Logo
news content
User
Kateqoriyalar

Analitika

Qərar verilib: prosesi Minsk Qrupu aparacaq
Status məsələsi gündəlikdə yoxdur, Azərbaycan əsas hədəflərinə nail ola biləcəkmi?

ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılıq əldə edilib. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib. O, əlavə edib ki, həmsədrlərin regiona səfəri planlaşdırılır, lakin tarix hələ məlum deyil. Mirzoyan bu kontekstdə azərbaycanlı həmkarı ilə görüşə razılıq verdiyini açıqlayıb: "Yeni görüşlə bağlı razılıq əldə edilib və o, planlaşdırılır".

A.Mirzoyan vurğulayıb ki, Ermənistan Minsk Qrupu çərçivəsində sülh danışıqlarının bərpasını alqışlayır. Onun sözlərinə görə, İrəvan münaqişənin yalnız bu formatda, sülh danışıqları və ümumi qəbul edilmiş prinsiplər əsasında həllini düşünür. Nazir əlavə edib ki, azərbaycanlı həmkarı və Minsk Qrupu həmsədrləri ilə Nyu-Yorkda keçirilən görüşdə humanitar məsələlər, xüsusən də erməni hərbi əsirlərin azad edilməsi, itkinlərin taleyinin aydınlaşdırılması ilə bağlı konkret razılaşmalar əldə olunub. Bundan başqa, Azərbaycanın nəzarətinə keçən ərazilərdə qalan erməni tarixi abidələrinə pulsuz giriş məsələsi ilə bağlı da fikir mübadiləsi olub.

Fransanın Ermənistana yeni təyin edilmiş səfiri Ann Luyo isə dünən jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağa dair böyük sülh razılaşması üzərində işləyirlər. Səfir təfərrüatları açıqlamayıb, amma deyib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağa dair uzunmüddətli razılaşmanın əldə edilməsi üzərində işi davam etdirir. Onun sözlərinə görə, prosesdə Minsk Qrupunun hər üç həmsədr ölkələrinin iştirakı vacibdir.

“Bilirsiniz, mən burada, Ermənistandayam, ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Amma mənim həmkarım var - Stefan Viskonti, o Fransanın Minsk Qrupunda numayəndəsidir. Mən sizə bunu deyə bilərəm ki, Nyu-Yorkda xarici işlər nazirlərinin görüşündə irəliləyiş əldə olunub, biz Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə məmnuniyyətlə iki nazirin görüşünü təşkil etdik. Ümid edirik ki, buna bənzər başqa qərarlar da olacaq. Və mən sizi əmin edə bilərəm ki, rusiyalı və amerikalı həmkarlarımızla birlikdə Qarabağa dair daha uzunmüddətli razılaşmanın əldə edilməsinə hədəflənmiş prosesin irəli aparılması üzərində işləyirik”, - diplomat deyib.

Bəs Minsk Qrupunun fəallaşmasını gözləmək olarmı? Jurnalistlərin bu sualına səfir belə cavab verib: “Minsk Qrupu artıq Nyu-Yorkda fəallaşıb, bayaq mən dediyim kimi. Biz tək deyilik. Mən hesab edirəm ki, Ermənistan və Azərbaycan da irəliyə hərəkət etməlidir”.

Azərbaycandan səsləndirilən bəyanatlar da iki həmsədrlərin vasitəçiliyi ilə başlayan yeni proses haqında pozitiv düşünməyə əsas verir. 

Bir gün əvvəl Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, deputat Zahid Oruc azərbaycanlıların və ermənilərin Qarabağın dağlıq rayonlarında yenə də birlikdə dinc yaşayışını təmin etmək üçün prezident İlham Əliyevin dövlət proqramı imzalayacağının gözlənildiyini bildirib. O deyib ki, 10 noyabr atəşkəs bəyanatı Azərbaycan və Ermənistan üzərinə məcburi köçkünlərin öz evlərinə qayıtması ilə bağlı öhdəlik qoyur və elə imzalanması gözlənən dövlət proqramı da həmin bəyanat əsasında hazırlanıb:

“Amma bütün bunları hamısı- ermənilərin Azərbaycanın vətəndaşlığını qəbul etməsi və birgəyaşayışın üzərində məsələ, inteqrasiya və birgəyaşayış kimi nəzərdə tutulub. Yəni, son olaraq dövlətin siyasi sənədi kimi ölkə rəhbərliyi tərəfindən imzalanacaq sənədin adı fərqli ola bilər, amma hazırkı dövr konseptual sənəd dediyimiz səpgidə işlənib və bir çox peşəkar mütəxəssislər ora cəlb olunub”.

Deputat deyib ki, Qarabağdakı ermənilər arasında Azərbaycana qarşı neqativ münasibətin müharibədən sonra da eyni səviyyədə qalıb-qalmadağını demək çətindir. O, ümid edir ki, ötən bir ildə münasibətlərdə dəyişiklik var. Zahid Oruc hesab edir ki, ordakı rejimin separatçılıq cəhdlərinin davam etməsinin qarşısını almaq mümkün olacaq:

“Bunlar əlbəttə ki, Azərbaycan Konstitusiyasına ziddir. Ancaq bunu Azərbaycan tankla, topla, dronlarla deyil, sırf siyasi vasitələrlə həll edəcək. Beynəlxalq hüquqda hər məsələ güclə həll olunmur”.

Beləliklə, Nyu-Yorkda start götürən, Minsk Qrupunun vasitəçiliyi ilə  başalayan Azərbaycan-Ermənistan danışıqları intensivləşəcək. Görünür, tərəflər arasında müzakirə olunacaq mövzuların əsas hissəsi ilə bağlı razılaşma əldə olunub. A.Mirzoyan onlar barədə danışıb, amma Ermənistanın israrlı olduğu Qarabağ ermənilərinin statusu məsələsinə toxunmayıb. Qeyd edək ki, rəsmi Bakı müharibə bitdikdən sonra Qarabağ ermənilərinə hər hansı status verilməyəcəyini, bu məsələnin heç bir halda danışıqlar predmeti olmayacağını bəyan edib. Bunun əvəzində Azərbaycan erməni əhali ilə birgəyaşayışı təmin edəcək dövlət proqramını açıqlayacaq. Danışıqların intensivləşdidiyi mərhələdə Bakının bu addımı düşünülmüş siyasi gedişdir. Azərbaycan rəhbərliyi Qarabağın erməni əhalinin bütün hüquqlarının təmin olunacağını vəd etməklə masada əlini gücləndirməyə çalışacaq. 

Həmsədrlərin Azərbaycan və Ermənistan arasında qalan problemlərin həlli ilə bağlı vasitəçilik etməsi də Bakının əsas təkliflərindən biridir. Fransa səfiri qeyd edib ki, vasitəçilər böyük sülh sazişi üzərində çalşırlar. Bu açıqlama da bundan sonra müzakirələrin əhatə dairəsinə işıq salır. Bəs proses nə dərəcə uğurlu olacaq, Azərbaycan hədəflərinə nail ola biləcəkmi?       

Siyasi təhlilçi Ramiz Yunus hesab edir ki, Minsk Qrupunun Azərbaycanla Ermənistan arasında danışıqlar formatının yenidən canlandırılması yalnız Türkiyənin həmsədr olaraq bu prosesdə iştirakı ilə mümkündür: "Çünki İkinci Qarabağ müharibəsi ABŞ, Fransa və Rusiya həmsədrlərin açıq şəkildə Ermənistanın tərəfində göstərdi və buna görə də Azərbaycan bu mövqeyi qətiyyətlə müdafiə etməlidir. Əks təqdirdə, 30 il əvvəl olduğu kimi, bu danışıqların heç bir mənası olmayacaq. Kiminsə xoşuna gəlib -gəlməməsindən asılı olmayaraq, bölgədəki status -kvo dəyişibsə, deməli, danışıqların formatı da dəyişməlidir".

Turqut