Logo
news content
User
Kateqoriyalar

Analitika

Qeyri-insani rəftara yol vermiş polislər cəzalandırılacaqmı?

Bakıda - Yeni Yasamal, Dadaş Bünyadzadə 15 ünvanında polislərə zibil atmaqda ittiham olunan sakinlərin yataqdan geyimsiz aparılması, döyülməsi, təhqir olunması ilə əlaqədar müxtəlif dövlət orqanlarına şikayətlər göndərilib. Həbs olunanların ailə üzvləri məktublarında yaxınların azadlığa buraxılmasıyla yanaşı, həm də polis əməkdaşlarının cəzalandırılmasını tələb edir.

Həyat yoldaşı həbs olunan Lalə Mahmudova Yasamal rayonunun prokuroru İlqar Abbasova müraciətində yazıb ki, onun həyat yoldaşını 8 yaşında oğlunun gözü qarşısında döyüblər, təhqir ediblər. İyunun 8-də baş verənlər bütövlükdə ailəsinə zərbə vurub:

“Yoldaşımı döyə-döyə aparanda arxalarınca qaçıb, başımdakı örtüyü açaraq göstərdim ki, onkoloji xəstəyəm. Bu evə ondan başqa çörək gətirən yoxdur. Məni itələdilər, dedilər ki, cəhənnəm ol. Atasını evdə yerə yıxıb təpikləyəndə uşağın “ata” qışqırığı qulağımdan getmir. Uşaq da o vaxtdan özünə gələ bilmir...”

L.Mahmudova həyat yoldaşının azadlığa buraxılmasını, həmin polislərin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Həbs olunan iki qardaşdan biri – Kərim Süleymanlı bir gün sonra buraxılıb. Onun sifətində və bədənində çoxlu sayda göyərmələr, qançırlar aşkar görünür. Qardaşı Elvin yataqdan aparılarkən polislərdən ona geyinməyə imkan verilməsini istədiyi üçün özünün də həbs olunduğunu deyən K.Süleymanlının sözlərinə görə, onu Yasamal rayonu, 29-cu polis bölməsində 5 saata yaxın döyüblər. Azadlığa buraxılandan sonra 1 saylı Kliniki Tibbi Mərkəzdə müayinədən keçən K.Süleymanlının xəsarət aldığı həkim rəyi ilə də təsdiqlənib.

“Həkimin rəyində Kərim Süleymanlının bədəni və sifətinin müxtəlif yerlərində xəsarət olduğu göstərilib. Bu rəyi də əlavə edib, prokurorluğa şikayət vermişik. İşgəncə şikayətimizin araşdırılmasını istəyirik”, - deyə K.Süleymanlının vəkili Cavad Cavadov “Press Klub”a bildirdi.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə deyir ki, K.Süleymanlının üzərindəki xəsarətlər döyülmənin nəticəsi deyil, polisə müqavimət göstərəndə yaranıb: “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik.”

Hüquqşünas Emin Abbasov məsələni “Press Klub”a şərh edərkən yada saldı ki, istər Azərbaycanın Konstitusiyası, istərsə də ölkənin qoşulduğu beynəlxalq konvensiyalarda işgəncə, qeyri-insani rəftar, insan ləyaqətini alçaldan davranış qadağan olunub. Bu cür davranışlara məruz qalmamaq hüququ da mütləq hüquqdur. Yəni bu hüququn pozulmasına heç bir səbəblə haqq qazandırıla bilməz. Hüquqşünas qeyd etdi ki, qanunvericilik bir sıra zəruri və təxirəsalınmaz hallarda (cinayətlərin qarşısının alınması, cəza çəkən şəxslərin mühafizəsi və s.) hüquq-mühafizə orqanlarına müəyyən güc tətbiqinə imkan verir:

“Lakin bu, adekvat güc tətbiqi olmalıdır. Adekvat olmayanda, işgəncə, qeyri-insani rəftar dərəcəsinə çatır, hüquq pozuntusuna səbəb olur. Bu əmələ yol verənlər də qanunvericiliyə uyğun olaraq, hüquqi təqibə məruz qalmalıdır. İşgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa yol verən şəxslər qanunvericiliyə uyğun cəzalanmalıdır”.

E.Abbasovun sözlərinə görə, qeyri-insani rəftar, insan ləyaqətini alçaldan davranışlar daha çox qeyri-adekvat planlanmış polis əməliyyatlarında müşahidə olunur. Məsələn, yaşayış yerinə, iddia edilən hüquq pozuntusuna uyğun olmayan polis əməliyyatlarına xüsusi texnika, ayrıca təlim görmüş şəxslərin cəlb olunması da qeyri-adekvat hesab olunur və bir çox hallarda insan ləyaqətini alçaldan rəftara bərabər tutulur:

“Yeni Yasamaldakı olaylara gəlincə, hətta güman etsək ki, oradakı sakinlərin əməlində inzibati xəta ola, polisin həbsləri həyata keçirməsinə maneçilik törədilə bilər, yenə də onlara qarşı davranış adekvat deyildi. Ora cəlb edilmiş polislərin sayı, səhər tezdən ailə üzvlərinin, xüsusən uşaqların qarşısında o şəkildə saxlanılması, başqalarının gözü önündə acizlik, qorxu, alçaldılma hissini oyadan hərəkətlər, paltar geyinməyə imkan verilməməsi... Bunlar birmənalı şəkildə insan ləyaqətini alçaldan, pis rəftar hesab olunur. Həmin videogörüntüləri təhlil edəndə baş verənlərə başqa cür qiymət vermək mümkün deyil.”

Hüquqşünas Azərbaycanda işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzaya görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 293-cü maddəsini yada salır. Xidməti vəzifəsini yerinə yetirən vəzifəli şəxs tərəfindən, yaxud onun təhriki, razılığı ilə, hətta xəbərdar olduğu halda, işgəncə verilməsinə görə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İşgəncə nəticəsində şəxsə az ağır və ya ağır xəsarət yetirilirsə, bu halda, cəzanın müddəti də artır – 6 ildən 11 ilə qədər. E.Abbasov bildirdi ki, Azərbaycanda işgəncənin qarşısını almaq üçün bu maddədən effektiv istifadə olunmur:

“İşgəncə hallarının araşdırılması, onların hüquqi təqibi ilə bağlı ciddi problem var. İşgəncə, qeyri-insani, ləyaqəti alçaldan raftar və cəzaya qarşı Avropa Komitəsi də Azərbaycanda bununla bağlı ciddi problemlərin olduğunu dəfələrlə vurğulayıb. Cinayət Məcəlləsinin 293-cü mddəsi ilə çıxarılan hökmlər barədə məndə konkret məlumat yoxdur. Amma Azərbaycanın beynəlxalq təşkilatlara, o cümlədən BMT orqanlarına təqdim etdiyi hesabatlardan görünür ki, bu əmələ görə cəzalananların sayı kifayət qədər az saydadır. Bu da deməyə əsas verir ki, həmin maddədən işgəncə, pis rəftara qarşı bir vasitə kimi effektiv şəkildə istifadə olunmur. Avropa Komitəsinin hesabatlarında açıq şəkildə qeyd olunur ki, Azərbaycanda hüquq-mühafizə sistemində işgəncə, pis rəftar və cəzasızlıq mühiti sistemik və endemik olaraq qalmaqdadır. Yəni bu, struktural və sistemli problemdir. Bir polis əməkdaşının işdən çıxarılması, onun intizam məsuliyyətinə cəlb olunması vəziyyəti düzəltməyəcək, sistemli həll olmalıdır. Bunun üçün də müstəqil məhkəmə, preventiv mexanizmlər, polis orqanlarının üzərində güclü vətəndaş cəmiyyətinin nəzarəti, azad media olmalıdır. Azad mühit olmasa, bu cür halların qarşısını almaq mümkün olmayacaq.”

Gülər