Logo
news content
User
Kateqoriyalar

Analitika

Qəza, diversiya, yoxsa texniki problem?
Azərbaycanın Avropanın iki ölkəsinə verdiyi qaz niyə dayandırılıb?

Azərbaycandan Avropanın iki ölkəsinə - Bolqarıstana və Serbiyaya qaz ixracında problemlər yaranıb. Yanvarın 10-da "Şahdəniz" qaz yatağının texniki operatoru olan "BP-Azerbaijan" şirkəti yataqdakı "Alfa" platformasının işini dayandırdığını açıqlayıb. Şirkət bunu kondensatın (qazla birlikdə çıxan neft) nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən olduğunu bildirib.

“Bulgartransgaz” şirkətinin yaydığı məlumatda isə bildirilir ki, TAP kəməri vasitəsi ilə  Azərbaycandan verilən qaz həcmləri gündəlik olaraq 5,5 mln kubmetr azalıb. Qeyd olunur ki, Konsorsium “Alfa” platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşib. Bu səbəbdən də “Alfa” platformasını müvəqqəti dayandırılıb. Bolqarıstan şirkəti Azərbaycan tərəfdən bununla bağlı xəbərdar edildiklərini və qaz çatışmazlığını aradan qaldırmaq üçün BOTAŞ şirkətindən Türkiyə üzərindən qaz həcmləri aldığını açıqlayıb.

Serbiyanın Prezidenti Aleksandar Vuçiç isə yanvarın 10-da bildirib: "Səhər bizə daha bir pis xəbər çatdı. Azərbaycanlı dostlarımızdan məlumat aldıq ki, bu gündən (yanvarın 10-dan – red.) etibarən gündəlik aldığımız 1.7 milyon kubmetr qaz tədarükünə artıq güvənə bilməyəcəyik. Artıq rezervlərimizdən daha ehtiyatlı şəkildə istifadə etməyə başlayacağıq. Mənə əvvəllər "dəlisov Vuçiç" deyənlər indi görəcəklər ki, ehtiyat toplamaq qərarımız nə qədər düzgün olub. Ümid edirəm ki, bir və ya iki aya bu məsələni həll edəcəklər. Əks halda, növbəti dörd ay ərzində ehtiyatlardan istifadə etməyə davam edəcəyik. Amma qaz və neft çatışmazlığı olmayacaq".

Azərbaycan hökumətindəki mənbələr isə bu bəyanatdan sonra yerli mətbuata bildiriblər ki, sualtı kəmərin bərpası 2 ay yox, hətta 1 aydan belə tez həll olunacaq. Bu açıqlama Serbiya mediasında tirajlanıb və Prezident Vuçic daha bir bəyanatında Azərbaycan Prezidentini ölkəsində görmək arzusunu ifadə edərək, enerji sahəsində əməkdaşlıqdan məmnun olduğunu bildirib.  

Xatırladaq ki, Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Cənub-Şərqi Avropanın böyük bir hissəsi, eləcə də İtaliya üçün alternativ qaz mənbəyi kimi çıxış edir. "Şahdəniz" qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi 2018-ci ildə işə düşüb.

Hazırda Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya – ümumilikdə 10 ölkə Azərbaycan qazını alır.

Hadisə Azərbaycanda da geniş rezonans doğurub və sosial şəbəkələrdə spekulyasiyalara yol açıb. Bu zaman ötən il dekabrın 31-də Rusiya qazının Ukrayna üzərindən Avropaya təchizatının dayandırılması, Azərbaycan məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulmasına görə Bakı-Moskva münasibətlərinin gərginləşməsi kimi olaylar yada salınır. Ehtimallardan biri kimi olayların təsiri ilə Rusiyadan Azərbaycan vasitəsi ilə Qərbə ötürülən (?) qazın kəsilməsi göstərilir. Digər ehtimal kimi isə qonşu dövlətlərdən birinin sualtı kəmərə təxribat törətməsi səsləndirilir.     

Pressklub.az Avropanın 2 ölkəsinə qaz təchizatında yaranmış fasilənin dəqiq səbəbini öyrənmək üçün neft-qaz sahəsi üzrə tanınmış ekspert İlham Şabana müraciət edib. Mütəxəssis təxribat ehtimallarının ortaya çıxmasını təbii sayır, buna səbəb kimi, son dövrlərdə dünyanın müxtəlif yerlərində enerji infrastrukturlarına qarşı həyata keçirilən diversiyaları göstərir. “BP-nin açıqlamasına diqqət etsək, orada qeyd olunub ki, boru kəməri hər hansı fiziki zərbə almayıb. Yaxud orada partlayış və ona bənzər bir hadisə olmayıb”, -deyə ekspert bu versiyanı inkar edir. 

İlham Şaban BP-nin bəyanatında haqqında bəhs olunan “Alfa” platforması haqqında əvvəlcə izahat verib:

“Bu, 2004-2006-cı illərdə Bakıda inşa edilmiş, Azərbaycanın ilk qaz platforması olan “Şahdəniz 1” layihəsinin bir hissəsidir. 2006-cı ilin dekabrında o platformadan Səngəçal terminalına iki paralel kəmər çəkilib. “Alfa” platformasından həm təbii qaz, həm də kondensat çıxır və 80 kilometrlik sualtı kəmərlə Səngəçala gətirilir”. 

Ekspert bildirir ki, bu kəmərin içini mütəmadi olaraq təmizləyirlər: “BTC və AÇG-dən çıxan bütün kəmərlər kimi, bu kəmər də təmizlənir. Bu, ona görə vacibdir ki, qaz məhlulu təxminən 80 dərəcə temperaturla quyudan çıxır və platformadan dənizin içi ilə uzanan kəmərə ötürülür. Suyun temperaturu isə 5-10 dərəcə arasında olur, nəticədə məhlulun içində olan parafinli elementlər soyuyaraq, kəmərin divarlarına yapışır. Zaman-zaman divar qalınlaşır və ötürücülük imkanlarına mənfi təsir edir. Ona görə, borunun içinə xüsusi qurğu daxil edilir və həmin aparat onun içini təmizləyə-təmizləyə Səngəçaldan çıxır. Kəmərin vəziyyətindən asılı olaraq, ildə bir-iki dəfə həmin qurğu vasitəsi ilə boruların içini təmizləyirlər”.

Problemin səbəblərinə gəlincə, İlham Şaban deyib ki, indi həmin qurğu hansısa səbəbdən kəmərin içərisində qalıb: “Ən pis variant odur ki, bu zaman qurğunun ilişib qaldığı borunu kəsirlər, aparatı çıxarırlar, yenidən qaynaq edirlər. Bununla da məsələ bitir. Bu, dünya təcrübəsində olan hadisədir. İndi diaqnostika edən zaman məlum olub ki, borunu kəsməyə ehtiyac yoxdur. Ona kimyəvi məhlullar vurub hidratı yumşaltmaq, nəticədə təzyiqi ehmalca artırmaqla qurğunu Səngəçal terminalına gətirib çıxarmaq olar. Hazırda bu proses gedir”. 

“Proses nə zaman bitəcək, nəyə görə, dəqiq zaman deyə bilmirlər?” sualına ekspert belə cavab verib: “İnfrastrukturda çox şey bir-birinə bağlıdır. Mən çalışacam bunu daha anlaşıqlı izah edim. Məsələn, Yasamaldan üzü Karl Marks dairəsinə gedərkən maşın tunelə giri və beləliklə, 4 zolaqlı yol iki zolaqlı yola çevrilir və nəticədə tıxac yaranır. Amma tuneli çıxıb 100-150 metr getdikdən sonra görürsən, yol boşdur. Borunun içində də vəziyyət təxminən belə ola bilər. Qurğu həmin məsafəni 2 günə də, 2 saata da gələ bilər, yəni vəziyyətdən asılıdır”. 

Rusiyadan qeyri-rəsmi şəkildə qazın alınıb Avropaya satılması, ikitərəfli münasibətlərdə yaranan gərginlik səbəbindən tranzitin dayanması barədə iddialara gəlincə, İlham Şaban onları əsassız sayır: 

“Biz Rusiyadan, kiçik həcmdə də olsa, qaz alırıq. Ötən il Türkmənistandan da qaz gəlib, ümumilikdə həcm 600 milyon kub metrə yaxındır. Amma Azərbaycanın ötən il qaz ixracı 25 milyard kubmetr olub. Rusiya qazının “Şahdəniz” qazına birbaşa və ya dolayı təsiri yoxdur”. 

Bu hadisə Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı imicini zədələyə bilərmi? İlham Şaban Prezident Vuçiçin ikinci bəyanatına diqqət etməyi tövsiyə edir. “Prezidentin açıqlamasında neqativlik yox, pozitivlik var. O deyib ki, Azərbaycandakı tərəfdaşları problemin tezliklə yoluna qoyulacağını bildiriblər”, - ekspert yekunlaşdırıb.  

Turqut