbulanma, qusma, ishal, mədə-barığsaq pozuntuları şəklində özünü göstərə bilir:

“Düzdür, bəzi hallarda mövsümi qriplərdə də belə hallar müşahidə olunur. Amma bu əlamətlər mövsümi qriplərdə çox olmur, daha çox koronavirusda müşahidə olunur”.

Ülviyyə Şahin