Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağda Rusiya-Azərbaycan qarşıdurması
Bakı istənilən halda zərbə endirəcək; hansı ssenarilər mümkündür?

Azərbaycan Qarabağın tam silahsızlaşdırılmasını tələb edir. Moskva ilə Bakı arasında açıq təzahür edən gərginliyin əsas səbəbi budur. 2020-ci il 10 noyabr razılaşmasının əsas şərtlərindən biri bununla bağlıdır - erməni silahlı qüvvələri işğal edilmiş ərazilərdən çıxarılmalıdır. 3 ilə yaxın vaxt ötüb, amma tələb yerinə yetirilməyib. 

Azərbaycanın Qarabağın silahsızlaşdırılması tələbini bilavasitə Kremlə ünvanlanmayıb, Ermənistan rəhbərliyinin qarşısında qoyub. Bunun iki səbəbi var. 

Əvvəla, Rusiya Qarabağdakı erməni silahlılarının tərk-silah edilməsinin qarşılığında Azərbaycandan Rusiya sülhməramlılarının mandatının parlament səviyyəsində təsdiqlənməsini, habelə onların fəaliyyəti üçün Bakıdan əlavə təminatlar istəyir. Azərbaycan rəhbərliyi Moskva ilə belə bir müzakirə açmaq niyyətində deyil. Çünki bu, bölgədə Azərbaycanın suverenliyinin təmin olunmasına, reinteqrasiya prosesinə təminat vermir. Əksinə, Qarabağın dağlıq hissəsinin hələ uzun müddət de-fakto Rusiyanın protektoratlığında qalması deməkdir. Müharibədən sonrakı təcrübə, habelə Rusiyanın separatizmi dəstəklədiyi başqa bölgələrdə ərazilərin qoparılması üçün ortaya qoyduğu fəaliyyət Bakını çəkindirir. 

İkincisi, Qarabağın silahsızlaşdırılmasının Ermənistandan tələb edilməsi məntiqlidir. Bölgədəki silahlı dəstələrdə xidmət edənlərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır, habelə onların malik olduqları ağır texnika, artilleriya və s. vasitələr Ermənistan Müdafiə Nazirliyinin balansındadır. Hərbçilərin maaşları və başqa təminatları da Ermənistanın hesabına ödənilir.

Çox güman, Vaşinqton danışıqlarında Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü başlıca şərt Qarabağdakı silahlı qüvvələrin ləğv olunması ilə bağlıdır. Paşinyan hökuməti onların üzərində təsirini inkar edir və nəticədə sülh danışıqları dalana dirənir. Amma Vaşinqtonun mövqeyi Azərbaycanla üst-üstə düşür, bu günlərdə ABŞ-ın İrəvandakı səfirinin “Qarabağ Azərbaycanın tərkibində olmalıdır” bəyanatı bunun təzahürüdür.

Rusiya Bakını Qarabağın silahsızlaşdırılması hədəfindən çəkindirmək üçün sistemli fəaliyyət həyata keçirir. 

Birincisi, bölgədə təxribatçı hərəkətlərlə (sərhəddə Azərbaycan bayrağının qoparılıb yerə atılması, erməni silahlı dəstələrinin mövqelərimizi atəşə tutması və s.) vəziyyəti gərginləşdirir;

İkincisi, Ermənistan hakimiyyətinə ciddi təzyiqlər edir, bəzən bu, açıq bəyanatlarda əks etdirilir;

Üçüncüsü, Ermənistan daxilindəki yumşaq gücdən maksimum istifadə edir. Müxalifəti, Qarabağla bağlı keçmiş hərbi-siyasi elitanı, media resurslarını səfərbər edir. Bu qüvvələrin son günlərdəki fəaliyyətinə baxdıqda “rus izi” aydın şəkildə görünür;

Dördüncüsü, Azərbaycana diplomatik və siyasi təzyiqlər etməyə cəhd göstərir. Ötən həftə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanı Laçın yolunu boşaltmağa çağırması, xarici işlər naziri Ceyhun Bayramovun ona sərt cavabı bu gərginliyin təzahürlərindən biridir. 

Bakı ilə Moskva arasında gəriginliyin daha da artacağı gözlənilir. Çünki Azərbaycan nəyin bahasına olursa-olsun Qarabağdakı silahlı dəstələri neytrallaşdırmaq niyyətindədir. Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü zamanı Paşinyan bu dəstələrin ləğvi ilə bağlı üzərinə konkret zaman kəsiyi üçün öhdəliklər götürməsə, Bakı zərbələr endirəcək. 

Ermənistan rəhbərliyi nə edə bilər?

Qarabağdakı qanunsuz silahlı dəstələrdə xidmət edən Ermənistan vətəndaşlarının geri çağırılması;

Onların xidmətində olan ağır hərbi texnika və artilleriya vasitələrinin Ermənistana qaytarılması;

Qarabağa büdcədən ayrılan vəsaitlər üzrə tranşların dayandırılması.

Bu, Ermənistan rəhbərliyinin bölgədə həqiqi sülh istədiyini göstərməklə yanaşı, erməni millətindən olan yüzlərlə, bəlkə də minlərlə hərbçinin həyatının qorunması deməkdir. Paşinyan bu addımı atmaqla problemin Rusiya-Azərbaycan müstəvisinə itələnməsinə də şərait yarada bilər.

Birmənalı şəkildə aydındır ki, Qərb Azərbaycanın öz daxilində separatçı rejimin və onun silahlı dəstələrinin neytrallaşdırmasına görə Bakıya ciddi təzyiq etməyəcək. Çünki bu qüvvələr bölgədəki ermənidilli əhalinin qorunmasını yox, Rusiyanın nüfuzunu təmsil edir. Qərbin əsas hədəfi isə Rusiyanın Cənubi Qafqazı tərk etməsidir, bunu həm Vaşinqtonda, Brüsseldə, həm də Moskvada bəyan ediblər. 

Bəs problemin Rusiya-Azərbaycan müstəvisində həlli perspektivi varmı? 

Kremlin bölgədəki təxribatları, Azərbaycana qarşı sərt ritorika göstərir ki, diplomatik-siyasi imkanlar indiki mərhələdə yoxdur. Üstəlik, son günlər Rusiya-Türkiyə münasibətlərində baş verən ziddiyyətlər müzakirə atmosferini aradan qaldırıb. Moskva Ərdoğan hakimiyyətinin Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməsinə, İsveçin hərbi ittifaqa qəbuluna yaşıl işıq yandırmasına, habelə “Azov” döyüşçülərini Kiyevə göndərməsinə qəzəblidir. Bu qəzəbin Türkiyənin Qafqazdakı müttəfiqi ilə münasibətlərinə sirayət etməsi qaçılmazdır. 

Nə baş verə bilər?

Azərbaycan Qarabağdakı separatçı rejimin qüvvələrinə zərbə endirmək üçün bir müddət gözləyir və fürsət gözləyir;

Qarabağdakı qanunsuz hərbi dəstələrə havadan və artilleriyadan zərbələr endirilir və daha sonra tərk-silah olmaq üçün vaxt verilir;

Rusiya Azərbaycana qarşı müqavimət təşkil etməyə çalışır, nəticədə genişmiqyaslı hərbi əməliyyatlar başlayır, Türkiyə prosesə müdaxilə edir. Qərb ölkələri təcili danışıqlara başlayır və Qarabağdakı silahlı dəstələrin bölgədən çıxarılması razılaşdırılır...

Bunlar hazırda əldə olan məlumatlar əsasında ortaya çıxan ehtimallardır. Reallığın bu ehtimallara nə qədər uyğun olacağı diplomatlarımızın qabiliyyətindən və bölgədə güc sahibi olmaq istəyənlərin bacarıqlarından asılı olacaq...

Turqut