Logo
news content
User
Kateqoriyalar

Analitika

Qeyri-şəffaflığa məcburetmə əməliyyatı
Rəqəmsal ödənişlərə limit qoyulması nəyə gətirib çıxara bilər?

1 avqust 2026-cı il tarixindən etibarən Azərbaycanın bank sektorunda rəqəmsal ödənişlərin şəffaflığının artırılması, dələduzluq hallarının, vergidən yayınmanın və qanunsuz mərc oyunlarının qarşısının alınması məqsədilə ödəniş kartları və elektron cüzdanlar üzrə yeni limitlər tətbiq olunmağa başlayıb.

Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyasının birgə əldə etdiyi razılıq çərçivəsində hazırlanan yeni şərtlər ölkədəki maliyyə institutlarına təqdim edilib. Yenilənmiş qaydalara əsasən, fərdi şəxslərin kartdan-karta ("card-to-card") əməliyyatlarına aşağıdakı məhdudiyyətlər şamil edilir:

Gündəlik maksimum 5 dəfə köçürmə və 5 dəfə mədaxil (vəsait qəbulu) aparmaq mümkündür. Gündəlik köçürmə məbləğinə hər hansı limit qoyulmur;

Kartdan karta köçürmə və karta daxil olan vəsaitlər üzrə aylıq ümumi maksimum limit 20 000 manat təyin edilib;

Köçürmə edərkən təyinatın seçilməsi ("Mal alışı", "Xidmət alışı" və ya "Şəxsi köçürmə") tələb olunacaq. "Şəxsi köçürmə" seçildikdə minimum 10 simvoldan ibarət izahat yazılması məcburi olacaq.

Müştərinin öz kartları arasında köçürmələri, yaxın qohumların kartlarına/kartlarından edilən ödənişlər, eləcə də rəsmi sahibkarlıq hesablarına bağlı olan kart əməliyyatları bu məhdudiyyətlərə daxil edilməyə bilər.

Təkcə əməliyyatlara deyil, fiziki şəxslərə məxsus aktiv kart və elektron cüzdan sayı üzrə də yeni çərçivə müəyyənləşib:

Milli valyutada olan kartlarda hər məhsul növü üzrə maksimum 1 kart limiti müəyyən edilir. Əməkhaqqı, pensiya, sosial müavinət, depozit və onlayn ödəniş kartları bu limitdən istisnadır.

Xarici valyutada olan kartlara gəlincə, hər bir xarici valyuta üzrə hər məhsula 1 kart limiti tətbiq olunur.

Milli valyutada maksimum 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdan istifadəsinə icazə verilir.

Yenilənmiş qaydalar rəsmi olaraq rəqəmsal ödənişlərin şəffaflaşdırılmasına xidmət etsə də, ekspertlər qərarın ciddi iqtisadi fəsadlar doğuracağını bildirirlər.

Bank sektoru üzrə hüquqşünas, iqtisadçı Əkrəm Həsənov tətbiq edilən bu qadağaların hüquqi tərəfləri və real iqtisadi nəticələri barədə fikirlərini bölüşüb. O, bildirib ki, qərarın arxasındakı məqsədin səmimi olduğuna inansa da, seçilən metod bazar iqtisadiyyatına tamamilə ziddir:

"Sivil ölkələrdə, uzağa getməyək, elə qonşumuz Gürcüstanda, bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq vasitəsilə nail olunur. Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini mənbəyi ilə bərabər bəyan edir. Buna görə də kartdan-karta yolu ilə ona daxil olmuş vəsaitlərlə bəyan etdiyi gəlirlər arasında fərq olduğu halda vətəndaş məsuliyyətə cəlb olunur (vergi və s.). Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan etmir, halbuki 2005-ci ildən bunu tələb edən qanunumuz var. Buna görə də bizdə çirkli pulların yuyulmasına qarşı mübarizə işlək deyil. Vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ev alanda, yaxud başqasına pul köçürəndə ona qarşı hər hansı irad irəli sürülə bilməz. Vəsaitin mənbəyini soruşsanız, istədiyi cavabı verə bilər. Məsələn, deyə bilər ki, 'babamdan qalıb!' Sivil ölkələrdə isə vətəndaş bu cavabı verə bilməz, çünki hər il əmlakı və gəlirləri barədə bəyanat verir".

İqtisadçı tətbiq olunan məhdudiyyətlərin pərdəarxası məqamlarına toxunaraq qeyd edib ki, əsas problem gəlirlərin bəyan edilməməsindən qaynaqlanır:

"Beləliklə, hazırda tətbiq olunmuş limitin, habelə illər öncə tətbiq edilməyə başlamış xarici valyuta alışına illik 20.000 manatlıq limitin bir səbəbi var. Məmurlarımız 'qara' qaydada işləməyə davam etmək istədikləri üçün sıravi vətəndaşları 'ağ' maliyyə qaydalarına alışdırmaq üçün primitiv və kobud alətlərdən istifadə edirlər. Təsadüfi deyil ki, bunun üçün seçilmiş yolun özü də bazar iqtisadiyyatı ruhuna uyğun deyil. Necə yəni Mərkəzi Bank banklarla razılıq əldə edib? Yəni banklar könüllü olaraq öz üzərlərinə məhdudiyyət qoyublar? Necə ki, valyuta alışına illik 20.000 manatlıq limiti də guya banklarımız könüllü tətbiq edib. Hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq məhdudiyyəti tətbiq edər ki?.. Normal bazar iqtisadiyyatı şəraitində bu cür məhdudiyyətləri, xüsusilə vətəndaşlara aid olan məhdudiyyətləri kommersiya qurumları müəyyən etmir, dövlət müəyyən edir. Buna görə də normal şəraitdə bu limitlər qanunda təsbit olunmalı idi".

Ə.Həsənov vurğulayıb ki, bu limitlər sıravi əhalinin gündəlik həyatına ciddi təsir etməsə də, kölgə iqtisadiyyatını daha da dərinləşdirəcək və insanları nağd pul dövriyyəsinə sövq edəcək:

"Əlbəttə ki, bu limitlər əhalinin əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Onların nə aylıq 20.000 manatlıq pulu var, nə də gündə 5 dəfə kiməsə köçürmə etmək zərurəti və imkanı. Əksər hallarda bu limitlər həqiqətən də vergidən yayınmaq istəyənlər üçün müəyyən narahatlıq yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən pulu hər dəfə kartına ala bilməyəcək. Lakin problemi qismən başqa yolla həll edə bilər: limitdən yuxarı pul onun yaxınlarının (ailə üzvlərinin, dostlarının və s.) kartına köçürülə bilər. Ən əsası isə pulu sadəcə nağd ala bilər, vəssalam! Və ən mənfisi də budur. Dövlət özü insanları nağd ödənişlərə qayıtmağa təşviq edir. İndiki halda dövlət heç olmasa nağdsız ödənişləri görürdü. Bundan sonra isə limitdən yuxarı ödənişlər sadəcə nağd ediləcək və dövlət onları görməyəcək. Bunumu istəyirik? Bumu bizə lazımdır?.."

Ekspertin fikrincə, mövcud qaydalar leqal pul dövriyyəsi olan vicdanlı şəxslərin də işini çətinləşdirir: "Ən əsası isə bu limitlər vicdanlı vətəndaşların hüquqlarının pozulmasıdır. Məsələn, tutaq ki, mənə bu ay hansısa şəxs 25.000 manat borcunu ödəməlidir. Niyə bunu kartdan karta edə bilməz? Nədir-nədir, 20000 manatlıq aylıq limit var? Sivil ölkədə bu ödənişi etməkdə problem olmamalıdır. Sadəcə dövlət vəsaitin mənbəyi və əsl səbəb ilə maraqlana bilər. Hər kəsin gəlir bəyannaməsi olan ölkədə bunu araşdırmaq elə də çətin deyil. Lakin bizdə kölgə iqtisadiyyatı ilk növbədə elə məmurların gəlirinin qeyri-şəffaf olmasına söykəndiyi üçün bu cür nəzarət mümkünsüzdür. Qeyri-şəffaf insanlar bizə şəffaflıq dərsi keçir. Nəticədə isə sadəcə nağd dövriyyə artacaq...”

Turqut